Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir

TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır.

AZƏRTAC bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".
Tarix: 22-10-2020, 14:48