Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır
Noyabrın 23-də paytaxtımızın "Dərnəgül" kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğın baş verdi.
report-a istinadən xəbər verir ki, taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Nəticədə yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxardı.
Buraya qədər hər şey aydındır. Qaranlıq qalan məqam isə odur ki, bəs elektrik şəbəkələrinin mühafizə zonasına niyə riayət olunmur?!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.
Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.
Qeyd olunan faktlar acı həqiqətdir, lakin ən acısı yüzlərlə kiçik sahibkarın ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi irili-xırdalı obyektlərin yanıb kül olmasıdır. Əlbəttə, bu hadisənin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Amma "Dərnəgül yanğını" təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir. Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company"nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Dörd gün sizə az gəlməsin, bu miqyasda bir müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir. "Baku Steel Company" QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.
Elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?! Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir.
Tarix: 26-11-2023, 18:31