20-12-2023, 18:23 | Əli Əsədov Cevdet Yılmazla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib.
Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidənqurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir - 33%.
Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Mövcud olan geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminlik ifadə olunub.
Bu baxımdan, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş son iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimizin birgə səyləri nəticəsində icra edilib.
Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.
İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib.
Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb.
Cənub Qaz Dəhlizinin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyənin bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Prezidentinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfindən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb.
Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.
Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.
Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Respublica.Az
20-12-2023, 17:44 | Cevdet Yılmaz Ulu Öndərin məzarını ziyarət edib -

Dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Respublica.Az
18-12-2023, 15:40 | "Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqu davam etdirmək son dərəcə vacibdir"

Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqu davam etdirmək son dərəcə vacibdir.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Moskvada keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında deyib.
"Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirməkdə möhkəm qətiyyətini bir daha bildirmək istərdim. Son müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davamını son dərəcə mühüm hesab edirik", - o deyib.
Baş nazirin sözlərinə görə, yaranmış tarixi imkanın rasional istifadəsi regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regiondakı bütün insanlara sülh və təhlükəsizliklə bağlı ümid verəcək.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilir. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan "Rusiya" beynəlxalq sərgi forumu ilə tanış olublar.
Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunur.
Respublica.Az
18-12-2023, 13:31 | SON DƏQİQƏ! Prezident 1.5 MİLYONLUQ sərəncam imzaladı

Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Respublica.Az
18-12-2023, 13:08 | Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.
Respublica.Az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Respublica.Az
18-12-2023, 12:10 | Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.
Respublica.Az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Respublica.Az
17-12-2023, 12:55 | YAP İlham Əliyevin sənədlərini MSK-ya təqdim etdi

Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Respublica.Az
15-12-2023, 15:24 | İlham Əliyev Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Respublica.Az AZƏRTAC-a istinadən müraciətin mətnini təqdim edir:
"Hörmətli qurultay iştirakçıları!
Əziz müəllimlər və təhsil işçiləri!
Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Bu qurultay "Heydər Əliyev İli" çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.
Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.
Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.
İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".
Respublica.Az
15-12-2023, 14:06 | YAP-ın Mərkəzi Seçki Qərargahı yaradıldı

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.
Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Respublica.Az
15-12-2023, 13:59 | İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - FOTO

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı müşavirədə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.
Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.
Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.
Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Respublica.Az






















