Müstəqil Azərbaycanın çağdaş intibahının gerçək mənzərəsi
Dünyada ani bir zaman kəsiyində baş verən gərgin və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin davamlı xarici siyasət kursunun vacibliyini şərtləndirir. Buna sadəcə Cənubi Qafqaz regionunda 2020-ci ildə baş verən hadisələri misal göstərmək olar. Ötən il baş verən Ermənistan – Azərbaycan münaqişəsinin yendən alovlanması və Azərbaycanın 44 günlük müharibədə qarşı tərəfi kapitulyasiya sənədi imzalamağa məcbur etməsi bu regionun yeni simasını və gələcəyini müəyyənləşdirdi. Azərbaycanın hərbi uğurları, diplomatik uğurları ilə paralel irəlilədi. Çünki ölkəmizin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edirdi və bunun üçün həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalı idi. Belə də oldu. Azərbaycan Prezidentinin daxili və xarici siyasəti o qədər dəqiq cizgilərlə müəyyənləşdirildi ki, Ermənistan həm hərbi sahədə, həm də diplomatiya sahəsində idman termini ilə ifadə etsək, nakaut vəziyyətinə düşdü.
Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir. Bu bağlılıqda Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsusi əhəmiyyətli məsələ kimi göz önünə gəlir. Həmin məqamların işığında elə təkcə bu il baş tutan mötəbər beynəlxalq görüşləri qeyd etməklə Azərbaycanın xarici siyasətinin bir sıra aspektlərini yada salmaqda fayda var.
Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün ardınca verdiyi bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə olunmuş anlaşmaların inkişafı zərurətini bir daha təsdiqləyiblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımiza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir. Məlumdur ki, Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edildi. Bəyanatda Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanır. Bu istiqamətdə işlərə dəmir yolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunması barədə razılığa gəlindiyi qeyd olunur. Qarşılıqlı prinsipin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılıqlı prinsip kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər.
Geosiyasi zərurət onu tələb edir ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımalıdır. Əks-təqdirdə Ermənistanın da ərazi bütövlüyü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik. Avropa İttifaqı da bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi və nəqliyyat infrastrukturlarının yaradılması layihələrini iqtisadi baxımdan və investisiya vasitəsilə dəstəkləməyə hazır olduğunu bəyan etdi. Habelə, nəqliyyat bağlantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərət platformasının yaradılması təklifinə müsbət yanaşdı. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımından dəyişəcək. Bura münaqişə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək.
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6-cı Sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel səfərində NATO-nun mənzil-qərargahında olub, təşkilatın baş katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq, onların Kabul Hava Limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib.
Dövlət başçımız İlham Əliyev də, öz növbəsində, NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistanla sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxal etdiyini diqqətə çatdırıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə önəmli töhfə verməsi qeyd olunub.
Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın xarici siyasət tarixində Prezidentin Brüssel səfəri xüsusi bir hadisə kimi nəzərə çarpdı. Bununla yanaşı, Azərbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq, öz müstəqil mövqeyini də ortaya qoydu.
Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin Prezidenti və möhtəşəm zəfər çalmış ordunun müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət də aydın sezilirdi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı, adətən, qərəzli mövqe tutan və güclü erməni diasporu və lobbisinin təsiri altında olan Fransa Prezidenti Emmanuel Makron təşəbbüs göstərərək, Prezident İlham Əliyev və Ermənistan baş nazirinin iştirakı ilə qeyri-formal görüş keçirib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımlar edib.
Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zamanı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildirdi ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir.
Ümumiyyətlə, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan – Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi zamanı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bir sözlə, əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan, imza atılan və qəbul edilən Azərbaycan xalqının milli maraqları, iradəsi bütünlüklə əks olundu. Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət erməni revanşistlərinin bütün ümidlərinin üstündən xətt çəkdi.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamətin bu mənada böyük əhəmiyyəti var. İctimai diplomatiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə daha səmərəli çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Hazırkı şəraitdə Azərbaycanın belə müsbət beynəlxalq ictimai rəyə və dəstəyə xüsusi ehtiyacı var. Bu, Vətən müharibəsində qazanılan Qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün zəruridir. Avropada geniş oxucu kütləsinə malik nəşr olan, ingilis və ispan dillərində yayımlanan “El Pais” qəzeti üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab edilir. Prezident İlham Əliyev də bu fürsətdən tam yararlanaraq, hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.
Prezident bildirdi ki, son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlanması Azərbaycanın haqlı mövqeyini ortaya qoysa da, dövlət başçısı bir daha sülh mesajı verərək bildirdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.
Belə bir nüfuzlu nəşrin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyuluşu və ifadə tərzi də həmin maraq və əhəmiyyətdən xəbər verirdi. Xüsusən də, Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalistin İsrail və Türkiyə istehsalı olan PUA-ların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab göstərdi ki, Qələbə təkcə dronların sayəsində deyil, onların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsi və mükəmməl hərbi strategiya nəticəsində qazanıldı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “motivasiya, ruh yüksəkliyi və cəsarət Qələbəmizin əsas amilləri oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi.
Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq, bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdı, iddia edirdi ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi. Lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar.
Beləliklə, dövlətimizin başçısı bu fürsəti də layiqli dəyərləndirərək, Qərb ictimaiyyətinin diqqətinə çatdırdı ki, Qələbəmiz Avropa mediasında, adətən, təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışmamağımızdır.
Beləliklə, Prezident İlham Əliyevin Brüssel səfəri xarici siyasət prioritetlərimizin növbəti dəfə hədəfə çatması, böyük diplomatik uğurun yeni təntənəsi kimi qəbul edilməlidir. Brüssel görüşlərindən əvvəl bir sıra xarici siyasi ekspertlər və o cümlədən, elə erməni siyasətçilər də, guya, Qərbin və beynəlxalq qurumların Paşinyanın tələblərini yerinə yetirəcəyini, onu dinləyəcəklərini, üstünlüyü ona verəcəklərini qeyd edirdilər. Əlbəttə, biz bunun tam əksini gördük. Haqlı tərəf olaraq Azərbaycan bütün parametrlərdə dəstəkləndi. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan idi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi. Bu, onu göstərir ki, Azərbaycan dünyada həm qüdrəti, həm də çevik xarici siyasət manevrləri ilə ağır siyasi çəkiyə malik ölkəyə, hesablaşılan, qəbul edilən dövlətə çevrilir.
Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.
Tarix: 24-12-2021, 09:53