17-09-2026, 10:21 | Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı


Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 31.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 39 269 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93 203 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.

Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.

Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Respublica.az


17-09-2026, 09:28 | Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?


Azərbaycanda uzun müddətdir ki, peşəkar ordu modelinə keçid məsələsi müzakirə olunur. Türkiyədəki kimi ödənişli hərbi xidmətin tətbiqi, yaxud Gürcüstandakı kimi peşəkar hərbi xidmət modelinə keçid məsələsi də Azərbaycanda tez-tez gündəmə gəlir. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Azərbaycan tərəfi bu məsələni hərtərəfli hesablamalı və ondan sonra qərar verməlidir. Birinci növbədə nəyi hesablamaq lazımdır? Rusiya-Ukrayna müharibəsi göstərdi ki, əslində peşəkar ordu modelinin o qədər də ciddi effekti yoxdur. Yəni ordunun çağırışçılardan da formalaşması itkilərin yerini doldurmağı daha asan edir. Rusiya tərəfi bunu bu formada həyata keçirdi. Əslində Avropa ölkələrinin bir çoxu da açıq şəkildə qeyd edir ki, çağırışçılardan ibarət ordu sistemini yenidən formalaşdırmaq lazımdır.

Bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.

Onun sözlərinə görə, Almaniyada və Avropanın bir çox ölkəsində bununla bağlı işlər görülür:

“Hələlik isə ortada bir nəticə yoxdur. Çünki insanların bir çoxu orduya getmək istəmir. Amma real vəziyyət ondan ibarətdir ki, müharibələr göstərdi ki, çağırışçılardan formalaşan ordu daha effektivdir. Məsələn, Azərbaycan 44 günlük müharibədə və ondan sonrakı müharibə dönəmində qismən səfərbərlik həyata keçirdi. Ordu onsuz da çağırışçılardan ibarət idi.

Ödənişli hərbi xidmətin tətbiqinə gəlincə, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, ortada hələ sülh müqaviləsi yoxdur. Sülh müqaviləsinin olmaması bir yana, digər tərəfdən regionda təhdidlər var. Bu təhdidlərin qarşısını almaq, yaxud müstəqilliyi və suverenliyi qorumaq üçün Azərbaycanda kifayət qədər güclü və həcmli orduya ehtiyac var. Təbii ki, Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkənin ərazisi və insan resursları baxımından vəziyyət fərqlidir. Onlar tamamilə fərqli ordu modelinə keçmək istəyirlər. Amma hər hansı təhdid yaranacağı təqdirdə Gürcüstanın özünü nə qədər qoruya biləcəyi əsas suallardan biridir. Biz görürük ki, Ermənistan da hələ bu tip ordu modelinə keçmir. Türkiyədə isə insan resursu çoxdur və buna görə də Türkiyə bu modelə keçə bilər. Amma Azərbaycanda insan sayının azalması, yaxud doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlər var.

Hazırkı mərhələdə dünyadakı prosesləri nəzərə aldıqda, hələ də çağırışçıların qalması və bu sistemin davam etdirilməsi doğru yanaşmadır. Ancaq müəyyən müddətdən sonra peşəkar ordu modelinə keçid məsələsini həll etmək
mümkündür. Real vəziyyət isə ondan ibarətdir ki, peşəkar ordu modeli o qədər də effektiv deyil”.

Respublica.az


17-09-2026, 08:57 | Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)

Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)


Hazırda ölkədə bakalavr təhsilinin müddəti ixtisasdan asılı olaraq dəyişir. Əksər ixtisaslarda bu müddət 4 il, bəzilərində isə daha çoxdur.

Respublica.az
bildirir ki, Elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, müəyyən ixtisasların proqramları yenidən nəzərdən keçirilməklə təhsil müddətinin 3 ilə endirilməsi mümkündür.

Millət vəkili Ceyhun Məmmədov da artıq bir sıra ölkələr bu modelə keçir.

