10-05-2021, 08:47 | Lavrov bu gün Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Lavrovun Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılır.
Rusiya XİN rəhbərinin səfəri mayın 11-dək davam edəcək.
10-05-2021, 00:00 | Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Bu il ilk dəfədir ki, Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
9-05-2021, 11:48 | Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz veteranlar!
Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!"(milli.az)

9-05-2021, 10:49 | XİN-dən 9 May Qələbə Günü ilə bağlı bəyanat

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
"Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.
Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.
Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.
Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə" qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.
Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".
9-05-2021, 09:12 | Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu

Azərbaycanın yeni tarixi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir.
Heydər Əliyev 1969-cu ilin iyul ayının 14-də Azərbaycana rəhbər seçildi. Əfsuslar olsun ki, o illərdə sosial-iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız sovetlər birliyində axırıncı yerlərdən birini tuturdu. Tədricən ölkədə geriliyin, sosial ətalətin aradan qaldırılmasına nail oldu. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı, yüngül və yeyinti sənayeləri və digər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı. Sənayedə struktur dəyişiklikləri edildi, mövcud sahələr modernləşdirildi.
O vaxt sənaye məhsulunun əsas həcmi neft maşınqayırması və neft emalı zavodlarının payına düşürdü. Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı həyata keçirildi. Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elmtutumlu sahələrə aid yüzlərlə müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.
1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya üzv seçildi. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq bu yüksək və məsuliyyətli vəzifədə o, heç vaxt Azərbaycanı unutmur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünür, bunun üçün lazımi tədbirlər görürdü.
Sovet İttifaqının yeni rəhbərliyinə gələn M. Qorbaçov və tərəfdarları Heydər Əliyevin xalq arasında artan nüfuzunu qısqanclıqla qəbul edirdilər. Onun fəaliyyətinin və şəxsiyyətinin ittifaq miqyasında və beynəlxalq ictimaiyyət qarşısında təhrif olunması prosesinə başlanıldı. 1987-ci ildə Heydər Əliyev Moskvada tutduğu vəzifədən istefa vermək qərarına gəldi.
Heydər Əliyevin respublikamızda hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində - 1993-cü ildə baş vermişdi. Xalqın təkidli xahişi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə qarşıda duran vacib məsələlərdən danışdı, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı hər kəsin vətəndaşlıq borcu kimi qarşıya qoydu. Ümummilli lider ilk gündən bu çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət bu reallığı da diqqətə çatdırırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına bağlılığı və bu fonda atdığı biri-birindən əhəmiyyətli addımları ilə xarakterizə olunur. Xalqa verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayacam” söyləyən ümummilli lider: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri ilə də Vətəninə, xalqına bağlılığını ifadə etmişdi. Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğu ilə məşğul olan ulu öndər, eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Onun səyləri nəticəsində artıq başlanmış Vətəndaş müharibəsinin alovları söndürüldü. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi və bütövlükdə millətimizin şərəf və ləyaqətini qorudu. Bu dövrdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi. Xəzər dənizinin neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, qədim İpək yolunun bərpası, digər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yarandı. Respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.
İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın milli şüurunun formalaşmasında tarixi bir mərhələdir.
Ümummilli liderin prinsiplər əsasında həyata keçirdiyi xarici siyasət kursunun da son 17 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əldə olunan nəticələrdə öz aydın ifadəsini tapır. Ulu öndər bu mühüm vəzifəni də qarşıya qoymuşdur ki, müstəqilliyimizi, suverenliyimizi daimi etdirmək üçün güclü ordumuz olmalıdır. Həmçinin güclü, qüdrətli ordu sülh danışıqlarının daha cəsarətlə aparılması üçün vacib şərtlərdən biri idi. Ulu öndərin ordu quruculuğu istiqamətində atdığı addımların da bünövrəsi məhz respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası məhz həmin zamanlarda ümummilli liderin gərgin səyləri nəticəsində qoyulmuşdur. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atdığı addımların nəticəsi bugünkü reallıqlarımızda öz aydın ifadəsini tapır. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da atılan addımlar gənclərin daha yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə getmələrini stimullaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsi ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, gənclərdə məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq formalaşmış vətənpərvərlik ruhunun, torpaq sevgisinin təqdimatı oldu.
