30-09-2021, 07:42 | Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadə Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. O, ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.
Görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlayıb. 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. O, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləyib.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.
Alim 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət neft və Sənaye Universiteti) kafedra müdiri işləyib. O, orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.
Görkəmli alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
A.Mirzəcanzadə həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak edib. O, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Dünya şöhrətli akademikin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolu olub, onun elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərdə və istehsalat müəssisələrində çalışırlar.
Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də vəfat edib. Azərbaycanın elmi ictimaiyyəti dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.
AZƏRTAC
24-09-2021, 06:20 | “İnsanları öldürən COVID-19 deyil” - Professordan maraqlı AÇIQLAMA

"Koronavirus xofunu birdəfəlik unudaq"
"İnfeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur".
ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyevin COVID-19-la əlaqəli əhalini maraqlandıran sualları cavablandırarkən belə deyib.
Professor qeyd edib ki, mutant ştammından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir:
"Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır".
M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır:
"Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.
Hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir. Əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur. İnsanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur".
M.Qəniyev əvvəlki ştammlara nisbətən daha yoluxucu və daha aqressiv olan "Lyambda" və "Mu" ştamlarının yayılması haqqında xəbərlərə də aydınlıq gətirib:
"Bu ştamlar COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştammdan bir neçəsidir. Onların hər birinin ayrı-ayrılıqda mutasiya variantları var. Məsələn, "Lyambda" ştammının virogen fəallığına nisbi təsir göstərən səkkiz, virogen fəallığına praktik olaraq təsir göstərməyən, iyirmi funksional aktiv mutasiyası var. Bunların içərisində yalnız T76I и L452Q, eləcə də NTD-domeni mutasiyasının patogen fəallığının yüksək olması ehtimal olunur. T76I и L452Q mutasiyası virusu tənəffüs yolu epitel hüceyrələrinin ACE2 reseptorlarına bağlayan SHCO14 spayka (yapışan) zülal fraqmentinin özündə, sonuncu isə, spayka zülalın özünün bağlandığı domendə baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 30-da nəzarətə götürdüyü və hazırda dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1%-ni təşkil edən "Mu" ştammında genom dəyişikliyi, yenə də virusu ACE2 reseptorlarına bağlayan SHCO-14 spayka zülalında baş verir, yəni 146 N nuklen əlavəsi (N-terminal domendə, AAC kodonda 3 nukleotid- Aspargin aminturşusu (Asn/N) əlavəsi) və furin parçalanma- genom sahəsində (S1/S2 parçalanma saytı) P681 mutasiyası. Göründüyü kimi, istər "Lyambda", istərsə də "My" ştamında ana virus - COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz".
Professor xatırladıb ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən "Lyambda" və "Mu" ştammları da ana ştammdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir:
"Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştammın (COVID-19) mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet - hər kəsi, bütün mutant ştammlardan, o cümlədən, "Lyambda" və "Mu" ştammndan da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır. Bu baxımdan ştammların yalnız ehtimal olunan xüsusiyyətlərini reallıq kimi qiymətləndirib yazmaq, danışmaq, insanları şiddət altında saxlamaq yolverilməzdir".
Professor bildirib ki, əhalinin 40-60%-nin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştammlar yaradacağı ilə bağlı deyilənlər də əsassızdır:
"Bu mutasiyalar virus RNT-sinin simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyindən, vaksinlərin ona təsiri, ana ştamma təsirilə müqayisədə daha güclü olmalıdır. Həmçinin, istənilən virus populyasiyasında əsaslı genom fərqliliyi göstərən, letallığı çox yüksək və son dərəcə patogen virus ştammı, yalnız orqanizmin məlum virus ailəsini mütləq şəkildə "özündən təcridə" son cəhdi halında əmələ gələ bilər. Ana ştammın (COVID-19) bu dəyişikliyə uğraması üçün ən azı 8-10 il vaxt lazımdır.