Onun sözlərinə görə, söhbət bütün bakalavr ixtisaslarının 3 ilə keçirilməsindən getmir. Dəyişiklik olacağı təqdirdə hansı sahələrin bu modelə uyğun olduğu təhsil proqramlarının məzmunu və mütəxəssislərin rəyi əsasında müəyyənləşdiriləcək.(Xəzər TV)

Respublica.az


5-09-2026, 10:00 | Təranə Axundova xəstəxanaya direktor təyin edildi

Təranə Axundova xəstəxanaya direktor təyin edildi


Salyan rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Respublica.Az
"Salyan media"ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramovun müvafiq əmri ilə Təranə Axundova Salyan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Təranə Axundova bundan əvvəl Salyan Mərkəzi Xəstəxanasında fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorun vəzifəsinin icrasına yaxın günlərdə başlayacağı gözlənilir.

Respublica.Az


5-09-2026, 09:58 | Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - VIDEO

Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir -  VIDEO


Bala dair sanitariya norma və qaydaları hazırlanır... Bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir...

Respublica.Az
bildirir ki, layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına icazə veriləcək.

Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir..

Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.

Respublica.Az


5-09-2026, 09:56 | Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - VIDEO

Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - VIDEO


Pik saatlarda sürücülərin vaxtını alan Binəqədi şosesindəki sıxlığın azaldılması üçün yol hərəkətinin təşkili dəyişdirilir.

Respublica.Az bildirir ki, Yerüstü Nəqliyyat Agentliyinin apardığı təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində nəqliyyat axınının buraxıcılıq qabiliyyətinin aşağı olduğu müəyyən edilib. Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə hazırlanan layihəyə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılıb və layihə qəbul olunub. Yeni hərəkət sxemi çərçivəsində kəsişmələrdə nəqliyyat axını daha səmərəli şəkildə istiqamətləndiriləcək.

Bu dəyişikliklərin əsas məqsədi həm yolun buraxıcılıq qabiliyyətini artırmaq, həm də müxtəlif istiqamətlərdən gələn avtomobillərin yaratdığı münaqişəli nöqtələri minimuma endirməkdir. Tural Orucov deyir ki, bütün bunlar pik saatlarında yaranan sıxlığı azaltmağa hesablanıb.

Bununla da Binəqədi şosesinin həmin hissəsində xüsusilə pik saatlarda yaranan sıxlığın azalacağı və nəqliyyatın daha sürətli hərəkət edəcəyi gözlənilir. Layihənin icrasına yaxın günlərdə başlanacaq.

Respublica.Az


4-09-2026, 09:22 | "Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması

"Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması



Azərbaycanda ictimai nəqliyyatda xidmətin keyfiyyətinin və davamlılığının artırılması məqsədilə yeni "brutto müqavilə" modelinin tətbiqinə başlanılıb. Bu sistemdə daşıyıcının gəliri sərnişin sayından deyil, müəyyən edilmiş qrafik, məsafə və keyfiyyət tələblərinə uyğun göstərdiyi xidmətdən asılı olacaq. Yeni yanaşmanın avtobusların, xüsusilə sərnişin sayının az olduğu saatlarda da qrafik üzrə fəaliyyətini təmin etməsi nəzərdə tutulur.

Respublica.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçidinin göstəricisi hesab edilə bilər.

Onun sözlərinə görə, ictimai nəqliyyatda maliyyə dayanıqlığının təmin olunması daha keyfiyyətli xidmətin göstərilməsi üçün əsas şərtlərdən biridir. Bu modelin tətbiqi uzun müddətdir müzakirə olunurdu və artıq onun praktiki icrasına başlanılması mühüm addımdır.

Ekspert qeyd edib ki, sistemə mərhələli keçid avtobusların əvvəlcədən müəyyən edilmiş qrafik üzrə daha stabil fəaliyyət göstərməsinə imkan verəcək:

"Bunun nəticəsində sərnişinlər avtobusların hərəkət vaxtını daha dəqiq planlaşdıra, daşıyıcılar isə sərnişin sayından asılı olmadan müqavilə üzrə müəyyənləşdirilmiş xidmət öhdəliklərini yerinə yetirə biləcəklər".

R.Ağamirzəyev hesab edir ki, "brutto müqavilə" gələcəkdə ictimai nəqliyyatda tarif və ödəniş sisteminin də təkmilləşdirilməsi üçün institusional baza yaradır:

"Belə ki, növbəti mərhələdə günlük, həftəlik və illik bilet paketlərinin, eləcə də 90 dəqiqə ərzində pulsuz keçid imkanlarının tətbiqi mümkün ola bilər. Bu cür həllər xüsusilə şəhərin uzaq ərazilərindən bir neçə nəqliyyat vasitəsindən istifadə etməklə hərəkət edən sərnişinlərin nəqliyyat xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.

