22-09-2021, 06:06 | Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub - Ərdoğan

Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub.
Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Son dövrdə Qafqazda sabitlik baxımından əhəmiyyətli addımların atıldığını xatırladan T.Ərdoğan bildirib: "Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının illərdir icra edilməyən qətnamələrində yer alan öz ərazisinin işğalına son qoyub. Bu, eyni zamanda bölgədə davamlı sülh üçün yeni imkanlar yaranmasına da imkan verir".
Türkiyə Prezidenti tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarında olduqlarını vurğulayıb.
Trend
21-09-2021, 20:07 | Ceyhun Bayramov Nyu-Yorkda Çavuşoğlu ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə C. Bayramov "Twitter"də yazıb.
Nazir bildirib: "Qardaşım Mövlud Çavuşoğlu ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşdük".
Trend
21-09-2021, 15:04 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verdi.
İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, istedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Liseyin özünəməxsus təhsil modeli var. Mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb.
Məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, bilik və bacarıqlara yiyələnən, daim rəqabətə davamlı insan resurslarının təmin edilməsinə böyük töhfə verir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunub, müasir innovativ tədris üsulları uğurla tətbiq edilib.
21-09-2021, 15:01 | Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".
AZƏRTAC
21-09-2021, 14:55 | Prezident İlham Əliyev Sabunçuda 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də əsaslı təmir edilib və burada yeni korpus tikilib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan dövləti bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.
2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb.
Qeyd edək ki, həm 71 saylı, həm də 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işləri dövlətimizin başçısının "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.
AZƏRTAC
21-09-2021, 14:42 | Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonundakı 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində misilsiz işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa edilib. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz olunub.



AZƏRTAC

21-09-2021, 14:31 | Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda bildirildi ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.
AZƏRTAC-
21-09-2021, 14:29 | Qarabağdakı iqtisadi layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı müzakirə edilib

İşğaldan azad olunmuş ərazilərin potensialının reallaşdırılmasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Nazir qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir:
"AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə "YaşılŞəhər Proqramı"nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik".
20-09-2021, 06:44 | Milli Məclisin deputatları Rusiya Dumasına seçkiləri müşahidə ediblər

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri sentyabrın 16-dan 19-dək Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkiləri müşahidə ediblər. Seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.
Bu barədə Dumaya seçkilərdə müşahidə missiyanı yerinə yetirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Dumanın nümayəndələri ilə görüşlər keçirilib: "Rusiya hökuməti tərəfindən seçki prosesini videokameralarla müşahidə imkanı verilib. Bu sistem təkcə Moskvada, həm də Moskva vilayətində yayılıb. Bundan başqa, bizim müşahidə missiyamıza seçki məntəqələrində prosesi izləmə də daxildir".
Seçkilər zamanı hər hansı pozuntuların olub-olmamasına gəlincə, N.Səfərov qeyd edib ki, bu barədə yalnız seçki günlərinin başa çatmasından sonra danışmaq olar. Azərbaycanlı müşahidəçilərin missiyasının bütün nəticələri yaxın vaxtlarda Rusiya qanunvericiliyinə uyğun olaraq təqdim ediləcək.
Milli.Az
6-09-2021, 10:29 | Məcburi köçkünlərin azad edilən ərazilərə təhlükəsiz dönməsi üçün işlər davam etdirilir - XİN

Azərbaycan hökuməti məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə təhlükəsiz və layiqli geri dönməsi üçün işləri davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin 10 noyabr razılaşması ilə bağlı tvitterdə paylaşımında deyilir.
Paylaşımda qeyd edilir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr sazişinin imzalanmasından 300 gün keçir:
"Bu müddət ərzində azad edilmiş ərazilərdə 15510 hektardan çox sahədən 46486-dan çox mina və partlamamış hərbi sursat təmizlənib. İşğal dövründə Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 160 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Həlak olanlar arasında öz vəzifə borclarını yerinə yetirərkən faciəvi şəkildə mina partlaması nəticəsində həyatlarını itirən iki jurnalist və bir rəsmi şəxs də var.
İşğaldan azad edilmiş Füzuli rayonunda ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Bununla yanaşı Zəngilan və Laçın rayonlarında iki beynəlxalq hava limanının tikintisi davam etdirilir.
Ağdamın baş planı təsdiq edilib və Şuşada çox sayda mədəni binalar və tarixi abidələr bərpa edilib. Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin həyata keçirilməsinə başlanılıb və layihənin 2022-ci ilin əvvəlində tamamlanması planlaşdırılır".