Ümummilli lider cənab İlham Əliyevə özü qədər inandığını, axıra qədər çatdıra bilmədiyi işlərin onun xalqın dəstəyi ilə sona yetirəcəyini böyük əminliklə qeyd etmişdi. 2003-cü ilin oktyabrın 15-də keçirilən seçkilərində Prezident seçilən, növbəti 2008, 2013, 2018-ci illərin seçkilərində də qələbəsini təkrarladı. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” vədinin əməli işdə təsdiq etdiyini nümayiş etdirməklə Azərbaycanın qarşısında böyük imkanlar açdı.
Bu gün İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimiz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Prezident İlham Əliyev daim öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün lazım olan şəraiti yaratdıqda, çadırları şəhərciklərlə əvəzləyəndə bu fikri də diqqətə çatdırırdı ki, bunlar müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq yeni həyata başlayacaqlar. Dövlət başçısı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Cənab İlham Əliyevin bəyanatları sırasında: “Biz imkan vermərik ki, torpaqlarımızda ikinci erməni dövləti yaradılsın” fikri də xüsusi yer tuturdu. İlham Əliyevin özünün də qeyd etdiyi kimi, nəyi nə zaman etdiyini yaxşı bilir. Azərbaycan bu müddət ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Bütün bunlar rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmasında mühüm rol oynadı. 30 ilə yaxın dövrdə aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Şanlı Azərbaycan Ordusu igidlik, qəhrəmanlıq göstərərək 44 gün ərzində etdi. Torpaqlarımızın işğalına son qoyuldu, ədalət bərpa edildi, milli qürurumuz özümüzə qayıtdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər yetişən Azərbaycan gənclərinin vətənpərvərlik hissinin, torpaq sevgisinin böyüklüyü İkinci Qarabağ müharibəsində Qələbəmizin mühüm amilidir. Gənclərimiz öz qanı, canı ilə Zəfər tariximizi yazdılar. Bundan sonra qürur hissi ilə yaşayacağıq: Müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Tezliklə bu torpaqlarımız cənnətməkana çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq.
Məhəd Vəkilov,
Qazax Suvarma Sistemlər idarəsinin rəisi.
8-05-2021, 11:54 | Heydər Əliyev – müstəqil dövlətimizin və hüquqi-siyasi sistemimizin qurucu lideri

Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Böyük tarixi şəxsiyyətlərin rolunu tam, dəqiq və layiqincə qiymətləndirmək həmişə çətin və yüksək məsuliyyət tələb edən işdir. Belə ki, tarixi şəxsiyyətlərin yerinə yetirdiyi funksiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə də əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini tam mənada öz üzərinə götürür.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, əbədi prosesə çevrilməsi böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi xidmətidir. 1993-cü ildə xalqın təkidli xahişi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik təsisatların yaranmasına meydan verildi. Məhz həmin dövrdən başlayaraq Azərbaycanda köklü iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatının inkişafı üçün normativ-hüquqi bazanın yaradılması, Azərbaycana irihəcmli investisiyaların cəlb edilməsi, ölkəmizdə neft şirkətlərinin fəaliyyəti üçün şəraitin yaradılması, sahibkarlığın inkişafı üçün dövlətin qayğı və himayəsi, beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin gərgin və səmərəli fəaliyyətinin bəhrəsidir.
Dünyanın nüfuzlu siyasətçiləri və analitikləri belə etiraf edirlər ki, müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev qədər dərindən bilən olmayıb.
Ulu öndər Heydər Əliyevin cəmiyyətin mütləq əksəriyyətinin birmənalı şəkildə qəbul etdiyi liderliyinin səciyyəvi xüsusiyyəti təkcə onun uzun müddətliliyində deyil, bəlkə də daha çox zəngin məzmuna malik olmasındadır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər onun tarixinin ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş mərhələsi adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Qısa zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü cəmləyib ölkənin tərəqqisinə yönəltmək imkanı qazanmışdır.
Ümummilli liderimiz hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətidir. Ankaradakı Bilkənd Universitetinin banisi, dünya şöhrətli alim İhsan Doğramacı Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən demişdir: “Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir... O, ölkəni bəlalardan qurtaran dövlət başçısıdır”.
Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük, elmi, intellektual, kadr, iqtisadi və enerji petensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə də Azərbaycan xalqı qazanılmış müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə edilmiş bütün nailiyyətlərə görə dahi şəxsiyyətə daim minnətdarlıq ifadə edir. Heydər Əliyev yenidən hakimiyyətə qayıdarkən öz xalqına sədaqət və sevgisini ifadə edib: Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.
Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamış ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Ümummilli liderimizin ən böyük xidməti isə müstəqil siyasət yürüdən güclü Azərbaycan dövlətini yaratmasıdır. Xalq Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir. Həqiqətən də, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər Azərbaycanda hamının, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Xalqımız Heydər Əliyev irsindən zaman-zaman bəhrələnəcəkdir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün nümunədir. Biz Azərbaycanı sevməyi ümummilli liderimizdən öyrənməliyik. Heydər Əliyev dünyaya yalnız xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları idi. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi dünya siyasəti meydanında yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artırmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna çıxdı.
Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları ziyası kimi xalqımızın həyat yolunu işıqlandıracaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Ömrünün qalan hissəsini, həqiqətən də, xalqına həsr etdi. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaqdır.
Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz zəkaya malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu qüdrətli şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında misilsiz xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ən yüksək zirvə kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.
Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi Dağlıq Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi. Azərbaycan Böyük qələbənin ilk addım səslərini ötən il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.
Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Ən sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin istək və arzularını gerçəkləşdirmək üçün dövlət başçımız möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ötən müddət ərzində ölkə Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. Davamlı inkişaf həm də onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır.
Niyazi Bayramov.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı .
8-05-2021, 09:38 | Azərbaycanın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını praktiki olaraq gərçəkləşdirmiş lider kimi deyil, eyni zamanda qurduğu dövləti qətiyyətlə hər cür təhlükələrdən qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial-iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanmışdır.
Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir iradəyə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafı üçün də əvəzsiz məktəbdir. Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Azərbaycanın 30 ildən artıq bir dövrü - istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni və dühası, uzaqgörənliklə bütün daxili və xarici maneələri dəf edərək, həyata keçirdiyi müdrik siyasi kurs dayanıb. Ulu öndərin misilsiz xidmətlərindən biri də odur ki, o, Azərbaycanın tarixi keçmişini bərpa etmiş, milli-mənəvi irsini özünə qaytarmış, adət-ənənələrini yaşatmış, ana dilini, ədəbiyyatını, incəsənətini, musiqisini inkişaf etdirmək və dünyada tanıtmaq istiqamətində misilsiz xidmətlər göstərmişdir.
Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə göstərmişdir. Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və idarəçilik keyfiyyətləri, tükənməz enerjisi istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.
Heydər Əliyevi gənc yaşlarından tanıyanlar onun xarakterinin bir cəhətini xüsusi olaraq vurğulayırlar - bu gənc həmişə lider idi. İstənilən şəraitdə o, hər zaman birinci olmalı idi. Onun liderliyini məktəbdə oxuyanda da, texnikumda, universitetdə təhsil alanda da, daha sonralar dostlarının əhatəsində də sözsüz qəbul edirdilər. Heydər Əliyev liderlik xüsusiyyətlərinə görə həyatının bütün dövrlərində ön planda rol almış, yer aldığı sosial qruplarda ətrafındakı insanlara xoş təsir bağışlamış və diqqət mərkəzində olmuşdur.
Ulu öndərin siyasi fəaliyyətinin uğurlu olmasının ən önəmli səbəbi kimi onun üstün liderlik xüsusiyyətlərinə malik olması göstərilir. Onun parlaq şəxsiyyətinin, fərdi-psixoloji və liderlik xüsusiyyətlərinin sonadək öyrənilməsinə hələ də tam müvəffəq olunmayıb. Ona görə ki, bu olduqca məsuliyyətli, mürəkkəb və çətin bir işdir.
Liderlər öndərlik etdikləri cəmiyyətin içindən gələn və həmin cəmiyyəti analiz etmiş, onu yaxından tanıyan, bələd olan şəxsiyyətlərdir. Ulu öndərin öz təbirincə desək o, həm zaman, həm də hadisələrin zənginliyi baxımından böyük ömür yaşamış, mühüm tarixi hadisələrin şahidi və iştirakçısı olmuşdur.
