KİV: Rusiyanın Krımda vurulan hərbi gəmisinin 33 dənizçisi itkin düşüb
KİV: Rusiyanın Krımda vurulan hərbi gəmisinin 33 dənizçisi itkin düşüb


Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının Feodosiya limanında "Novoçerkassk" desant gəmisini vurması nəticəsində ən azı 33 dənizçi itkin düşmüş hesab olunur.

Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Astra" "Telegram" kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçi də yaralanıb.

Krımın hazırkı rəhbəri Sergey Aksenov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirib.

"Astra"nın məlumatına görə, ölən şəxs 64 yaşlı liman mühafizəsi işçisi Nadejda Tolşinadır.
Məlumatda, həmçinin qeyd edilib ki, hücum yerində "Storm Shadow" raketinin fraqmentləri tapılıb.

Zərbə zamanı "Novoçerkassk" gəmisində dənizçilərin olması faktı daha əvvəl "Agentstvo" nəşri və "VÇK-OQPU" anonim "Telegram" kanalı tərəfindən də bildirilmişdi.

Xatırladaq ki, dekabrın 26-na keçən gecə Ukrayna HHQ Feodosiya limanında "Novoçerkassk" desant gəmisini məhv edib. Daha sonra sosial şəbəkələrdə desant gəmisinin son görüntüləri yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində, həmçinin Feodosiya dəmiryol vağzalına da ziyan dəyib.

Respublica.Az



Tarix: 28-12-2023, 06:31