COVID-19 insanları öldürmür. İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".
modern.az
23-09-2021, 05:44 | BNA sərnişindaşıma şirkətlərinə tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə tapşırıq verib.
Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb: "Yeni tədris ilinin başlanması ilə əlaqədar daşıyıcı şirkətlərin rəhbərləri ilə keçirilən görüşdə də sürücülərin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına dair tapşırıqlar verilib".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə göstərilir ki, iş və xidmət sahələrində işçilərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.
22-09-2021, 05:59 | Bu gündən I-IV siniflərdə dərslər başlayır

Bu gündən etibarən ölkədəki bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunur.
V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Qeyd edək ki, yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
21-09-2021, 20:03 | Yoluxanlarla bağlı günün statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb, 2543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 26 nəfər COVID-19-dan dünyasını dəyişib.
21-09-2021, 16:16 | “Istambul” hoteldə Əxlaqsızlıq “darvazası”

Koronavirusa yoluxma sayı yenə yüksəlməkdə, ölüm halları artmaqdadır. Son aylar pandemiyaya qarşı karantin tədbirlərinin, məhdudiyyətlərin yumşaldılması, açıq havada maska qadağasının aradan qaldırılması, toylara müəyyən qaydalar çərçivəsində icazə verilməsi qeyd olunan mənfi göstəricilərin yenidən yüksəlməsinə təsir edib. Ancaq bir müstəvi vardır ki, orada sosial məsafə gözləmək qeyri-mümkündür. Söhbət intim xidmətlər sahəsindən gedir. Ölkəmizdə rəsmən belə fəaliyyət növünə icazə olmasa da, məşğul olanlar var. Həm də özbaşına deyil, yüksək vəzifəli şəxslərin, yuxarı çinli məmurların havadarlığı ilə.
Paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinin həndəvərində fəaliyyət göstərən “ Istambul hotel” adlı obyekt kənardan ilk baxışda heç bir cazibədar özəlliyi ilə diqqəti cəlb eləmir. Ancaq Bakı Binəqədi qovşağında yerləşən bu obyekt başqa bir “üstün” Vəziyyəti ilə məşhurdur. Bura təşrif buyuran müştərilər məqsədli şəkildə gəlirlər. Yeyib-içməkdən, dincəlməkdən daha önəmli saydıqları intim ehtiyaclarını ödəmək üçün. Bəli, düz oxudunuz, məhz cinsi ehtiyaclarını qarşılamaq üçün.
Müştərilər hazır, yəni cüt də gələ bilərlər, oteldə də cütləşə bilərlər. Çeşid heç də kasad deyil. Obyektdə ölkənin müxtəlif yerlərindən gətirilmiş gənc xanımlar cinsi istismara məruz qalırlar. “ Istambul ” barədə indiyədək kütləvi informasiya vasitələrində xeyli neqativ məlumatlar yayılsa da, əlaqədar instansiyalara çoxsaylı şikayət xarakterli müraciətlər ünvanlansa da, obyekt sahibi barədə heç bir ciddi ölçü götürülməyib. Görünür, qazancı o qədər çoxdur ki, “İstambul” ictimai həyatın vazkeçilməz bir hissəsinə çevrilib. Heç nəyə lazım olmayan küçə itlərindən yaxa qurtara bilmədiyimiz kimi, belə “pritonlar” da insanları mənəvi düşkünlüyə sürükləməkdə davam edirlər.