Ümummilli lider Heydər Əliyevdə bir liderə xas olan başlıca xüsusiyyətlərdən bilik və təcrübə sahibi olmasını xüsusilə qeyd etmək lazımdır. O, həyatının bütün dövrlərdə mütaliə etməyi sevir, daim öz üzərində çalışırdı. Qırx üç yaşında, Azərbaycan DTK sədrinin müavini olduğu vaxtda belə polkovnik Əliyev Moskvada F.Dzerinski adına ali DTK məktəbində rəhbər operativ heyətin ixtisasartırma kurslarında parta arxasında əyləşərək məqbul və imtahanlar vermiş, oranı da əla qiymətlərlə bitirmişdir. O, öz zəngin təcrübəsini bölüşməyi də çox sevmişdir. Respublika təhlükəsizlik orqanlarına general-mayor rütbəsində rəhbərlik etdiyi dövrlərdə o, SSRİ DTK-sının ali məktəblərində gənc çekistlərlə zəngin, qiymətsiz təcrübəsini bölüşürdü. 1968-ci ildə Kiyevdə DTK-nın Ali Məktəbini bitirmiş Arif Zeynalovun söylədiyinə görə Heydər Əliyevin qoşa saatlarına az qala bütün institut yığılararaq onun rəhbərliyi altında Azərbaycanda keçirilən uğurlu əməliyyatlar haqqında verdiyi məlumatları həvəslə dinləyirdilər.
Heydər Əliyev dühasının misilsiz uğurlarını şərtləndirən keyfiyyətlərdən biri də resursları səfərbər etmək və lazımi məcraya yönəltmək qabiliyyəti idi. Bu qabiliyyəti ümummilli liderin bütün qərarlarında, fərman və sərəncamlarında görmək olar. Heydər Əliyev istənilən məsələnin həllinə kompleks yanaşır, aidiyyəti olan bütün qurumları problemin həlli üçün cəlb edirdi.
Ulu öndər Heydər Əliyev yüksək təşkilatçılıq bacarığına malik böyük şəxsiyyət idi. Bu keyfiyyət Heydər Əliyevin bir dövlət xadimi kimi müvəffəqiyyətinin əsasında dayanan çox qiymətli xüsusiyyətdir. Heydər Əliyev heç bir tədbirə, çıxışa, görüşə, fəaliyyətə ikinci dərəcəli iş kimi baxmırdı. Ümummilli lider heç bir tədbirə hazırlıqsız getmirdi, onun geyimi, səliqə-sahmanı, nitqi, davranışı, hətta səsinin tembri də qarşıya qoyulan məqsədə çatmağa xidmət edirdi.
Dərin zəka, yüksək intellekt, fenomenal yaddaş, təkrarolunmaz natiqlik qabiliyyəti ümummilli lider Heydər Əliyevin siyasi portretinin bənzərsiz ifadələridir. Onun uca boy-buxunu, işıqlı gözləri, iti baxışı, şux yerişi, dəqiq jestləri, nurlu siması hamını məftun edirdi.
Heydər Əliyev xarizmatik lider idi. O, özündə demokratik liderin xüsusiyyətlərini daşıyırdı. Onda demokratik liderliyin fikirlərini bölüşmə, məşvərət etmə, yönləndirmə və səlahiyyət vermə kimi xüsusiyyətlər mövcud idi. Xarizmatik liderlər tarix boyu xalqı öz arxası ilə aparan, onlara örnək olan, ayrı-ayrı fərdlərin duyğu, düşüncə və davranışlarına təsir etməyi bacaran, qısacası ətrafındakı insanların taleyini müsbət yönə dəyişdirməyi bacaran şəxsiyyətlər olmuşlar. Heydər Əliyev də məhz belə xarizmatik liderlərdən idi.
