Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti özündə ümummilli maraqları ehtiva etməklə müasir dövrün çağırışlarına cavab verir
Azərbaycan cəmiyyəti demokratik inkişafının yeni mərhələsinə növbədənkənar prezident seçkiləri marafonu ilə qədəm qoyur. Artıq seçki hazırlıqlarının startı verilib. Cəmiyyətin mütləq gözləntisi özünü döğruldub. Hakim Yeni Azərbaycan Partiyası öz liderinin növbəti müddətdə dövlət başçısı seçilmək üçün namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyası YAP Sədri İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Ötən 20 ildə Azərbaycanı Ümummilli lider, müstəqil dövlətimizin banisi Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəli aparan Prezident İlham Əliyevin siyasi fəaliyyətini davam etdirmək uğrunda növbəti mübarizəsi 62 yaşının tamam olduğu günlərə təsadüf edir. Azərbaycan cəmiyyəti indidən ona son 2 əsrlik tarixinin ən böyük qələbəsini qazandırmış liderinin alternativsizliyi barədə qənaətlərini bildirməkdən çəkinmir. Prezident isə növbədənkənar seçki elan edərkən bütün demokratik tələblərə sonadək əməl edilməsi barədə qəti mövqe ifadə edib.
Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Bu gün ölkəmiz dünya qarşısında daha bir imtahana gedir. Növbəti 5 ildə Azərbaycanı dünya siyasətinin labirintlərində məharətlə irəliyə aparacaq, vətəndaş rifahını onun layiq olduğu yaşam səviyyəsinə yüksəldəcək bir ölkə başçısının seçimi qarşısındayıq. Deməli, cəmiyyətin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anıdır.
Belə bir anda millətimizin gələcəyi naminə dönüb geriyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur.
30 il əvvəl üzləşdiyi ağır tarixi sınaqlardan Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin öndərliyi ilə üzüağ çıxan Azərbaycan xalqı seçimində yanılmayaraq müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu. Sözlə ifadəsi sadə görünən, lakin enişli-yoxuşlu yollardan və siyasi təlatümlərdən keçərək bu günün mənzərəsini yaratmaq heç də asan olmadı. İlk növbədə, günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi.
Məhz xalqla birgə nəfəs alması, onun müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi çabalar Heydər Əliyevi xalqın əbədi Ümummilli liderinə çevirdi. Öz tarixinə hörmətlə, öz xilaskarına ümumxalq məhəbbəti və minnətdarlığı ilə yanaşan xalq Heydər Əliyev ideallarına sədaqətini 2003-cü il secimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtidarında olan yeni liderini – İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Həmin dövrdə İlham Əliyevi uğurlu seçim kimi fərqləndirən başlıca şərtlərdən biri onun müstəsna tarixi şəraitdə yetkin bir siyasətçi kimi yetirməsi idi.
Əvvəlki dövrdə çalışdığı rəhbər vəzifələrdə özünü doğrultması, ən başlıcası isə Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı. 2003-cü ildə prezident səlahiyyətlərinin icrasına başladığı zaman qarşısına qoyduğu ən böyük hədəflərdən biri kimi yeni iş yerlərinin açılması ölkənin ən böyük sosial bəlası olan işsizlik probleminin həll olunmasına şərait yaratdı.
O dövrdən etibarən bu günə qədər həyata keçirilmiş uğurlu sosial-iqtisadi proqramlarla, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yolu ilə bir milyondan çox yeni iş yerləri yaradıldı. Bu siyasətin ardıcıllığı və dönməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu. Çala-çuxurlu yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülmüş yaşayış binalarının, məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması, bütövlükdə, yeni ölkə quruculuğuna start verilməsi, ölkənin simasının kökündən dəyişilməsi möcüzə təəssüratı yaratsa da bütün bunlar xalqın gözü qarşısında baş verdi.
Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbaycan liderinin – İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayandı. Bu gün “dünyaya Günəş kimi doğan Azərbaycan” (Heydər Əliyev) məhz Lider – Vətəndaş vəhdətinin nəticəsi oldu. Azərbaycanda xalq və hakimiyyət vəhdətinin yeni, daha məhsuldar epoxası da məhz bu dövrdən başlayır.
