İlham ƏLİYEV: "Bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik"
Qeyd etdiyimiz kimi, Azərbaycan öz layihələri ilə türk birliyini daha da gücləndirib, yeni əməkdaşlıq imkanları yaradıb. Bir neçə il əvvəl Bakıda keçirilən VII Zirvə görüşündəki çıxışında "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyən Prezident İlham Əliyev Səmərqənddəki çıxışında da diqqəti bu istiqamətə yönəltdi. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Prezident İlham Əliyevin toxunduğu məsələrdən biri də Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızla bağlı idi. Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Türk Dövlətləri Təşkilatı daha da güclənərək qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirməkdədir. Üzv dövlətlərin hər birinin yürütdüyü siyasət bütövlükdə türk dünyasının həmrəyliyini və əməkdaşlıq əlaqələrini daha da yüksəldir. Qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcək.
Manaf Manafov,
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi.
Tarix: 24-12-2023, 10:07