Burada müştərilərin yalnız ciblərinə, ödəyicilik qabiliyyətinə fikir verilir. Cüt gələnlərdən nikah şəhadətnaməsi tələb edən yox, peyvənd sertifikatı soruşan yox. Müştərilərə yaratdığı bunca “demokratik” şəraitin “bədnəzərdən” qorunması ilə qayğılanan müdiriyyət obyekti əsasən gecə yarısından, yəni, saat 24:00-dan sonra işlədir. Səhərədək otelin bir qayda olaraq bütün otaqlarına qoyulmuş çarpayılar aşırı yüklənir. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, “Istambul hoteldə” rəhbərliyi özünü öyməkmi, yaxud, müştərilərdə arxayınçılıq yaratmaqmı məqsədilə obyektin əslində Milli Məclisin deputatı Birinin məxsus olduğunu deyir. Bildirilir ki, obyekt sahibi hətta dövriuyyəyə buraxdığı bu əcaib məlumatın müştəridə yaradacağı əminlik təəssüratını gücləndirmək üçün cinsi istismara cəlb etdiyi yüngülməcaz qadınlara haralı olduqları soruşulduğu təqdirdə yəni, millət vəkili ilə həmyerli olduqlarını demələrini tapşırıb. Müşahidə olunub ki, dəfələrlə həmin qadınların qohumları, keçmiş ərləri, dağıtdıqları ailələrin üzvləri otelə gəlib dava salmağa cəhd ediblər. Ehtimal böyükdür ki, belə mübahisələr gec-tez kriminal hadislərlə nəticələnə bilər.
Öyrənmişik ki, obyektdə həmçinin işçilərin heç də hamısı ilə əmək müqaviləsi bağlanılmır, personal tibbi müayinələrdən keçirilmir, sanitar-gigiyena və epidemioloji qaydalar gözlənilmir. Eləcə də vergi qanunvericiliyinin tələblərinə, sosial və tibbi sığortalar üzrə öhdəliklərə tam riayət edilmir. Ümid edirik ki, mövzu ilə əlaqədar məlumatlandıracağımız əlaqədar qurumların problemə reaksiyası özünü çox gözlətməyəcək.
21-09-2021, 14:51 | Təhsil naziri yeni tədris ili ilə bağlı əmr imzaladı

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri müəyyən edilib.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrdə bildirilir: "2020/2021-ci tədris ili xalqımızın Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, düşmənin silahlı qüvvələrinin darmadağın edilməsi və qələbə ruhlu tədris ili kimi tarixə yazıldı.
2020/2021-ci tədris ili xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi üçün ümumtəhsil məktəblərində tədris uyğunlaşdırılmış tədris planları ilə əyani-distant formada aparılmış, Təhsil Nazirliyinin "2020/2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə" 10.09.2020-ci il tarixli, F-420 nömrəli əmrindən irəli gələn vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsi zamanı ölkədə hərbi vəziyyət elan olunduğu zamanda da mövcud imkanlardan səmərəli istifadə olunaraq təhsilalanlara proqram materiallarını öyrənmələri "Virtual məktəb" platformasından və teledərslərdən yararlanmaqla təhsilin davamlılığı və fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər həyata keçirilmişdir.
Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında hazırlanmış teledərslərin sayı 3413-ə çatdırılmış, AzTV-nin Mədəniyyət və ARB-nin Günəş kanallarında yayımlanmışdır. Nümayiş etdirilən bütün teledərslər Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook" səhifəsində, "Youtube" kanalında da yerləşdirilmişdir
Teledərslərdən ölkə üzrə 1.6 milyondan çox şagird faydalanmışdır. Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb" şagirdlərin və müəllimlərin istifadəsinə verilmiş, cari tədris ilində istifadəçi sayı 1.4 milyondan artıq, müəllim sayı isə 110 mindən çox olmuş, ölkə üzrə müəllimlərin 93%-i, şagirdlərin isə 85%-i bu platformadan yararlanmışlar.
Təlim-tərbiyə prosesinin təşkili zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli və "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın tələblərinə ciddi əməl edilmişdir.
Tədris ili ərzində təhsilalanlara keyfiyyətli təhsil vermək, onlara davam edən pandemiya şəraitində müstəqil öyrənmə bacarıqları aşılamaq, müəllim-şagird, müəllim-valideyn, valideyn-məktəb münasibətlərinə xüsusi önəm vermək diqqətdə saxlanılmışdır.
Pandemiya və Vətən müharibəsi zamanı hərbi vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi üçün 2021-ci ilin 16-30 iyun tarixlərində ümumi təhsil müəssisələrində I-X sinif şagirdləri üçün yay məktəbi təşkil edilmişdir.
Beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində beynəlxalq qiymətləndirmə proqramlarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı təmin edilmiş, TIMSS 2019 beynəlxalq qiymətləndirməsində Azərbaycan riyaziyyat üzrə 58 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Azərbaycan 2021-ci ilin birinci yarısında Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunan PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib. Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələri ilə yanaşı, ölkə üzrə 52 region olmaqla 200 məktəb, 5000-dən çox 4-cü sinif şagirdi qiymətləndirmədə iştirak etmişdir."
21-09-2021, 14:45 | Oktyabrın 1-dən COVİD pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq

Oktyabrın birindən koronavirus infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaq.
Bu barədə Daövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavə var. Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də aiddir.
Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik. Sürücülər daşıyıcı şirkətlərin əməkdaşları olduğu üçün biz həmin şirkətlərə xəbərdarlıq etmişik. Daşıyıcı şirkətlər müntəzəm və qeyri-müntəzəm marşrut xətlərində dövlət xidməti göstərdiyi üçün həmin şirkətlərə xəbərdarlıq olunub və qərar onlara xatırladılıb. Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD - 19 sertifikatı olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək".
21-09-2021, 14:37 | Bakının məşhur məktəbində tədrislə bağlı YENİ QƏRAR

Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib.
Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir.
Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.
Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir.
21-09-2021, 14:24 | Otellər VS koronavirus: təmizlik sağlamlığın rəhnidir

Pandemiya dövründə otel və mehmanxanalar sanitar qaydalara necə əməl edirlər və səyahətə çıxanlar nələrdən ehtiyat etməlidirlər?
Koronavirus dövrünə qədər turistlər mehmanxana seçərkən əsasən qiymət və mehmanxananın yerləşdiyi ərazi və bir də bronlaşdırma sisteminin çevikliyi nəzərə alınırdı. Otellərin gigiyena normalarına əməl edib-etməmələri, sanitar təmizliyin aparılıb-aparılmaması az adamı maraqlandırırdı. Lakin bütün dünyada COVİD-19-un tüğyan etdiyi indiki vaxtda məzuniyyət və ya ezamiyyətə çıxanların seçimləri zamanı təmizlik əsas göstəriciyə çevrilir.
2 əsas tədbir
2020-ci ildə koronavirus mehmanxana biznesinə zərbə vurdu, sosial məsafəyə əməl edilməsi əsas meyarlardan birinə çevrildi. Turistlər insanların kütləvi istifadə etdikləri lobbi, idman zalları, hovuz, ümumi sanitar qovşaq kimi məkanlardan uzaq durmağa çalışdılar.
İkinci tədbir üz- üzə təmasların minimuma endirmək üçün qonaqların qəbulu və yola salınması zamanı sənədsiz gediş-gəlişin təmini oldu.
Getdikcə daha çox otel rəqəmsal xidmətlərdən istifadə etməyə üstünlük verdi və bu otel biznesi üçün müsbət addım oldu.
" Virtual resepşn" ifadəsi gündəlik həyatımıza daxil oldu və nağdsız ödənişlər adi hala çevrildi.
Lakin distant idarəetmə, təmassız çekin/çekaut yeniliklərin cüzi bir hissəsidir. Pandemiya müddəti uzandıqca aydın oldu ki, mehmanxanalarda yerləşmə prossesi və turistlərə təklif olunan şərtlərə yenidən baxılmalıdır.
Təmizliyin 10 şərti
1.Sanitariya baxımından bütün otellərdə, ilk növbədə elementar sosial məsafə qaydalarına diqqət yetirilir.
Otelə daxil olarkən, qonaqların bir-birindən məsafə saxlaya bilməsi üçün qoyulan işarələr və yaradılan şərait diqqət çəkməlidir.
Bəzi otellərdə əlavə ehtiyat tədbiri olaraq, məlumat köşkünə yaxınlaşmaq üçün arakəsmələr qoyulur.