Eyni zamanda, yeni sistem tələbələr və təqaüdçülər üçün güzəştli biletlərin tətbiqi istiqamətində qərarların qəbuluna da imkan verən mexanizm formalaşdıra bilər".

Ekspertin fikrincə, model həm daşıyıcıların maliyyə dayanıqlığını gücləndirəcək, həm də müəyyən edilmiş tələblərə əməl edən şirkətlərin daha keyfiyyətli xidmət göstərməsinə və ümumi marşrut şəbəkəsinin dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Nəqliyyat eksperti Razil Nağıyev isə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin əsas üstünlüklərindən biri daşıyıcının gəlirinin birbaşa sərnişin sayından asılılığının aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, yeni sistemdə avtobusun dolu və ya boş hərəkət etməsindən asılı olmayaraq, daşıyıcı əvvəlcədən müəyyən edilmiş marşrut və qrafik üzrə xidməti yerinə yetirdiyi halda, əsasən qət edilən kilometr və ya həyata keçirilən reys əsasında ödəniş əldə edəcək:

"Bu mexanizm xüsusilə axşam saatlarında və sərnişin axınının az olduğu marşrutlarda xidmətin davamlılığı baxımından əhəmiyyətlidir. Mövcud kommersiya yanaşmasında sərnişinlərin az olduğu vaxtlarda daşıyıcının xətt üzrə fəaliyyətini davam etdirmək marağı zəifləyə bilər. "Brutto modeli"ndə isə marşrutun konkret saatda kommersiya baxımından sərfəli olub-olmamasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulan xidmət tam şəkildə göstərilməlidir".

R.Nağıyev hesab edir ki, bununla avtobusların axşam saatlarında xəttdən vaxtından əvvəl çıxması, hərəkət intervallarının süni şəkildə artırılması və sərnişin azlığı səbəbindən avtobus sayının azaldılması kimi halların qarşısının alınması mümkündür:

"Bunun üçün müqavilələrdə hərəkət intervalı, xəttə çıxmalı avtobusların sayı, ilk və son reyslərin vaxtı və digər xidmət standartları konkret müəyyən edilməli, onların icrasına effektiv nəzarət həyata keçirilməlidir".

Ekspert bildirib ki, yeni sistem müəyyən dövlət maliyyələşməsini də nəzərdə tutur. İctimai nəqliyyat xidmətinin xərclərinin bir hissəsi yalnız sərnişinlərdən toplanan gedişhaqqı hesabına deyil, subsidiya mexanizmi vasitəsilə qarşılanacaq:

"Subsidiyanın həcminə marşrutun uzunluğu, avtobusların sayı və gündəlik yürüşü, yanacaq və enerji xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və müəyyən edilmiş xidmət standartları təsir göstərə bilər".

Onun fikrincə, burada əsas məsələ subsidiyanın ayrılmasından daha çox onun real göstərilən xidmətlə əlaqələndirilməsidir:

"Xəttə çıxmayan və ya müqavilədə nəzərdə tutulan keyfiyyət standartlarını təmin etməyən daşıyıcıya tam ödəniş edilməməlidir. Beləliklə, dövlətin ayırdığı vəsait konkret və ölçülə bilən nəqliyyat xidmətinin qarşılığı olmalıdır".

R.Nağıyev brutto modelinin uğuru üçün yalnız qət edilən kilometrin əsas götürülməsini kifayət hesab etmir:

"Ödəniş mexanizmi kilometr və xidmət keyfiyyətinin birlikdə qiymətləndirilməsi prinsipi əsasında qurulmalıdır. Bu zaman avtobusların xəttə çıxış faizi, hərəkət intervalına əməl olunması, ilk və son reyslərin vaxtında yerinə yetirilməsi, reyslərin tam icrası, nəqliyyat vasitələrinin texniki sazlığı, salonların təmizliyi, kondisioner və isitmə sistemlərinin fəaliyyəti, sürücülərin davranışı, sərnişin şikayətləri və təhlükəsizlik göstəriciləri əsas KPI-lar sırasında yer ala bilər".

