Ombudsman Səbinə Əliyeva Aparatın kollektivi ilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Noyabrın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.
Ombudsman Aparatından milli.az-a bildirilib ki, əvvəlcə Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Ombudsman və Aparatın kollektivi Şəhidlər xiyabanı və II Fəxri xiyabanda Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Azərbaycanın inamlı qələbə qazanmasında xüsusi rəşadət göstərən ordumuzun şəhid olmuş hərbi qulluqçularına rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzu edirik.
Tarix: 11-11-2020, 12:10