Azərbaycan yaranan fürsətdən istifadə etməyi bacardı - ŞƏRH
Azərbaycan yaranan fürsətdən istifadə etməyi bacardı - ŞƏRH

"Azərbaycanın pandemiya ilə milli və qlobal müstəvidə gedən mübarizəyə verdiyi töhfələr, göstərdiyi təşəbbüslər və bunun nəticələri həqiqətən təqdirəlayiqdir və dünya üçün çox maraqlıdır".

Bunu milli.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan o ölkələrdən olub ki, özünün gücünü və təşəbbüslərini təkcə milli səviyyədə sərf etməyib:

"Biz artıq dəfələrlə müxtəlif dünya tribunalarında Azərbaycanın bu saydığım istiqamətlərdə əldə etdiyi nəticələrin nə qədər böyük rol oynadığına lazımı qiymət verildiyinin şahidi olmuşuq və ölkə Prezidenti başda olmaqla müvafiq orqanların işi yüksək səviyyədə qeyd edilib. Ümumdünya Səhiyy Təşkilatının (ÜST) sonuncu videokonfransında Azərbaycan Prezidentinin etdiyi çıxışa da ölkəmizin bu yöndə əldə etdiyi nəticələrin dünya miqyasında növbəti dəfə və daha detallı təqdimatı üçün bir fürsət kimi baxmaq lazımdır.



Ədalət xatirinə demək lazımdır ki, bu fürsətdən Prezident İlham Əliyev dövlət və cəmiyyət mənafeləri naminə maksimum faydalandı və Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya auditoriyası üçün təqdimatına verilən fürsətdən tam şəkildə istifadə olundu. Dünya bir daha eşitdi ki, pandemiya ilə mübarizədə Azərbaycan tək-tək ölkələrdən olub ki, özünün gücünü və təşəbbüslərini təkcə milli miqyasda, milli səviyyədə sərf etməyib, eyni zamanda qlobal səylərin birləşdirilməsinə və qlobal arenada pandemiya ilə mübarizə təcrübəsinin modelinin formalaşdırılmasına öz töhfəsini verib".

A.Quliyev deyib ki, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında Azərbaycan bir daha mövqeyini ortaya qoydu:

"Ölkəmizin sözsüz ki, ÜST-ə göstərdiyi birbaşa maliyyə yardımı (10 milyon dollar), eləcə də 30-dan artıq dünya ölkəsinə pandemiya ilə mübarizədə göstərdiyi müxtəlif səpgili dəstəklər barədə informasiyanın bu tribunada ölkə Prezidenti tərəfindən səsləndirilməsi ölkəmizin dünyadakı nüfuzuna və reytinqinə bir fayda gətirdi. Bundan başqa, Azərbaycan Prezidentinin qlobal müstəvidə pandemiya ilə mübarizə istiqamətində indiyə qədər göstərdiyi təşəbbüslərin sırasında ən qiymətlilərindən biri olan vaksinin ədalətli bölgüsü sahəsində mövqeyini bir daha ifadə etdi.



Dünya bir daha eşitdi ki, pandemiya ilə mübarizədə vaksinin ədalətlə bölünməsi dünyanın bütün ölkələrinin vaksinə bərabər çıxış imkanlarının təmin olunması, vaksin millətçiliyinin yolverilməzliyi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi var və bu mövqeni artıq 1 ildən çoxdur ki, Azərbaycan davam etdirir. Xüsusilə də Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə sahəsində ayrıca konfransının keçirilməsi, türk dövlət başçılarının Zirvəsində bu məsələnin müzakirə olunması, eləcə də Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi vaksin ədalətsizliyinə qarşı mübarizədə Azərbaycanın nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir. Çox təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti çıxışının əsas leytmotivi olaraq dünya ölkələrinin vaksin ədalətsizliyinə qarşı mübarizədə qüvvələrinin və səylərinin birləşdirilməsi çağırışını bu konfransda bir daha etdi. Və düşünürəm ki, bu çağırış dünya dövlətlərinin vaksin ədalətsizliyi siyasətini aparan ölkələrə qarşı vahid bir platformasının formalaşdırılmasında öz təsirini göstərəcək".

Təhməz Əsədov
Tarix: 4-06-2021, 08:00