İlk 5 illik prezidentlik dövründə ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə sonrakı 3 seçkidə daha inamlı qələbə qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev Ulu öndərin siyasi kursuna sadiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində “öz üslubunu” yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyasının davamlılığı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə – qlobal siyasətdə söz sahibinə çevirdi.
Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iqtisadi inkişafına vüsət verən proqramlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təhsilin, səhiyyənin, elmin tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana xəttini təşkil etməyə başladı.
Bu dövrdə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə, dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək dünyanın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi. Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi.
Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırımı faktı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu. Azərbaycanın bu illər ərzində öz ədalətli mövqeyindən bir addım belə geri çəkilməməsi, Ermənistanın bu problem üzərindən spekulyasiya manevrlərinin sıfıra endirilməsi, böyük iddialarının girovuna çevrilmiş işğalçı-separatçı rejimin beynəlxalq miqyasda küncə sıxışdırılması xarici siyasətimizin qələbəsi oldu.
Bu gün Azərbaycan beynəlxalq mövqeyi tarixində heç zaman olmadığı qədər güclü və sarsılmazdır. Eyni zamanda, regional müstəvidə göstərilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı regionunun lider dövlətinə çevirdi. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və qürurla qeyd etdiyi – “Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz” yanaşması bu günümüzün reallığı, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun və möhkəmlənən mövqeyinin əyani təzahürü oldu.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının ötən onillikdə də uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi oldu və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal əhəmiyyəti daha da artdı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi.
İlham Əliyevin ölkəyə rəhbərliyinin sonrakı illərində qarşıya qoyulan əsas hədəflərdən biri – qaçqın düşərgələrinin ləğv edilməsi, onlar üçün müasir tipli qəsəbə və şəhərçiklərin salınması, onların iş yerləri ilə təmin olunması uğurla həyata keçirildi. Bununla bərabər, ölkə iqtisadiyyatının enerji amilindən asılılığının azaldılması da hər zaman İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mərkəzində dayandı. Ümumdaxili məhsulun həcmində qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə artırıldı, çoxşaxəli inkişaf strategiyasının tətbiqinə başlanıldı.
Qeyri-neft sektorunun sabit və davamlı inkişafı hesabına yaxın gələcəkdə ümumdaxili məhsulun iki dəfəyədək artırılmasını, innovativ və bilikyönlü iqtisadiyyatın inkişaf etdirilməsini əsas hədəflərdən biri olaraq müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olundu və onun icrasına başlanıldı. Bu dövrdə ölkəmizə şərəf və rəğbət qazandıran ən böyük hadisələrdən biri də Azərbaycanın ilk süni peykinin – “AzərSpace”in fəzaya qaldırılması və onun kosmik sənayeyə sahib olan azsaylı ölkələrin sırasında yer alması oldu. Gənc bir dövlət olan Azərbaycanın kosmik ölkələr ailəsinə qatılması hər bir vətəndaşın öz dövləti ilə fəxr etməsinə, qürur hissi keçirməsinə şərait yaratdı.
Son 5 il ərzində Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu inkişafla tarazlı şəkildə həyata keçirilən idarəetmə qurumlarının restrukturizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından da digər dövlətlər üçün müsbət nümunəyə çevrilməkdədir. Elektron hökumətin formalaşdırılması tədbirləri çərçivəsində vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qarşılaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şəbəkəsinin respublika miqyasında qurulması istiqamətində görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı olduğunu göstərir.
Bütün bu uğurların kökündə ötən 4 seçimlərdə xalqın etimadını qazanmış və onu layiqincə doğrultmuş İlham Əliyevin modernist baxışları, prinsipial siyasi mövqeyi, öz xalqına və xalqın Ümummilli liderinin siyasi kursuna sadiqliyi və nəhayət, onun gərgin əməyi dayanır. Bu gün prezident olmaga iddialı şəxslərin siyahısında yer alan İlham Əliyev bütün məziyyətləri ilə başqalarından fərqlənən, eyni zamanda, öz təvazökarlığı ilə ən çox diqqəti cəlb edən və seçicilər tərəfindən xüsusi rəğbətlə qarşılanan bir namizəddir. Bu məqamda bir vətəndaş və bir siyasətçi kimi İlham Əliyev şəxsiyyətini opponentlərindən fərqləndirən özəlliklərə nəzər salmaq yerinə düşərdi.
