Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?
İşəgötürənin işçi qarşısında öhdəliklərindən biri də müəssisənin ləğv edildiyi halda işçiyə qanunla müəyyən olunmuş müavinətin verilməsidir.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Nüsrət Xəlilovun sözlərinə görə, hüquqi şəxs ləğv edilərsə və ya hüquqi şəxs olmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar fəaliyyətini dayandırarsa, işçilərin işinə qanunda nəzərdə tutulan əsasla xitam verilə bilər: "Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatır, hüquqi şəxsin isə mövcudluğuna son qoyulur. Hüquqi şəxsin ləğvi haqqında qərarı onun təsisçiləri qəbul edir. Fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi dedikdə isə sahibkarın öz fəaliyyətinə faktiki xitam verməsi başa düşülməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə işləyən bütün işçilərlə, hamilə qadınlarla, yaşı 18-dən az olanlarla, əmək qabiliyyətini müvəqqəti itirənlərlə, həmçinin məzuniyyətdə olan işçilərlə əmək müqaviləsi ləğv edilir".
Ekspert qeyd edib ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsi¬nin "a" bəndi ilə ləğv edildikdə isə işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
Belə ki, bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında və on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
Tarix: 18-06-2022, 07:30