11-10-2021, 13:53 | Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxış edib - FOTO
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.
Dövlətimizin başçısı tədbirdə videoformatda çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Prezident Vuçiç.
Xanımlar və cənablar.
İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.
1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, - bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.
Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.
Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.
44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.
İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi.
Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.
Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.
Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.
Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Diqqətinizə görə sağ olun.
AZƏRTAC
10-10-2021, 13:59 | Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi Tatarstan Respublikasında təyyarə qəzası nəticəsində insanların həlak olması ilə əlaqədar Rusiyaya başsağlığı verib.
Bu barədə XİN-in "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Tatarıstan Respublikasında paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, bu gün səhər saatlarında Tatarstan Respublikasının Menzelinsk şəhərində "L-410" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 20-si paraşütçü olmaqla 22 nəfər olub. Qəza nəticəsində yalnız 6 nəfər sağ qalıb.
AZƏRTAC
10-10-2021, 13:54 | Prezident İlham Əliyev: Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər
Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.
Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı".
AZƏRTAC
10-10-2021, 13:52 | Prezident İlham Əliyev: Burada faktiki olaraq əhali yox idi, Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı
Burada faktiki olaraq əhali yox idi, Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.
Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək".
AZƏRTAC
10-10-2021, 13:49 | Prezident İlham Əliyev: Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır
Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əziz dostlar, bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar".
AZƏRTAC
10-10-2021, 13:45 | Prezident İlham Əliyev: Hayastan fondu ilə otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil
Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Yəni, bu Hayastan fondu dediyim kimi, bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!"
AZƏRTAC
10-10-2021, 13:43 | Prezident İlham Əliyev Tuğ kəndində ictimaiyyət nümayəndələri ilə səmimi söhbət edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.
Dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Görün, nə günə salıblar.
Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib.
Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub?
Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülki olub.
Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik.
Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir.
Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar.
Prezident İlham Əliyev: Bu, məktəb olub?
Sakin: Bəli, məktəb, yanında da bağça.
Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir.
Prezident İlham Əliyev: Hansı? Bu?
Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar.
Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub.
Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir.
Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub.
Prezident İlham Əliyev: Hamısı quruyub.
Sakinlər: Bəli, bulaq var idi quruyub.
Prezident İlham Əliyev: Burada da bulaq var idi?
Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar.
Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir.
Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində "Dədə Qorqud" dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda "Qaraçuğun aslanı" adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik.
Prezident İlham Əliyev: O bizdədir.
Sakin: Ulu Öndər saxladı, 1994-cü ilə aprel ayının 10-da. Çox müqəddəs gün idi.
Prezident İlham Əliyev: Bilirəm, gəlmişik.
Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır.
Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq.
Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub.
Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi.
Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi.
Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi.
Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə "Azərbaycanın Əməkdar jurnalisti" adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir:
Xoşbəxtliklə dolub indi baxışlar,
Zəfər yaşadır bu anları.
Bizim dilimizdən qopan alqışlar,
Sizə duaçıdır azərbaycanlılar.
Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək.
Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib.
Prezident İlham Əliyev: Bəli.
Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz?
Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla "bəzəyiblər", hamısı da saxta.
Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var.
Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik.
Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub.
Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında "Qarabağnamə"nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub.
Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır?
Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb.
Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var.
Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq - təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var.
Sakin: Gözəl yollar çəkilir.
Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.
Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub.
Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm.
Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var.
Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır.
Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır.
Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə.
Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.
AZƏRTAC
10-10-2021, 13:38 | Prezident İlham Əliyev: Azərbaycan xalqı bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu
Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar. Səfərbərliklə bağlı hərbi komissarlıqların qabağında minlərlə gənc könüllü olaraq döyüşə getmək istəyirdi. Bəzilərinə deyilirdi ki, ehtiyac yoxdur, inciyirdilər. Mənə nə qədər məktub gəldi ki, məni qoymurlar gedim, Ali Baş Komandan, xahiş edirəm mənə icazə verin. Yaralılar yaraları sağalmadan durub döyüşə gedirdilər. Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Məhz Qələbənin səbəbi budur.
Əlbəttə, bütün başqa amillərlə bərabər, hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi - iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün fəxr edir, haqlı olaraq fəxr edir, hamımız fəxr edirik".
AZƏRTA
10-10-2021, 13:36 | Prezident İlham Əliyev: Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir
Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər.
Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir versəniz görərsiniz ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Burada qeyd olundu, mən deyirdim ki, torpaqlar işğaldan azad olunacaq. Mən həm deyirdim, həm də inanırdım və bilirdim ki, bu, belə olacaq. Əlbəttə, biz istəyirdik ki, qan tökülməsin, torpaqlarımız sülh yolu ilə azad edilsin. Amma artıq səbir kasamız daşmışdı və məhz müharibəyə hərtərəfli hazırlıq görülmüşdü - həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində, maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində. Ona görə məsələn, biz Füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda, ondan sonra Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq. Yaralanmış hərbçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm, sizə də şəxsən. Müharibə başlanan kimi, siz könüllü olaraq döyüş bölgəsinə getdiniz. Doğrudan da Ağdam bölgəsi ən ağır bölgə idi və ora təmas xəttinə yaxın olduğu üçün ermənilər daim bizim kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərində erməni silahlı qüvvələri ən çox Ağdamı atəşə tutmuşdular. Ən çox dağılan evlər də məhz Ağdamda idi".
AZƏRTAC
10-10-2021, 13:34 | Prezident İlham Əliyev: Hadrut qəsəbəsinin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq
Hadrut qəsəbəsinin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.
Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək".
AZƏRTAC