Ulu öndər estetik dəyərlərin böyük bilicisi idi. 70-ci illərdə Abşeron yarımadasını başdan-başa yaşıllığa çevirmək ideyası onu rahat buraxmırdı. O, Bakının yaşıllaşdırılması üçün çoxsaylı iməcliklərdə, yeni parkların salınmasında şəxsən iştirak edirdi. Çıxışlarının birində Heydər Əliyev Bakıda bir ağacı əkib böyütməyin bir övlad böyütməyə bərabər olduğunu qeyd etmişdi. O, respublika Kommunist Partiyası Mərkəzinin birinci katibi olanda şəhər rəhbərliyinə Bakıda çoxlu qızılgül kollarının əkilməsini tapşırmışdı. İnsanların parklarda, xiyabanlarda əkilmiş qızılgül kollarını qırması ilə bağlı ona şikayət ediləndə isə onun cavabı çox mənalı olmuşdu: “Eybi yoxdur, biz əkək, insanlar gözəllik görməyə alışacaqlar və axır ki, parkları viran qoymaqdan bezəcəklər”. Tarix ulu öndərin uzaqgörənliyini bir daha təsdiqləmiş oldu.
Heydər Əliyevin gördüyü işlərə inanması, soyuqqanlı qərarlar verə bilmək, ictimai rəy formalaşdırmaq, tez qərar verə bilmək, sistemli işləmək bacarıqları, strateji düşünmə qabiliyyəti, yüksək natiqliq mədəniyyətinə malik olması heç də bütün liderlərdə olmayan xüsusiyyətlərdən idi.
Ümummilli lider Heydər Əliyev hər bir işi düzgün zamanda - nə vaxtından tez, nə də ki, gec olmadan edə bilmək bacarığına malik idi. O, qarşısına qoyduğu məqsəd uğrunda yorulmadan çalışır, həmin məqsədinə nail olmaq üçün səylərini əsirgəmirdi. O, vaxtını effektiv istifadə etməyi (time management) ustalıqla bacarır, gərgin iş qrafikinə baxmayaraq dövlət xadimlərinin, xalq yazıçılarının, şairlərin, mədəniyyət adamlarının yubiley tədbirlərində, teatr premyeralarında şəxsən iştirak edirdi.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın yanında olmuş, Azərbaycan xalqının dəstəyini hiss etmiş, xalqa liderlik etsə də xalqdan uzaqlaşmamışdır. O, vətənini, xalqını canından çox sevmiş, biz gənclərə vətənpərvərlik nümunəsi göstərmişdir. Heydər Əliyevin dövlət tədbirlərinin birində Səməd Vurğunun “Azərbaycan” şeirinin “Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan” misralarını deyərkən səsinin titrəməsi və gözlərinin dolması onun vətənini canından çox sevməsinin əyani sübutudur.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yürüdərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərini bərqərar etmişdir. 1995-ci ilin noyabrında ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Gənc, istedadlı kadrları kəşf etmək və onları inkişaf etdirmək bacarığı Heydər Əliyevin önəmli liderlik xüsusiyyətlərindən biri idi. Onun bir lider kimi kadr hazırlamaq bacarığı xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev xüsusi istedadı ilə seçilən gənclərə daim diqqət göstərmiş, vətəni Azərbaycana gələcəkdə fayda verə biləcək çalışqan gəncləri kənarda buraxmamışdır. Təsadüfi deyil ki, ulu öndərin hakimiyyəti dövründə xaricdə təhsil almaq üçün göndərdiyi tələbələr sonradan Azərbaycana qayıdaraq yüksək dövlət postlarında xalqımıza layiqincə xidmət etmişlər.
Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatını xalqına həsr etmiş, xalqın gələcəyini düşünmüş, müdrik siyasəti davam etdirəcək, xalqın mənafelərini etibarlı təmin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri yetişdirmişdir.
Bu gün ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada getdikcə güclənir. Son illərdə əldə edilmiş misilsiz nailiyyətlər, o cümlədən vətən müharibəsində əldə edilmiş böyük qələbə təbii ki, Heydər Əliyev kursunun uğurla həyata keçirilməsinin nəticəsidir.
Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının ildən ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirilir. Müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasında qəbul edilir. Bu, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” arzusunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Qara Abdullayev ,
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi .
8-05-2021, 08:05 | Azərbaycanın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Azərbaycan xalqının çoxəsrlik tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında və inkişafında böyük xidmətlər göstərmişlər. Ancaq bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Qələbə çaldığımız bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla xatırlayırıq. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.
