Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimiz xalqa növbəti müraciətində bir daha milli maraqların Onun üçün hər şeydən üstün olduğunu sübut etdi
"Oktyabrın 9-da Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa növbəti müraciəti ilə bir daha sarsılmaz lider qətiyyətini, yenilməz siyasi iradəsini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyev bir daha Onun üçün milli maraqların hər şeydən üstün olduğunu sübut etdi. Hər bir azərbaycanlı bir daha tam əmin oldu ki, Azərbaycan işğal altında olan torpaqlarının bir qarışını belə düşmənə güzəştə getməyəcək".
Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan Ordusu artıq yenilməz sərkərdə olduğunu öz lider qətiyyəti və əməli fəaliyyəti ilə sübuta yetirmiş Ali Baş Komandanımızın rəhbərliyi ilə tarix yazır, işğal altında olan torpaqlarımızı qarış-qarış geri qaytarır: "Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanın beynəlxalq hüquqa hörmət edən, sivil, demokratik ölkə olduğunu nümayiş etdirib. Azərbaycan 26 ildir ki, səbir edir və bu strateji təmkin Azərbaycanın bir daha sülh tərəfdarı olduğunu isbatlayır. Lakin Azərbaycan siyasi-diplomatik gücü ilə yanaşı, bu gün hərbi gücünü də göstərir. Yəni Azərbaycan bütün dünyanın gözü qarşısında tarixi ədaləti bərpa edir. Azərbaycan Ordusu heç bir beynəlxalq təşkilatın icrasını təmin edə bilmədiyi BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizə dair qətnamələrini yerinə yetirir".
"Azərbaycan Prezidenti əvvəllər olduğu kimi, sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra ordumuzun başladığı əks-hücum əməliyyatlarının gedişi dövründə də istər xarici KİV-lərə müsahibələrində, istərsə də xalqa müraciətlərində dönə-dönə bəyan edir ki, Azərbaycanla hədə-qorxu dilində danışmaq mümkün deyil" - deyən Vüqar Rəhimzadə əlavə edib ki, Qarabağda müharibənin bu qədər geniş miqyas alması, minlərlə erməni hərbçilərinin ölməsi, düşmənin hərbi texnikalarının, infrastrukturlarının məhv edilməsi birbaşa Ermənistanın siyasi hakimiyyətinin səvhlərinin nəticəsidir: "Əgər zamanında Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin sülh çağırışlarına normal yanaşsaydı, rasional düşünüb praqmatik addımlar atsaydı, bu gün belə faciəvi vəziyyətə düşməzdi. Ermənistanın baş naziri Paşinyan bütün günü telefonla dünya liderlərinin qarşısında diz çökərək yalvarır ki, Azərbaycana təzyiq etsinlər. Lakin reallıq ondan ibarətdir ki, hazırda böyük dövlətlər də, beynəlxalq təşkilatlar da, media quruluşları da Azərbaycanın mövqeyinin ədalətli olduğunu qəbul edirlər".
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistanın savadsız və səriştəsiz rəhbərinin "Qarabağ Ermənistandır" deməsi və Azərbaycana qarşı absurd şərtlər irəli sürməsi onun ən böyük strateji səhvi oldu: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Ordumuzun gücü, qüdrəti, zəfər yürüşləri sayəsində bu gün Ermənistan tamamilə məğlub duruma düşüb. Bir zamanlar "Qarabağ Ermənistandır və nöqtə" deyən, absurd şərtlər irəli sürən, Şuşada "Yallı" gedən, qondarma rejimə "andiçmə mərasimi" keçirən Paşinyanın bircə çıxış yolu var: Ağ bayraq qaldırsın, təslim olsun, işğalçı qoşunları Qarabağdan təcili çıxarsın. Əgər Paşinyan Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan nəinki ordusunu itirəcək, hətta çıxılmaz sosial-iqtisadi, siyasi və hərbi böhranla üz-üzə qalaraq, tarix səhnəsindən silinəcək".(milli.az)
Tarix: 10-10-2020, 09:07