Ekspertin yanaşmasına görə, avtobus xəttə çıxmadıqda həmin reys üzrə ödənişin həyata keçirilməməsi, zəruri hallarda isə əlavə maliyyə sanksiyasının tətbiqi məqsədəuyğundur:

"Hərəkət intervalının sistemli pozulması, son reysin yerinə yetirilməməsi və ya avtobusun texniki vəziyyətinin standartlara uyğun olmaması da əvvəlcədən müəyyən edilmiş cərimə və bonus-malus mexanizmi ilə tənzimlənə bilər. Bu, daşıyıcıların yalnız daha çox kilometr qət etməsinə deyil, həmin kilometr ərzində keyfiyyətli xidmət göstərməsinə iqtisadi stimul yaradar".

R.Nağıyev əlavə edib ki, brutto müqavilə modeli gedişhaqqı siyasətinin daha çevik qurulması üçün də imkanlar yaradır:

"Daşıyıcının gəliri sərnişinin birbaşa ödədiyi gedişhaqqından ayrıldığı üçün gələcəkdə gündəlik, həftəlik, aylıq və illik paketlər, tələbə və məktəblilər üçün güzəştlər, məsafədən asılı tariflər, həmçinin müxtəlif ictimai nəqliyyat növləri arasında inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi mümkün ola bilər.

Beləliklə, yeni model sərnişin üçün gedişhaqqının sosial baxımdan əlçatan saxlanılması ilə daşıyıcının maliyyə dayanıqlığının təmin edilməsini müəyyən dərəcədə bir-birindən ayırmağa imkan verir. Gedişhaqqından əldə olunan gəlirin real xidmət xərclərini qarşılamadığı hallarda isə yaranan fərqin şəffaf və xidmət göstəricilərinə bağlı subsidiya mexanizmi vasitəsilə kompensasiya edilməsi nəzərdə tutula bilər".


Respublica.az


4-09-2026, 09:17 | Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti -  VİDEO


Ürəkbulanma, baş ağrısı, ishal...

Son günlər uşaqlar arasında bu əlamətlərlə müşahidə olunan yeni virus infeksiyası yayılıb.

Həkim-pediatrların sözlərinə görə, müraciətlərin sayında artım var.

Aytən Ziyadova bildirir ki, bu virus hava-damcı yolu ilə qısa müddətdə yayıla bilir:

Həkim valideynləri diqqətli olmağa çağırıb. O, dərman preparatlarının yalnız həkim nəzarəti ilə verilməli olduğunu bildirərək xəbərdarlıq edib.

Daha ətraflı videomaterialı təqdim edirik.


4-08-2026, 08:55 | Nuridə Məmmədova vəzifəsindən azad edildi

Nuridə Məmmədova vəzifəsindən azad edildi


LRMX PHŞ-in direktoru yaşayış yerini dəyişdiyi üçün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Respublica.az xəbər verir ki, Lənkəran rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoru Nuridə Rafiq qızı Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunub.

N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017-2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022-2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. (nocomment.az)

Respublica.az

10-05-2026, 18:18 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş və BrendSport.az saytının, “Azal Binə Stolüstü Tennis Klubu”nun baş sponsorluğu və təşkilatçılığı,
"Scallezioni", “Natural Hali” və “Soel Parfum”un sponsorluğu ilə keçirilən stolüstü tennis üzrə komanda yarışı uğurla başa çatıb.

Yarış eyni zamanda məktəblərdə stolüstü tennisin təbliği və Azərbaycanda idmanın inkişafına dəstək məqsədilə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı və təşkilatçısı Yeganə Bağırova sözü layihə rəhbərinə verib.

Açılış nitqi ilə çıxış edən tədbirin layihə rəhbəri, BrendSport.az saytının baş redaktoru və stolüstü tennis müəllimi Bəhruz Səmədov Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini müəllim və şagirdlərdən xahiş edib. Daha sonra yarışın açıq elan olunduğunu bildirərək bütün iştirakçılara uğurlar arzulayıb.

8–9 may 2026-cı il tarixlərində keçirilən yarışda kiçik yaş qrupunun şagirdləri böyük həvəslə iştirak ediblər. İki gün davam edən turnirdə azyaşlı uşaqlardan ibarət 14 komanda mübarizə aparıb. Yarışda 6–10 yaşlı məktəblilərdən ibarət komandalar iştirak edib. Hər komanda 3 oğlan və 2 qız olmaqla 5 kiçik yaşlı şagirddən, həmçinin 11–16 yaşlı tennisçilərdən ibarət 1 oğlan və 1 qız şagirddən təşkil olunub.

