Ulu Öndər və milli mədəniyyətimizin tərəqqisi
Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu, bir gerçəklikdir ki, müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynayıb. Sözsüz ki, bu sırada şəxsiyyət – lider amili mühüm yer tutur. Bu mənada, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, müdrik və uzaqgörən siyasəti Azərbaycanın tərəqqisi və inkişafına xidmət edib.
Hələ Sovetlər dönəmində aqrar respublika olan Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış və bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünya miqyaslı ictimai-siyasi xadimin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı.
Ümummilli liderimiz SSRİ dövründə təkcə respublikamızı gücləndirmədi. O, Azərbaycan xalqını təhlükələrdən qorumaq və onun bir millət kimi formalaşması üçün ana dilimizin rəsmi dövlət dili olmasına nail oldu. Dahi şəxsiyyət bilirdi ki, bir millətin ruhuni, milli məfkurəsini, genetik yaddaşını və mənəvi dəyərlərini yox etmək üçün dil və dininini əlindən almaq yetərlidir. O bilirdi ki, ana dilimiz könül coğrafiyamızın gələcək inkişafı və türk birliyinə nail olmaq yolunda çox önəmli amillərdən biridir. Onu Türkdilli Dövlətlər Şurasının inkişafına, bütövlükdə, türk dünyasının inteqrasiya proseslərinə verdiyi töhfələrə görə əvəzsiz bir fenomendir.
Heydər Əliyevin ölkəmizin ən yeni tarixində, yeri və roluna nəzər salarkən onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, onun hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi. Eyni zamanda, müstəqillik dövründə ulu öndərin titanik və yorulmaz fəaliyyəti sayəsində müasir və qüdrətli Azərbaycanın sağlam təməlləri qoyuldu.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək, Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişlə Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdi. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin qarşısını alırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq, qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatları İran ilə münasibətlərdə son dərəcə gərgin vəziyyət almış və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Eləcə də, Gürcüstanda o vaxtkı hakimiyyət faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü. Bunun da nəticəsində Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.
AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi də xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdu. Bütün bunlara əlavə olaraq, erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ulu öndər o vaxtdan başlayaraq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Bu önəmli addımlar özünü, ilk növbədə, onda göstərdi ki, Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq praktikasına son qoyuldu. Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı. Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmininə nail oldu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu öndərin ölkəyə rəhbərliyindən sonra qazanılmış uğurlar xalqımıza və cəmiyyətimizə asanlıqla başa gəlməmişdir. Azərbaycan tarixinə müstəqilliyin Heydər Əliyev dövrü kimi daxil olmuş 1993-2003-cü illər müstəqilliyini qazanmış dövlətimizin təşəkkül dövrü idi.
Azərbaycan xalqı müdrik liderinin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Tarixin həmin dönəmində çevik siyasi addımlar atmaq, o cümlədən Ermənistan ilə müharibəni sabitləşdirmək, daxili çəkişmələri aradan qaldırmaq və beynəlxalq əlaqələri nizamlamaq qarşıda duran ümdə vəzifələr idi. Xalqımızın 1993-cü il böhranından çıxması, 1995-ci ilə qədər daxili çəkişmələrə, qəsblərə qarşı mübarizəsi müstəqil dövlətimizin yaşamasının sınaq dövrü oldu. Bu tarixi sınaqdan xalqımız ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrikliyi sayəsində uğurla çıxdı, dövlətçiliyimiz dağılmaqdan xilas edildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etsə də, müdrik rəhbər Azərbaycanı böyük bəlalardan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndər az müddətdə dövlətçilik ənənələrinin yaranmasına nail oldu, sivil, dünyəvi, hüquqi dövlətin qurulmasına şərait yaratdı. Ölkədə ictimai-siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaqla gənc oğul və qızlarımızın ədalətsiz müharibədə həlak olmalarının qarşısını aldı.
Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bir sözlə, Azərbaycan dayanıqlı inkişaf yoluna çıxdı.
Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əsas rol oynamışdır. Həmin prinsiplərə bu gün də ölkəmizdə ciddi əməl olunur. Ulu öndər cismən bizimlə olmasa da, onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız müdrik şəxsiyyətin qurduğu bünövrə üzərində ucalıb.
Heydər Əliyev ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü artıq bərpa edib. Ulu öndər gələcək nəsillər üçün, müstəqil Azərbaycan dövlətini bəxş etməklə, həm də xalqımıza mükəmməl dövlət idarəçilik qabiliyyətinə malik, güclü diplomat, qətiyyətli siyasətçi, məğlubedilməz və müzəffər Ali Baş Komandan yetirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, gələcək nəsillər üçün Heydər Əliyevin zəngin irsini, XXI əsrin ən güclü və xarizmatik liderlərindən olan Prezident İlham Əliyev daha da əbədiyaşar edəcəkdir. Bunu Vətən müharibəsində qazandığımız şanlı Qələbə də təsdiqləyir. 30 il Ermənistan işğalında qalan torpaqlarımız Prezident , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildi. Azərbaycan bu müharibədə həm də dünya erməniliyinə qalib gəldi. Bu Qələbə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidr.
Kərim Tahirov
Azərbaycan Milli Kitabxasının direktoru
Tarix: 10-05-2022, 15:40