Ulu öndərimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr etmiş, öz dövlətini və xalqını zamanın ən çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyimiz illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. O, bu barədə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” deyən ulu öndərin rəhbərliyi ilə ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu, iqtisadiyyatımızın yüksəlişi üçün tədbirlər görülməyə başladı. Qısa bir müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyəndirilmiş strategiyanın əsanını vətəndaşların rifah halının yüksəldiməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Böyük siyasətçinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi 1994-cü ilin sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Bununla da ölkədə makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli mənafelərə əsaslanan xarici siyasətin müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağın yolu xarici dövlətlərlə bərabərhüquqlu, ikitərəfli səmərəli əlaqələr qurmaq idi. Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqlarına uyğun yeniləşdirdi. Balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. Ümummilli liderin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə səbəb oldu. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdlərinin təsdiqlənməsi bu məsələlərin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul olundu. Bu Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyət idi.
Dahi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən etmişdir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük dəyərlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyuldu.
Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu özündən sonra davam etdirə biləcək siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Ölkə başçısı İlham Əliyev fəxrlə qeyd edib ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Son illərdə ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycanın dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Artıq Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkün deyil.
Son dövrdə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Cənab Prezidentimiz İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ kimi elan edərək ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu öz təchizatı baxımından dünyanın ən güclü orduları sırasındadır və ölkənin qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordu quruculuğu haqqında cənab Prezident deyib: - Ordu quruculuğu 17 il ərzində mənim işimin əsas hissəsi olub. Biz həmişə ordumuzun necə gücləndirilməsi haqda düşünmüşük. Ən müasir silahlar almaq üçün təkcə maddi vəsait kifayət etmir, eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir ki, biz buna nail olduq. Mənim təşəbbüsümlə müdafiə sənayesi yaradıldı və bu gün biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Bu gün öz təchizatına görə hərbi bazalarımız ən yüksək standartlara cavab verir və Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bütün dünyaya göstərdi.
Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz böyük zəfərlə bitdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:- Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama hərəkatının qətnamələri İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.
Xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə deyib: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin siyasi kursu, inkişaf strategiyası dayanır. Və bu siyasət Azərbaycanımızı daha böyük uğurlara aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...
Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi. Professor.
8-05-2021, 07:22 | Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını kəskin şəkildə pisləyib.
Səfirlikdən bildirilib: "Azərbaycan səfirliyi Birinci Dünya Müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda bu hadisələr qondarma "erməni soyqırımı" kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur".
Xatırladaq ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi də sözügedən qərarı pisləyib: "Biz Latviyanın qondarma "soyqırım" barədə qərarını rədd edirik və tanımırıq".//Trend//
8-05-2021, 07:15 | Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - bəyanat

Azərbaycan və ATƏT-ə üzv 10 dövlət nasistlərin qəhrəmanlaşdırılmasının qarşısını almağa çağırıblar.
Bu barədə Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistaın ATƏT-dəki daimi nümayəndələrinin İkinci Dünya Müharibəsində Qələbənin 76 illiyi münasibətilə birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Nasizm və faşizmlə mübarizədə ölənlərin şərəfinə hərbi qəbiristanlıqlara, xatirə komplekslərinə, abidələrə və obelisklərə qayğı ilə yanaşmağa çağırırıq. Bu cür xatirə obyektlərinə qarşı vandalizmin bəhanəsi yoxdur. Xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etmək müqəddəs borcumuzdur. II Dünya Müharibəsi tarixinin, onun səbəblərinin və nəticələrinin saxtalaşdırılması nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir edir və müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və sarsılmasına kömək edir".
11 ölkənin nümayəndələri nasist hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının üzvlərinin qəhrəmanlaşdırılmasının, o cümlədən nasist keçmişini şöhrətləndirmək üçün abidələrin və memorialların ucaldılması, kütləvi nümayişlərin keçirilməsinin, anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların milli azadlıq hərəkatlarının iştirakçısı elan edilməsinin, habelə onların qəhrəmanlaşdırılması məqsədilə küçələrin adlarının dəyişdirilməsinin qəbuledilməz olduğunu vurğulayıblar:
"Azad, demokratik, ortaq və bölünməz Avrasiya və Avroatlantik təhlükəsizlik cəmiyyəti ideyasına sadiq olduğumuzu təsdiqləyirik. Beynəlxalq təhlükəsizlik və etimad sistemini gücləndirmək məqsədilə bərabərlik və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqun tərəfdarıyıq".//Trend//