Hərtərəfli yeniləşmənin önündə gedən partiya

Bu gün ümumxalq partiyası kimi səciyyələndirilən Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi ölkə daxilində və xaricində baş verən qlobal ictimai-siyasi proseslər nəticəsində və xalqın sosial sifarişindən meydana çıxan bir partiyadır. Şübhəsiz ki, o dövrdə baş verən hadisələr ölkədə yeni siyasi sistemin formalaşmasını şərtləndirmişdi.
1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində başlayan proseslər elə bir mərhələyə qədəm qoymuşdu ki, artıq 1991-ci ildə nəhəng Sovet imperiyası çökməyə məhkum edildi. Bu çöküş özü ilə bərabər 70 ildən çox bir dövrdə Sovet cəmiyyəti kimi xarakterizə olunan bir cəmiyyətin əldə etdiyi dəyərləri də çökdürdü. Eyni zamanda, həmin rejimə xas olan özünəməxsus siyasi sistem dağıldı. Belə olan halda, Sovet məkanında yeni aktorlar meydana çıxdı.
Müstəqiliyin ilk ilində ölkədəki siyasi qruplaşmaların heç biri Azərbaycan xalqı tərəfindən dəstəklənmir və xalqın maraqlarına cavab verən kütləvi təşkilata çevrilə bilmirdi. YAP belə bir mürəkkəb dövrdə yaranmağa başladı. O dövrdə ölkədə mürəkkəb və qaranlıq bir siyasi mənzərə var idi və siyasi üfüqlər olduqca dumanlı idi. Buna görə də, hansı addımların atılması məsələsi də olduqca çətin idi. Məhz belə bir şəraitdə ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabından sonra partiya yaratmaq fikrini bildirməsi Azərbaycanın siyasi üfüqlərində doğacaq günəşin ilkin şəfəqləri idi.
1992-ci il noyabr ayının 21-də YAP ən müxtəlif təzyiqlər altında Naxçıvanda yaradıldı. Bu təzyiqlər həm ölkə daxilindəki ayrı-ayrı siyasi qrupların, həm də Azərbaycandan kənarda fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin təzyiqləri idi. Onlar bilirdilər ki, əgər Heydər Əliyev partiya yaradırsa, yenidən Azərbaycanın geniş mənada siyasi həyatına qayıdırsa, artıq onların Dağlıq Qarabağla, ölkənin etnik-siyasi mənzərəsinin dəyişdirilməsi, Azərbaycan neftinin yenidən istismar olunması ilə bağlı planları baş tutmaya bilər.
Doğrudan da, zaman göstərdi ki, Heydər Əliyev hakimiyyətə gələr-gəlməz ölkənin bölünməsi ilə bağlı bütün xarici planların qarşısını aldı, Azərbaycanı vassal, yaxud formal müstəqil ölkə olmaq vəziyyətindən çıxara bildi. 2020-ci ildə isə məhz strateji əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müstəqil Azərbaycan dövləti tarixi zəfərə imza ataraq öz ərazi bütövlüyünü bərpa etdi.
Müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının bütün sosial zümrələrini, etnik, siyasi təbəqələrini birləşdirəcək ümumi bir formulaya ehtiyac var idi. O dövrdə dahi şəxsiyyət, mahir natiq Heydər Əliyev belə bir tezis irəli sürdü: Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir. Bu tezis Azərbaycanın bütün sosial və etnik zümrələri tərəfindən mənimsənildi. Müstəqil Azərbaycan dövləti Azərbaycanda yaşayan hər bir Azərbaycan vətəndaşının sərvəti kimi qiymətləndirildi, xarakterizə olundu.
Ulu öndərin strateji xəttinə uyğun olaraq Azərbaycanda demokratik əsasda yeni intellektual cəmiyyət formalaşmağa başladı. Bu, uzun illər boyu ziyalıları repressiyalara məruz qalmış bir xalqın siyasi tarixində yeni mərhələ idi. Baş verən yeni keyfiyyət dəyişikliklərindən narahat olan, daxili və xarici təzyiq qrupları artıq Heydər Əliyev faktı ilə üz-üzə qalmışdı, onların bütün planları pozulmuşdu.
Həmin dövrdə Heydər Əliyev tərəfindən başqa bir tezis irəli sürüldü. Bu tezis bir cümlədən ibarət olsa da, Azərbaycanın bütün siyasi reallığını özündə ehtiva etdirdi: Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Azərbaycan 1991-ci ildə formal müstəqillik əldə etmişdi, ancaq müstəqilliyin qeyri-formal olması üçün, həqiqətən də müstəqil siyasət yeritməsi üçün olduqca ciddi problemlər var idi. Ona görə də, bu şüar tamamilə yerində səslənmiş siyasi tezis idi.
YAP yaradılmasının ilkin mərhələsindən başlayaraq ümumxalq partiyası kimi qəbul edilmişdi. Çünki xalqın milli-etnik kimliyindən, sosial statusundan asılı olmayaraq, bütün təbəqələri həvəslə bu partiyaya qoşulurdu. O dövrdə ulu öndər Heydər Əliyev daha bir məşhur siyasi tezis ilə çıxış etdi. Bu tezis Azərbaycan xalqı tərəfindən qısa müddətdə mənimsənildi. Tezis belə idi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu tezisin daxili məzmununu, mahiyyətini təşkil edən əsas siyasi qayə, məqsəd ondan ibarət idi ki, Azərbaycanda etnik kök və dini mənsubiyyət etibarilə ən müxtəlif insanlar yaşaya bilər, ancaq Azərbaycan siyasi coğrafiyasında onların hamısının ümumi adı azərbaycanlıdır, hər biri bərabərhüquqlu Azərbaycan vətəndaşıdır.
Beləliklə, həmin dövrü xarakterizə etsək görərik ki, cəmiyyətin bütün təbəqələri, Azərbaycan xalqının bütün şüurlu vətəndaşları ölkədəki dövlət quruculuğu prosesinə cəlb olundu. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə bu və ya digər səviyyədə tərəqqi baş verdi. Bundan sonrakı mərhələdə isə Azərbaycanın siyasi sistemi haqqında artıq müəyyən fikirlər irəli sürmək mümkün oldu. Bəlli oldu ki, YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu, bu gün də belədir.
Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın milli gücünü artıran strateji faktor kimi çıxış edir. Xüsusilə, ölkəmizdəki siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər mühüm addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını, plüralizmin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib.
YAP-ın keçdiyi dövrə qısa nəzər salsaq görərik ki, bu partiya ən mürəkkəb dövrdə yarandı, sonrakı mərhələlərdə ölkə daxilində sabitləşdirici faktora, bir növ siyasi stabilizatora çevrildi. Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də, siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi. YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni, müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, partiyanın 30 illik yubileyi ərəfəsində tərəddüd etmədən deyə bilərik ki, YAP özü də bir dəyərə çevrildi.
Beləliklə, artıq 30 illiyini qeyd etdəcəyimiz YAP-ın siyasi fəaliyyəti haqqında ümumiləşdirilmiş fikir söyləməyə çalışsaq, ağlımıza gələn ilk fikir belə olar ki, YAP ümumxalq partiyasıdır. Bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət isə, əlbəttə ola bilməz. Keçdiyi siyasi həyat yolunda əldə etdiyi qələbələrlə sübuta yetirib ki, YAP həm də qələbələr partiyasıdır.
YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır.
Həsən Zahidov,
İmişli Rayon Sahibkar.
Tarix: 21-11-2022, 14:18