Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ - FOTO
Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomoibilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.
AZƏRTAC bildirir ki, Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənisan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib. Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.
Suqovuşan sakini - Bu gün xəyyallarımız, ümidlərimiz gerçəkləşir
Kənd sakini Xaliq Hümbətov Suqavuşanın işğaldan azad edilməsi, kəndə yol çəkilməsi ilə xəyalların, ümidlərin gerçəkləşdiyini bildirdi: "Kəndimiz işğaldan azad olunandan sonra yol çəkilişinə başlanıldı. Bu yol xayalların, ümidlərin yoludur. Bu gün xayallarımız, ümidlərimiz gerçəkləşir. Əvəzolunmaz bir hissdir. Məcburi köçkün kimi indi anlayırıq ki, Vətəndən gözəl heç nə yoxdur. Vətən insana anadır, hətta anadan da əzizdir. Çox sevinirik. Bura gəlib dağlara baxıram. Dağlar o qədər əziz gəlir. Əgər dağların dili olsaydı danışmaq istəyər ki, neçə illərdir yağı düşmən tapdağında idi. Düşmən bizim sularımızı kəsirdi, torpaqlarımızı əkib-becərib gəlirini Ermənistana aparırdı. Bu gün şükür Allaha, ən böyük arzumuza çatmışıq. İndi kəndimizin sakinləri Suqovuşana qayıdacaqları günü gözləyir. Kəndimizin hər bir sakininin xəyalı var ki, gəlib quruculuqla məşğul olsun. Biz bu müharibəni hamılıqla udduq. Əsgərə məktub yazan altı yaşlı uşaqlarımızla, evdə əsgərlər üçün əlcək, isti paltarlar toxuyan ana-bacılarımızla, öz dualarını əskik etməyən insanlarımızla biz qalib gəldik. Biz bundan sonra bu torpaqları daha çox qorumalıyıq, burada yaxşı işlər görməliyik, çalışmalıyıq ki, bizim bu yerlər al-əlvan olsun".
Hərbçilərimiz qələbə əhval-ruhiyyəsi ilə xidmət aparır
Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini yüksək əhval-ruhiyyə ilə aparır. Suqovuşanda əsgərlərlə söhbət edərkən hər birində yenilməz əzmin, məğrurluğun, Vətən sevgisinin və qələbə sevincinin şahidi olduq. Əsgər Ruslan İsmayılzadə Vətən müharibəsinin iştirakçısı olduğu, torpaqlarımızın azad edilməsində iştirak etdiyi üçün qürur duyduğunu bildirib: "Mən fəxr edirəm ki, Azərbaycan ordusunda xidmət edirəm. Sağ olsun Prezidentimiz, bu qalibiyyəti bizə yaşatdı. Qalib olduğumuz üçün əhval-ruhiyyəmiz də yüksəkdir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır".
Əsgər Aqil İslamzadə isə deyib: "Ağdam rayonunun Yusifcanlı kəndindənəm. Kəndimizi görməsəm də, həmişə həsrəti ilə yaşayırdıq. Çox şükür ki, torpaqlarımızı işğaldan azad etdik. Mən özüm Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunun üçün fəxr edirəm. Bu gün də burada xidmət edirəm. Qalibiyyətlə bitən Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam".
Hərbi qulluqçularla söhbət zamanı bir daha şahidi olduq ki, Vətən müharibəsinin qəhrəmanları azad etdikləri doğma torpaqlarımızda xidmətlərini qələbə əhval-ruhiyyəsi ilə aparırlar.
Su anbarının işğaldan azad edilməsi ilə susuz qalan torpaqlara yeni həyat gəlib
Suqovuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi həm siyasi, mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edir. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq.
Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.
Suqovuşanın turizm potensialı böyükdür
İşğaldan azad edilmiş Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kəndə gedən avtomibil yolunun yenidən qurulması gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Əminik ki, gözəl Qarabağımızda, o cümlədən Suqovuşanda tezliklə turizm inkişaf edəcək.
Tarix: 28-12-2020, 09:32