Humanizm. Hər şeydən öncə İlham Əliyev humanist – insanpərvər bir siyasətçidir. Demək olar ki, hər bir çıxışında qeyd etdiyi – “Azərbaycanda dövlət siyasətinin təməlində insan amili dayanır” prinsipi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün layihələrin başlıca humanist ideyasıdır.
Fədakarlıq və təvazökarlıq. İlham Əliyev xalq tərəfindən seçilən, xalq üçün seçilən və xalqın firavan gələcəyi üçün yorulmadan çalışan bir siyasətçidir. O, eyni zamanda, əldə olunan bütün uğurları xalqın adına bağlayan təvazökar bir siyasətçidir. “Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”.
Çeviklik, cəsarət və qətiyyət. İlham Əliyev dünya birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən, Azərbaycanın xarici və daxili siyasət platformasını optimal tarazlıq müstəvisində zərgər dəqiqliyi ilə müəyyənləşdirən çevik, cəsarətli və qətiyyətli bir siyasətçidir. Yaşadığımız regionda, eləcə də beynəlxalq miqyasda bir göz qırpımında dəyişən situasiya xarici siyasətin daha çevik olmasını və bu siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb edir.
Dövlət maraqlarının ən ali səviyyədə qorunmasına xidmət edən diplomatik korpus şəbəkəsinin genişlənməsi, beynəlxalq və regional təşkilatların Azərbaycanın haqlı mövqeyini qəbul etdikləri qərarlarla dəstəkləməsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında və Qoşulmama Hərəkatında İlham Əliyevin yürütdüyü xarici siyasətin milli maraqlardan qaynaqlandığını və bu siyasətin daxili siyasətlə harmonik bağlılığını göstərən dəlillərdir. Bu baxımdan, Azərbaycanın ümumtürk inteqrasiya proseslərini və türk dünyasının bütövlüyünü şərtləndirən təşəbbüslərin İdeya Mərkəzinə çevrilməsi də İlham Əliyevin milli-tarixi və milli-mənəvi köklərə bağlı olan cəsarətli bir rəhbər olduğunu göstərir.
Sabitlik və Həmrəylik. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sabitliyin, davamlı iqtisadi inkişafın təmin olunduğu, dövlət siyasətinin mərkəzində vətəndaş marağının dayandığı bir ölkəyə çevrilmişdir. Bu gerçəkliyi görməmək mümkün deyil. Bu gün Xalq–Hakimiyyət konfiqurasiyasının bir tərəfində – vətəndaşı üçün layiqli həyat səviyyəsini təmin etməyi başlıca hədəf kimi müəyyən edən İlham Əliyev şəxsiyyəti, digər tərfində isə əvvəlki seçkilərdə İlham Əliyevə göstərdiyi etimadın bəhrəsini real şəkildə hiss edən, onu yenidən öz lideri kimi görmək arzusunda olan Azərbaycan vətəndaşı dayanır.
Bu gün çoxşaxəli inkişaf strategiyasının uğurla həyata keçirildiyi Azərbaycanda sabitlik onun əsas sərvəti və tərəqqisinin kökündə dayanan başlıca amildir. Azərbaycan seçicisi üçün əldə olunmuş uğurların davamlılığı, tərəqqi yolunun, sabitliyin dönməz xarakter daşıması daha çəkicidir. Burada özünün zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı dünya birliyinin aparıcı subyektinə çevirən İlham Əliyevin siyasi opponentlərlə müqayisədə mütləq üstünlüyü dərhal nəzərə çarpır və bu fərq hər bir Azərbaycan vətəndaşının seçimində həlledici olur.
Söz və Əməl. Yüksək xarizmaya, rəğbətdoğurucu şəxsi keyfiyyətlərə, üç dildə natiqlik məharətinə, əsaslı mövqeyin optimal təzahür maneralarına malik olan İlham Əliyev Azərbaycanın bir ucqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi yüksək tribunalarda da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq səriştəsi ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi Sözün arxasında Əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edə biləcəyindən daha artığını edə bilməyin mümkün olduğunu artıq öz əməlləri ilə sübut etmişdir.
