Azərbaycan millisinin sabiq hücumçusu: "Şalke"yə keçməklə arzuma çatdım"
Azərbaycan millisinin sabiq hücumçusu: "Şalke"yə keçməklə arzuma çatdım"

"Qol vuracağımı bilirdim. Çünki komanda məni çox yaxşı qarşıladı və öz yolumu asanlıqla tapdım. Əslində gərgin idim, çünki daha əvvəl ABŞ-da bir mövsüm oynadım".

Bunu Almaniya "Şalke"sinin əvəzedici komandasının yeni transferi olan Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Regional Liqanın III turunda Mönhenqladbax "Borussiya"sına vurduğu qol barədə danışarkən deyib.

73-cü dəqiqədə fərqlənən və bu qolla komandasına 1:0 hesablı qələbə qazandıran 30 yaşlı hücumçu yeni klubuna keçidindən danışıb. Təcrübəli forvard arzusuna çatdığını bildirib: "Hər zaman aparıcı, ən yaxşı futbolçu olmağa çalışmışam. Hazırda "Şalke"nin U-23 komandasında gənclər üçün nümunə olduğumu düşünürəm. Bu, mənim işimdir, vəziyyətimdən razıyam. Əsas komandaya fikir vermirəm. Mənim işim bu kollektivlə bağlıdır".

Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunun formasını geyinən Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.
Tarix: 26-08-2021, 13:56