2. Foyedə insanların toplaşmasının qarşısını almaq qonaqların faktiki girişindən öncə qeydiyyatı aparılır.
3. Bütün otellərdə qonaqların temperaturu ölçülür. Bir çox obyektlərdə baqaj dezinfeksiya edilir.
4. Lobidə, bütün mərtəbələrdə və otaqlarda əlləri təmizləmək üçün avtomatlar var. Bəzi otellərdə dezinfeksiya edən xalılar, bakteriyalara qarşı ultrabənövşəyi hava dezinfeksiyaediciləri, elektrostatik spreylərə rast gəlmək olur. Otaqlardakı tualet vasitələri arasında dezinfeksiyaedici salfetlər yerləşdirilməlidir.
5. Otel işçiləri maska və əlcək taxırlar. Eyni zamanda, qonaqların istifadə etməsi üçün maskalar qoyulur.
6. "Məlumat köşkü" zonası və digər ümumişlək yerlərdə istifadə edilmiş maskaların, əlcəklərin atılması üçün xüsusi qablar qoyulur.
7. Bəzi otellər liftlərdən istifadə üçün yeni qaydalar tərtib edib. Liftlərdən eyni zamanda istifadə edənlərin sayına da məhdudiyyət qoyulub.
8. Eyni qayda hovuz, idman zalı və SPA salonlarına da aiddir, bu xidmətlərdən istifadə etmək üçün öncədən yazılmaq lazımdır. İdman alətləri, şezlonqlar, oturacaqlar bir-birindən maksimal dərəcədə uzaqda yerləşdirilir və əlbəttə bütün əşyalar istifadədən əvvəl və sonra təmizlənir.
9. Bir çox otellər otaqda əlavə xidmətlər göstərməyə başlayıb. Məsələn, SPA prosedurlarını otaqlarda təklif edirlər. Və yaxud otaqlara monitorları olan idman alətləri qoyulur, bunun sayəsində qonaq özünü məşqçi ilə idman edirmiş kimi hiss edir.
Yeməklərin otaqlara çatdırılmasını ayrıca qeyd etmək lazımdır. Bəzi otellərdə yeməyi otağın qapısı qarşısında qoyurlar. Sifarişi otelin mobil tətbiqi vasitəsi ilə etmək olar. Ödəniş də eyni üsulla aparılır. Bir sıra otellərdə birdəfəlik yemək qablarının istifadəsinə keçiblər.
10. Qapı tutacaqları, lift düymələri, ictimai tualetlər, tutacaqlar, tez-tez toxunulan səthlər və s. müntəzəm olaraq dezinfeksiya edilir.
"Yaxşı otaq"
Turistlər daha çox özlərinin qaldıqları otaqların dezinfeksiya edilməsinə diqqət yetirməlidirlər. Bütün "yaxşı" otellərdə təmizliyə xüsusi diqqət yetirilir. Otaqlarda son dəfə aparılmış və planlaşdırılan təmizlik işlərinin cədvəli asılır, yeni gigiyena qaydaları haqqında məlumat verilir. Qonaq getdikdən sonra otaq təmizlənir, dezinfeksiya edilir və ozonlaşdırılır. Yeri gəlmişkən, bəzi otellərdə yeni otaq havalandırma rejimi tətbiq edilir, başqa sözlə desək, otaq bir neçə saat boş saxlanılır.
Lüks otellərdə dəhlizlər və otaqlar qara işıq lampaları və elektrostatik filtrlər vasitəsilə tamamilə yoxlanılır. Böyük otel şəbəkələri təhlükəsizlik və səhiyyə məsələləri ilə əlaqədar tibb mərkəzləri ilə əməkdaşlıq qurub, kiçik otellər ən azından dezinfeksiyaedici məhsullarla tam təchiz olunub.
Bir çox qonaqların yəqin ki, diqqətini çəkib, otaqlarda əşyaların sayı minimuma endirilib, bununla da otellər gigiyena qaydalarına əməl etmək üçün qonaqların tez-tez toxunduğu çoxlu sayda əşyaları təmizləmək qayğısından azad olub.
