Şəhid atası: Oğlumun ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi
Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edildi. Bu müqəddəs yolda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Füzuli rayon sakini Xəyal Əliyevdir.
Xəyal Əliyevin ailəsi Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndindən məcburi köçkün kimi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Xəyal da bu qəsəbədə anadan olub. Torpaqlarımızın işğal altında olması hər kəs kimi Xəyalı da daim narahat edib. Ona görə də hərbi xidmətini başa vurduqdan sonra ön cəbhədə xidmət etməyə qərar verib.
AZƏRTAC-ın bölgə müxbiri şəhid Xəyal Əliyevin evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub. Şəhidin atası Saleh Əliyev deyir ki, Xəyalın ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu istək də onu ön cəbhəyə - Vətən torpaqları uğrunda döyüşlərə aparıb: "Xəyal 2019-cu ildə hərbi xidməti başa vurub gəldi. Dedi ki, hərbiçi olmalıyam. Torpağımın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməliyəm. Beləcə getdi, Vətənə qulluq elədi. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərindəki əməliyyatlarda iştirak edərək böyük şücaət göstərdi. Yoldaşları deyirlər ki, döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib".
Anası Ofelya Hacıyeva bildirir ki, Xəyalın arzuları çox idi. Özü üçün xəyallar qurmuşdu, qismət olmadı. Amma Vətəni işğaldan azad etmək arzusuna çatdı. Təsəlliləri də budur: "Çox arzuları var idi. Deyirdi ki, oxuyacağam, işləyəcəyəm. Məni televizorda görəcəksiniz. Ancaq arzularına çatmadı. 21 yaşında şəhid oldu. Vətən yolunda şəhid oldu. Şəhidlərin hamısına qurban olum...".
Şəhidin qardaşı Taleh Xəyalla qürur duyduğunu deyib. "Fəxr edirəm ki, bu cür qardaşım var. Sakit uşaq idi. Heç kimlə işi olmazdı. Axşam yuxuma girmişdi, sabahısı gün şəhid oldu", - deyə o vurğulayıb.
Xəyalın böyüdüyü qəsəbədə könüllü müharibəyə gedənlər çox idi. Bir neçə nəfər igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Sakinlər deyirlər ki, həmişə həmyaşıdları ilə yığışıb söhbət edəndə Vətənin işğaldan azad olunacağı gündən danışırdılar.
Xəyalın qohumu Mehman Hümbətov Xəyalla fəxr elədiyini söyləyib. "Şəhidlər öz qanları ilə xalqımızın arzularını yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə Mehman əlavə edib.
Tarix: 15-12-2020, 04:53