Xalqa və dövlətə şərəfli xidmət missiyası
Xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. İllərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoyulur. Vətən torpağı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimizin layiqincə davam etdirdiyi uğurlu siyasəti, güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmən tapdağından azad olundu. Qalib xalq olaraq möhtəşəm bir tarixə şahidlik edirik. Bu zəfərin qazanılmasında cənab İlham Əliyevin zəngin dünyagörüşü, uzaqgörənliyi, dərin tarixi və diplomatik bilikləri, ölkəmizin dünya arenasında layiqli təmsil olunması əsas rol oynadı. Onun rəhbərliyi ilə yaradılan güclü Ordumuz düşmənin 30 ildə qurduğu barrikadaları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Xalqın inamını özünə qaytardı, onu bir yumruq kimi birləşdirdi. Cənab Prezident erməni vandallarına sübut etdi ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir. Fenomen şəxsiyyətlərə xas idarəetmə bacarığı ilə nəinki Azərbaycan tarixinə, dünya tarixinə də adını qətiyyətli, müdrik, lider dövlət başçısı kim qızıl hərflərlə yazdırdı, müqəddəs torpaqlarımızın xilaskarı oldu. Çoxsaylı bəyanatları ilə daima vüqarlı, cəsur xalq olduğumuzu isbat etdi. Xalqın ürəyində qurulan sevgi taxtını zirvələrə ucaldıb, qürurumuz, fəxrimiz, inam yerimiz oldu. Onun siyasi və hərbi iradəsi, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində üçrəngli bayrağımız müqəddəs Qarabağımızda əzəmətlə dalğalanır. Bununla regionda sülh və əmin-amanlığın bərpa olunacağına inanırıq.
Bu gün tarixi zəfərlə öz gücünü, sarsılmaz qüdrətini mümayiş etdirən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın, güclü ordu quruculuğunun fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu baxımdan Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Cənab İlham Əliyev ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən liderdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal faktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.
Aərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”. Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqəsini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Ötən qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə onun həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər ölkəmizin bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Doğma Qarabağımızla bütövləşən Azərbaycan bunun real təntənəsidir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Bu mənada “Biz birlikdə güclüyük” şüarı ilə möhtərəm Prezidentimizin ətrafında sıx birləşən xalqımız ən çətin sınaqların öhdəsindən layiqincə gəlməyi bacarır. İndi bütün dünyanın kabusuna çevrilən pandemiya ilə mübarizədə də görülən işlər, nəticələr uğurlu siyasətin məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya ilə əlaqədar gördüyü qabaqlayıcı tədbirlərin, yəni Azərbaycan modelinin hazırda dünya təcrübəsində analoqu yoxdur. Xalqın Ali Baş Komandanına inamı, onun da xalqa arxalanmağı, ordu-xalq birliyinin gücü Vətən müharibəsində möhtəşəm tarixi zəfərimizi təmin etdi”. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”-söyləyən ölkə başçısının bu fikirləri sarsılmaz birliyimizə verdiyi yüksək dəyərin ifadəsidir. Zəfər Paradı möhtərəm Prezidentimizin bəyanatının, vədlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizənin təsdiqi günüdü. 17 ildə yaradılan hərbi strategiyanın, güclü ordu quruculuğunun məntiqi nəticəsinin nümayişi, Ali Baş Komandanın böyük güclər qarşısında, diplomatik təzyiqlər önündə dəyanətinin, mərd duruşunun, əzminin təcəssümü oldu. Bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin iftixarla vurğuladığı “Bir millət, iki dövlət”in zəfəri, əbədi qardaşlığımızın təntənəsi oldu.
Onu da xüsusi qeyd edim ki, ölkə rəhbərinin və birinci xanımın işğaldan azad olunan rayonlarımıza səfərləri zamanı yerli sakinlər tərəfindən izdihamla, sevgi ilə qarşılanmaları bir tərəfdən insanların öz Prezidentinə sıx bağlılığını, bu vəhdətdən irəli gələn məhəbbətini ifadə edirdisə, digər tərəfdən ona Qələbə minnətdarlığının ifadəsi idi. Dövlətimizin başçısının orada şanlı Azərbaycan bayrağını qaldırması müdrik rəhbərimizin tariximizə, mənəviyyatımıza nə qədər bağlı olduğunu göstərməklə bərabər, bizi qürurlandırdı, torpağımızın, Vətənimizin etibarlı əllərdə olması əminliyini bir daha möhkəmlətdi. İnanırıq ki, Füzuli-Şuşa avtomobil yolunun inşası Qarabağ torpaqlarına yeni nəfəs gətirəcək. Bu yolun tezliklə istifadəyə verilməsinin nəzərdə tutulması qədim, əzəli ərazilərimizin yaxın dövrdə çiçəklənməsi, gülüstana çevrilməsi deməkdir. Prezident İlham Əliyev bu səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi, demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkarın Qarabağ torpağına vurduğu ziyanın dəqiq hesablanacağını, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə gerçəkləşdiriləcəyini vurğulayıb. Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq.
Bu o deməkdir ki, güc mərkəzinə çevrilən ölkəmiz möhtərəm Prezidentimizin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır, xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Dövlət başçısı Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşqun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Hər bir qədirbilən azərbaycanlı zəmanəmizin uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidentimizlə qürur duyur. Onun zəngin siyasi təcrübəsi və yüksək peşəkarlığı Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında uzaqgörən və praqmatik siyasəti, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığı sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal iştirak edir. Bu məsuliyyətli fəaliyyətində möhtərəm Prezidentimizə dəstəyimizi ifadə edir, ən xoş arzularımızı bildiririk.
Həmid Pənahov,
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri.
Tarix: 24-12-2020, 14:01