Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.
Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülmüş, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsi demək idi.
Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.
Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaşmış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.
Aqil Məmmədov,
Milli Məclisin əməк və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı.
Tarix: 26-06-2022, 14:51