"2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı"
2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısnda diz çökdü. Mən bu qələbə sevincini bizə bəxş edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, o cümlədən rəşadətli ordumuza özüm və seçicilərim adından dərin təşəkkür edirəm.
Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərfindən imzalanan birgə bəyanat işğalçı ölkənin təslimçilik aktıdır: "Lakin ölkəmiz bu uğuru heç də asanlıqla əldə etməyib. Bu uğurun əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəmiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici qələbə qazanması ilə başa çatdı".
"Noyabrın 10-da Azərbaycan xalqına müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqama xüsusi olaraq toxundu. Cənab Prezident dedi ki, "biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq". Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik" deyə, deputat əlavə edib.
Əldə edilən razılaşmanın tarixi əhəmiyyətinə gəlincə Vüqar İskəndərov deyib ki, bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu: "Eyni zamanda, Qarabağa heç bir status verilməyəcək, Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılacaq, Naxçıvan blokadadan çıxacaq, qardaş Türkiyə sülhməramlı prosesində iştirak edəcək. Bütün bunlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ölümcül məğlubiyyətidir".
Tarix: 11-11-2020, 12:00