Əlbəttə ki, bütün otellərdə mütəxəssislər gələnə qədər koronavirus şübhəsi olan qonağın yerləşə biləcəyi xüsusi karantin otaqları olmalıdır.
"Ulduz xəstəliyi"
Aydındır ki, bütün otellər gigiyena tədbirlərinin bütöv kompleksinə əməl edə bilmirlər. Əslində otelin statusu, neçə ulduzlu olması burda əsas meyar ola bilər.
Ancaq bildiyiniz kimi turistlər fərqlidir, hamı lüks oteldə otaq sifariş edə bilmir. Orta səviyyəli oteldə otaq sifariş etməzdən əvvəl, sanitariya normalarına hansı səviyyədə əməl edilməsinə dair mümkün qədər çox şey öyrənmək lazımdır.
Bu mənada turistlərin rəyləri kömək edə bilər. Ancaq yadda saxlamaq lazımdır ki, sağlamlıqla bağlı qənaət insana baha başa gələ bilər. Buna görə də otel seçərkən qiymət kriteriyasına da diqqət etmək lazımdır. Nisbətən ucuz lakin, populyar otel illərlə qazandığı nüfuzunu zərbə altında qoymaq istəməz.
Unutmayın: özünə hörmət edən hər bir otel, koronavirus infeksiyası riskini azaltmaq və qonaqların təhlükəsizliyini təmin etmək üçün otel biznesi sahəsinin ümumi qaydalarına, qoyulan şərtlərə əməl edəcək.
Bəs bizdə necədir?
Azərbaycan Nazirlər Kabineti 2020-ci ilin avqustunda koronavirus pandemiyası dövründə otellərin işləmə qaydalarını təsdiqlədi. Ancaq bu qaydalar hostel, qonaq evləri və s. kimi obyektlərə şamil edilmir. Başqa sözlə, qaydalar kateqoriyasından asılı olmayaraq otel kimi təqdim edilmiş obyektlərin hamısına aid edilir.
Qaydalara görə, otellərdə dezinfeksiya işləri mütəmadi aparılmalıdır. Eyni zamanda, otaq boşaldıqdan sonra kompleks dizenfeksiya zəruridir. Başqa sözlə, orta səviyyəli otel seçsəniz belə bilin ki, Nazirlər Kabinetinin qaydaları orada da tətbiq olunmalıdır və olunur.
Ödənişin təmassız həyata keçirilməsi xüsusi qeyd edilib. Nağd ödəniş zamanı təhlükəsizlik və dezinfeksiya qaydalarına əməl edilməlidir. Sənəddə sifarişlərin mobil tətbiqlər üzərindən edilməsi barədə də qeyd var.
Etiraf edək ki, heç də bütün otellərdə belə xidmət tətbiq olunmur.
Bütün mehmanxana və otel işçiləri həftədə bir dəfə COVID-19 testləri verməlidirlər.
Bu qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Dövlət Turizm Agentliyi (GAT) tərəfindən həyata keçirilir.
Tələblərə cavab verən otellər GAT-dan "SAHMAN" sanitariya-gigiyenik nişanı alırlar. Yeri gəlmişkən, bu, ölkəmizdə otel seçərkən əldə rəhbər tutacağımız əsas meyar ola bilər.
Son olaraq: Turistlər arasında kiçik bir sorğu keçirdik və bu, otel seçmək üçün qiymət meyarları ilə bağlı qənaətimizin doğruluğunu təsdiqlədi. Azərbaycanda istirahət edənlərin 90% -i "4 ulduzlu" və daha keyfiyyətli otellərdə onlara dezinfeksiya aparıldığına dair məlumat verildiyini söylədilər. Otel statusu daşımayan digər qonaq evlərində isə temperaturun ölçülməsi və dizenfeksiyaedici məhlulların qoyulması ilə iş bitmiş hesab edilir.
Seçim sizə qalıb.
//aviatravel.az//


















