Xırdalanda ŞOK tikinti özbaşınalığı: Abşeron Rayon İcra Hakimiyyəti hara baxır? – VİDEO
Xırdalanda ŞOK tikinti özbaşınalığı: Abşeron Rayon İcra Hakimiyyəti hara baxır? – VİDEO



Abşeronda qanunsuz tikinti iddiaları və sakinlərin narazılığı davam edir. Xırdalan şəhərində aparılan tikinti işləri ilə bağlı sakinlər aidiyyəti qurumların hərəkətsizliyindən şikayətlənirlər.

Ölkəmizdə şəhərsalma və tikinti sahəsində qayda-qanunlara riayət olunmasının vacibliyi dəfələrlə vurğulansa da, Abşeron rayonunun Xırdalan şəhərində baş verənlər bir sıra suallar doğurur.
Respublika.az redaksiyasına Xırdalan şəhəri, Osman Sərvərli.küçəsində yaşayan bir qrup sakin müraciət edərək ərazidə aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl ərazidə fərdi yaşayış evinin yerləşdiyi sahədə ikimərtəbəli obyektin tikintisinə başlanılıb. Onlar iddia edirlər ki, tikinti işləri gündəlik həyatlarına ciddi maneələr yaradır, evlərində rahat yaşamaq imkanlarını məhdudlaşdırır.
Sakinlər narazıdır: rahatlığımız pozulub
Müraciət edən vətəndaşların bildirdiyinə görə, inşa olunan obyektin hündürlüyü ətrafdakı yaşayış evlərinə təsir göstərir. Sakinlər tikinti başa çatdıqdan sonra evlərində əvvəlki rahatlıqla yaşaya bilməyəcəklərindən narahatdırlar.
Bununla yanaşı, əraziyə beton daşıyan ağırtonnajlı avtomobillərin daxil olması da əlavə problemlər yaradır. Sakinlər bildirirlər ki, beton tökülən zaman avtomobillər yolu bağlayır, gediş-gəliş çətinləşir. Tikinti ilə əlaqədar yaranan səs-küy isə onların sözlərinə görə, gecə saatlarında belə istirahətlərinə mane olur.
Ən ciddi suallardan biri isə torpaq sahəsinin təyinatı ilə bağlıdır. Sakinlər iddia edirlər ki, tikintinin aparıldığı ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
Belə olan halda sual yaranır: torpağın təyinatı və tikintiyə dair qanuni tələblər nəzərə alınmaqla, həmin ərazidə ikimərtəbəli obyektin inşasına hansı əsasla başlanılıb? Tikinti üçün müvafiq icazələrin və zəruri sənədlərin olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılıbmı?
İcra hakimiyyətinə müraciətlər nəticəsiz qalıb?
Sakinlərin sözlərinə görə, onlar yaranmış problemlə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin müraciətlərinin nəticə vermədiyini bildirən vətəndaşlar aidiyyəti qurumların məsələyə daha ciddi yanaşmasını istəyirlər.
Onların iddiasına əsasən, müraciət edən şəxslər İcra Hakimiyyətinin memarlıq şöbəsinə yönləndirilsələr də, bu, narazılıqlarının aradan qaldırılmasına kömək etməyib.

Bu vəziyyət haqlı suallar doğurur: Xırdalan şəhəri, Osman Sərvərli küçəsində aparılan tikintiyə nəzarət edən qurumlar hansı tədbirləri görüblər? Torpaq sahəsinin təyinatı, tikinti sənədləri və işlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıbmı?
Əgər tikinti zamanı hər hansı qanun pozuntusu müəyyən edilərsə, bunun qarşısını almaq və məsul şəxslərlə bağlı qanuni tədbirlər görmək aidiyyəti qurumların vəzifəsidir.
Sakinlər Prezidentdən kömək istəyirlər
Problemin həllini tapmadığını bildirən sakinlər artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək məsələnin nəzarətə götürülməsinə və obyektiv araşdırılmasına kömək göstərilməsini istəyirlər.


Tarix: 30-10-2026, 15:57