30-08-2021, 06:24 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşada ev-muzeyində aparılacaq işlərlə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.
Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.
Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.


AZƏRTAC
30-08-2021, 06:21 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.










AZƏRTAC
30-08-2021, 06:17 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər - FOTO

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım heykəlin üzərindəki örtüyü götürdülər.
Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.
Məlumat verildi ki, heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.




AZƏRTAC-
30-08-2021, 06:14 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: "İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən".
Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: "Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".
Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.
Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.
Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidən qurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.





AZƏRTAC
30-08-2021, 06:10 | Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında növbəti medal qazanan idmançılarımızı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020" XVI Yay Paralimpiya oyunlarında növbəti medal qazanan idmançılarımızı təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir:
"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı - qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".


Milli.Az
30-08-2021, 06:08 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Molla Pənah Vaqifin Şuşada büstünün açılışında iştirak ediblər - FOTO

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.





AZƏRTAC
30-08-2021, 06:05 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində görülən işlərlə tanış olublar - FOTO

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.








AZƏRTAC
30-08-2021, 06:01 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər - FOTO

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.






AZƏRTAC
30-08-2021, 05:59 | Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub.
Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.
AZƏRTAC



27-08-2021, 15:41 | Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkəmizdə, həm də dünyada böyük rəğbətlə qarşılanır

XXI əsr qədim dövlətçilik tarixinə malik Azərbaycanın böyük nailiyyətlər və dayanıqlı inkişaf dövrüdür. Bu elə bir dövrdür ki, Azərbaycan həm siyasi, iqtisadi gücünü, həm də dünya arenasındakı önəmli yerini nümayiş etdirdi. Son illərdə ölkəmizin keçdiyi inkişaf yolu, xalq-hakimiyyət vəhdəti Azərbaycanın bugünki gücünün ən mühüm təqdimatlarıdır. Təbii ki, bu inkişaf və güc möhkəm təmələ əsaslanan siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının atdığı hər bir addım, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar dövlətimizin və xalqımızın bu gününə və gələcəyinə xidmət edərək daim böyük dəstək qazanır və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını Onun ətrafında bir yumruq kimi birləşməyə çağırış edir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan bu birliyi, gücü nümayiş etdirdi və tarixi torpaqlarımıza qovuşduq.
Bütün bu uğurlarda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Xeyirxahlıq, mərhəmət, humanizm kimi ali dəyərləri fəaliyyətinin əsasında saxlayan Mehriban xanım Əliyevanın hər addımının, gördüyü işin mərkəzində dövlətə və xalqa xidmət dayanır. Bunun nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşının qəlbində Mehriban xanım Əliyevaya sonsuz sevgi vardır.
Sosial məsələlərin həllini, insanların rifahının daha da yaxşılaşdırılmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edən Mehriban xanım Əliyevanın sahib olduğu humanizm prinsipləri bu gün bütün dünyaya ən vacib çağırışlardır. Belə ki, dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərin, qarşıdurmaların, xaosun ən başlıca səbəbləri insanların mənəvi dəyərlərdən, mərhəmət hissindən uzaqlaşmasıdır. Bu gün Azərbaycanın dünyada tolerantlığın ünvanı, mutikultural dəyərlərin yüksək səviyyədə qorunduğu ölkə kimi tanınmasında və nüfuz qazanmasında Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyətinin böyük rolu vardır.
Heydər Əliyev Fondu həm ölkəmizdə, həm də bütün dünyada bir çox vacib layihələrə, təşəbbüslərə imza atmış qurum kimi tanınır. Mehriban xanım Əliyevanın hər zaman diqqət və qayğıya ehtiyacı olan insanların yanında olması, Azərbaycanın təqdimatında əsas amil olan tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, bir sözlə, kimliyimizin qorunması və təbliğində, o cümlədən bir çox xarici ölkələrdə dünya mədəni irsinin nadir incilərinin bərpasında, mühafizəsində Heydər Əliyev Fondunun fəaliyyəti bu böyük nüfuzun əsas qaynağıdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad olunmuş Şuşamızda, mədəniyyət mərkəzimizdə çox qısa zamanda möhtəşəm “Xarıbülbül musiqi festivalı”nın keçirilməsi də Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin ən bariz nümunələrindəndir. Bu möhtəşəm festival vasitəsilə Azərbaycan bütün dünyaya mədəni-intellektual potensialını bir daha təqdim etdi.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin birinci müavini Mehriban xanım Əliyeva dövlət və milli maraqları hər şeydən üstün tutduğunu atdığı mühüm addımları ilə təsdiqləyir. Yeni Azərbaycan Partiyasının rəhbərliyində Mehriban xanım Əliyevanın təmsil olunması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyinin təcəssümüdür. Mehriban xanım Əliyevanın siyasi xadim kimi fəaliyyəti Azərbaycanın sahib olduğu tarixi dövlətçilik ənənələrini qorumaqla yanaşı, müasir dövrün tələblərinin, modern çağırışların Azərbaycan dövlətçiliyində ən uğurlu şəkildə tətbiqində önəmli rol oynayır. Böyük əzm və fədakarlıq nümunəsi olan bu yorulmaz fəaliyyətin müsbət nəticələri ölkəmizdə xalq-hakimiyyət birliyində özünü əks etdirməkdədir.
Dövlətimizin siyasətində vətəndaş amilinə verilən yüksək dəyər, önəm Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanam Əliyevanın fəaliyyətində də əsas yer tutur. Şəhid və qazi ailələrinə hər zaman böyük diqqətin göstərilməsi, Azərbaycan vətəndaşına qayğı Mehriban xanım Əliyevanın öz xalqına bəxş etdiyi şəfqət və mərhəmətin nəticəsidir. Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Məhz bu sevgini dəyişməz prinsipləri, amalları, Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər ilə qazanıb.
Mehriban xanın Əliyevanın təqdimatını ümumi şəkildə söylədiyi fikirlərinə istinadən təqdim edə bilərik: “Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”.
Azərbaycanın qarşısında yeni imkanlar yaranıb. Ölkəmizi möhtəşəm uğurlar gözləyir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağımızda bərpa və quruculuq işləri başa çatacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, torpaqlarımıza yeni nəfəs gələcək. Mehriban xanım Əliyeva bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı kimi böyük, şərəfli və nəcib fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının qəlbində ən ali yeri tutmağa davam edəcək.
Almaz Həşimova,
Yeni Azərbaycan Partyasının Füzuli rayon təşkilatının sədri.


