Böyük siniflərdə təhsil alan tennisçi şagirdlər öz kiçik yaşlı məktəblilərinə dəstək olmaq və yarışın daha maraqlı keçməsinə töhfə vermək məqsədilə komandaların tərkibində yer alıblar. Beləliklə, komandalar ümumilikdə 7 nəfərlə yarışda iştirak ediblər.

Yarış boyunca yüksək rəqabət, maraqlı qarşılaşmalar və əsl komanda ruhu müşahidə olunub. Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək həm idmansevərlərə, həm müəllimlərə, həm də valideynlərə xoş anlar yaşadıblar.

Gərgin və maraqlı keçən mübarizələrin yekun nəticələrinə əsasən 3 “E” komandası yüksək nəticə göstərərək birinciliyi qazanıb.

I yer — 3 “E”
Komandanın rəhbəri Nərmin Qədimova.

Komandanın üzvləri:

1. Əsədzadə Məsumə
2. Əlibəyli Məryəm
3. Qafarov Emil
4. Kazımov Elşad
5. Pascasious Aaron
6. Səmədzadə Hüseyn
7. Əlizadə Məhəmmədhüseyn


II yer — 3 “A”
Komandanın rəhbəri Pərvanə Əkbərova.

Komandanın üzvləri:

1. Zeynəb Mirzəzadə
2. Məryəm Babayeva
3. Onur Mirzəzadə
4. Əli Əlizadə
5. Ərtoğrul Əliyev
6. Yasin Babayev
7. Hüseyn Əliyev
8. Məryəm Heybətova


III yer — 4 “D”
Komandanın rəhbəri Günel Məmmədova.
III yer — 4 “B”
Komandanın rəhbəri Əfsanə Salayeva.

Yarışın ən fəal və əzmkar komandaları isə 6 yaşlı tennisçilərdən ibarət kollektivlər olub. 5-ci yeri tutan 1 “E” komandasının rəhbəri Ülviyyə Zamanova və 6-cı yeri tutan 1 “M” komandasının rəhbəri Nisə İsmayılova olan komandaların şagirdləri xüsusi fəallıqları ilə seçiliblər.

Qalib komandaya keçici kubok və diplomlar təqdim olunub. II və III yerləri tutan komandalar isə diplomlar və sponsorlar tərəfindən təqdim edilən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Uşaqların stolüstü tennisə marağının daha da artırılması məqsədilə stolüstü tennislə daim məşğul olan şagirdlərə sponsorlar tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin sonunda qalib komandanın rəhbərinə təşəkkürnamə və sponsor hədiyyələri təqdim olunub. Həmçinin yarış ərzində komandalarını fəal şəkildə dəstəkləyən rəhbərlər də xüsusi təşəkkürnamələrlə təltif ediliblər.

Tədbirin baş hakimi, fiziki tərbiyə müəllimi Seyfəli Səmədov yarış boyu kiçik məktəblilərə ədalətli və peşəkar hakimlik edərək öz missiyasını yüksək səviyyədə yerinə yetirib.

Tədbirin təşkilatçıları Könül Əliyeva, Günel Məmmədova, Pərvanə Əkbərova, Ruslan Bağırov, Ülkər Məmmədova, Aygül Cəbiyeva, Günel Əzizova, Məhəmmədəli Səmədzadə və layihə rəhbəri Bəhruz Səmədov çıxışlarında bildiriblər ki, bu cür yarışların keçirilməsi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və komanda ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəhruz Səmədov eyni zamanda Heydər Əliyevin, onun siyasi davamçısı İlham Əliyevin və Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğının davamı olaraq idmana dəstək göstərən bütün məktəb kollektivlərinə təşəkkürünü bildirib.

Sonda BrendSport.az saytı adından tədbirin sponsorları — "Scallezioni" italyan kişi geyimləri mağazası, Azərbaycanın böyük xalça mağazalarından biri olan “Natural Hali” və parfum brendlərinin şahı sayılan “Soel Parfum”a sonsuz təşəkkür ifadə olunub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.