Əxlaq nə deməkdir? Əxlaqın ən üstün hədəfi nədir?
Əxlaq nə deməkdir? Əxlaqın ən üstün hədəfi nədir?

Əxlaq elminə tərif verməzdən əvvəl biz gərək əvvəl əxlaqın nə olduğuna nəzər salaq. Əxlaq nədir? Əxlaq sözü xülq sözündən götürülmüş və mənası insanın batini gücü deməkdir. Onu ancaq bəsirət gözü ilə dərk etmək mümkündür.

Əxlaqı üç mənada istifadə edirlər:

1. İnsanda olan batini və ruhi sifətlər, mələkələr - əxlaqdır.

2. Bu əxlaqdan mənbə alan əməl və rəftarlar - əxlaqdır.

3. Əxlaq - bəyənilən əməllərdir.

Bəs əxlaq elmi nədir?

Əxlaq elmi o elmdir ki, yaxşı və pis nəfsani sifətləri və onlara münasib olan rəftar və əməlləri tanıdar. Yaxşı nəfsani sifətləri əldə etmək - bəyənilən əməlləri yerinə yetirmək, pis nəfsani sifətlərdən çəkinmək pis əməllərdən çəkinməklədir. Bu tərifə əsasən əxlaq elmi pis və yaxşı nəfsani sifətləri tanıtdığı kimi, ona uyğun olan əməl və rəftarları da tanıdır. Həmçinin insana fəzilətli sifətlərə çatmağın və rəzil sifətlərdən uzaq olmağın yollarını öyrədir.

Bəs əxlaq elminin hədəfi nədir?

Əxlaq elminin son hədəfi budur ki, insanı həqiqi kamal olan İlahi qürb məqamına çatdırsın. Bunun üçün də insan əxlaqi tərbiyə almalıdır.

Bəs əxlaqi tərbiyə nədir?

Əxlaqi tərbiyə deyildikdə, insanın bəyənilən nəfsani sifətlərə malik olması üçün daxili qüvvə və istedadlarını gücləndirməsi nəzərdə tutulur. Əxlaqi tərbiyə, əxlaq elminin bir hissəsini təşkil edir. Çünki tərbiyənin kökündə əməl və rəftar durduğu üçün, əxlaq elmi onu həqiqi yola tərəf yönləndirir.

Bəs dinimizin nəzərinə görə həqiqi əxlaq hansıdır?

Bu sualın cavabı, əxlaq elminin hədəfində və əxlaqi tərbiyədə gizlənmişdir. Belə ki, əxlaq elminin və əxlaq tərbiyəsinin son hədəfi - insanı kamala və saədətə çatdırmaq və Allaha yaxınlaşdırmaqdır. Ona görə də həqiqi əxlaq - o əxlaqdır ki, insanı saydığımız bu hədəflərə çatdıra bilsin.

Bəs əxlaqın neçə yolu vardır?

1. Filosofların yolu.

2. Peyğəmbərlərin (ə) və nəbilərin (ə) yolu.

3. İslamın xas adamlar üçün yolu.

Filosofların nəzərinə görə əxlaq xüsusi elmdir ki, insanları tərifləyər və tənqid edər. Yaxşı işi ona görə et ki, çünki insanlar onu yaxşı hesab edər. Pis işi görmə, çünki insanlar səni məzəmmət edər. Buna Aristotelin, Fərabinin, İbni Məskuyenin əxlaq nəzəriyyələrini misal çəkmək olar. Ancaq bu yol etimad ediləsi yol olmadığı üçün və bir çox çətinliklərlə qarşılaşdığı üçün, onu həqiqi əxlaq elmi adlandırmaq olmaz. Çünki hədəfində problem vardır. Həqiqi əxlaqın hədəfindən bəzən uzaqlaşır və insanların nəzərlərini daha irəliyə çəkir.

Peyğəmbərlər (ə) və nəbilərin (ə) əxlaq yolu isə odur ki, insanı behiştə aparacaq və cəhənnəmdən çəkindirəcək tövsiyələr və göstərişlər verir. Bu əxlaq elminin hədəfində də Allahın razılığı durur. Amma daha çox cənnət-cəhənnəm kontekstində. Bu yol:

1. İnsan fitrətinə uyğundur.

2. Mənbəyi İlahi vəhy olduğu üçün onda xataya yol yoxdur.

3. Bu yolu getmək hamı üçün mümkündür.

Necə ki, bu yolu Əbuzər, Əmmar, Miqdad, Bilal... getmişdi.

Bəs İslami əxlaqın xas yolu nədir?

İslami əxlaqın xas yolu odur ki, hər nə ki, Allah razılığına səbəb olar - bu, İslam əxlaqının yoludur. Bu yolda behiştə çatmaq və ya cəhənnəmdən uzaq olmaq əsil hədəf deyildir. Burada əsil hədəf - Allah razılığını əldə etməkdir. Çünki əxlaq elminin əsil hədəfi insanı İlahi qürb məqamına çatdırmaqdır.deyerler.org-
Tarix: 14-06-2020, 18:46