Malik olduğu bütün müsbət məziyyətlərini, proseslərə rasional yanaşma qabilyyətini dövlətin daxili və xarici siyasət strategiyasına məharətlə hopduran İlham Əliyev XXI əsrin çağdaş ruhu ilə səsləşən müasir Azərbaycanı yaratmaqdadır. Bu prosesdə isə heç nə təsadüfən baş vermir, ölkənin siyasi, ictimai, iqtisadi, mədəni həyatını yönəldən proseslər onun daxili inkişaf məntiqindən, qabaqcadan ölçülüb-biçilmiş layihələrin, proqramlaşdırılmış fəaliyyətlərin ardıcıllığından irəli gəlir. Belə yaradıcı bir fəaliyyətin nəticəsində Azərbaycan kəndi tarixin heç bir zamanında görmədiyi təhsil, mədəniyyət və istehsal obyektlərinə sahib olur. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən kənd əhalisinin verdiyi sözü əməli işi ilə tamamlayan bir namizədi səmimiyyətlə dəstəkləyəcəkləri qətiyyən şübhə doğurmur. Səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-təchizat və tibbi xidmət potensialının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı siyasətin aparılması Azərbaycan həkiminin seçim etməsində əsas meyar olacaqdır.
Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş proqram və layihələrin uğurlu icrası, sahibkarlığa dövlət dəstəyinin yüksələn xətlə davam etməsi, əlverişli iş mühitinin yaradılması Azərbaycan sahibkarının seçimində həlledici amildir. Əmək şəraitinin yaxşılaşdırılması, yeni-yeni iş yerlərinin açılması kənddə və şəhərdə yaşayan zəhmətkeş insanların verilən sözə etimadını daim artırmaqdadır.
Dövlət qayğısını hər zaman hiss edən, yaşayış tərzi daim yaxşılığa doğru dəyişməkdə olan Azərbaycan təqaüdçüsü öz seçimində sosial rifaha işıq yandıran namizədi tərəddüd etmədən dəstəkləyəcək. Təhsil sistemində keyfiyyət dəyişikliklərinə hədəflənmiş, təhsil infrastrukturunun, onun maddi-texniki bazasının gücləndirilməsi, müəllim və tələbə heyətinin sosial rifahının yüksəldilməsi məqsədi daşıyan, mədəniyyət və incəsənət sahəsini intibaha çatdıran siyasət kursu Azərbaycanda yaradıcı insanların, müəllim və tələbələrin seçimində məhz İlham Əliyevə üstünlük qazandıracaqdır.
Nəhayət, İlham Əliyevi alternativsiz liderə çevirən onun son 2 əsrlik tariximizin ən böyük qələbəsini təmin etməsidir. Ulu öndərin Qarabağla bağlı vəsiyyətini böyük məharətlə gerçəkləşdirən siyasi varis itirilmiş torpaqlarımızı geri qaytardı və suverenliyini qətiyyətlə bərpa etdi. Torpaqlarımızın işğalı isə, sadəcə, Ermənistan–Azərbaycan davası deyildi. Bu işin arxasında hələ də Azərbaycanı əsarətdə saxlamaq istəyən beynəlxalq güclər dayanırdı. Azərbaycan dövləti və onun müdrik Prezidenti İlham Əliyev bu güclərin oyununu pozdu. Nəticədə, Azərbaycanın 30 il pozulmuz ərazi bütövlüyü təmin edildi. İndi artıq Azərbaycanın bütün ərazilərində suveren hüquqlarımız bərqərar olub. Bu isə xalqımız və dövlətimiz üçün tarixi bir uğurdur.
Azərbaycanı ötən illərin və indi də davam edən xarici təzyiqlərindən, təhdidlərdən və maneələrdən xilasetmək, Qarabağ savaşında qalib gəlmək və Azərbaycanın milli maraqlarını daha üst səviyyəyə çatdırmaq üçün əlbəttə ki, çox dərin bir zəka, dərin düşülmüş bir siyasət lazım idi. Belə bir siyasəti məhz İlham Əliyev ortaya qoydu. O, son 20 il ərzində bir çox hallarda özümüzün də inana bilməyəcəyimiz ən yüksək zirvələrə çatdırdı.
Bu ilin sentyabrında Azərbaycan beynəlxalq siyasətdə daha bir möhtəşəm qələbəsini qazandı. Dövlətimiz cəmi 24 saat sürən antiterror tədbirləri ilə 30 ildən çox bütün Cənubi Qafqazı gərginlikdə saxlayan bir münaqişənin son nöqtəsini qoydu. Xalqımız çoxdan arzuladığı yeni bir həyata başlamaq ərəfəsindədir.
Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsinin gələcəyini birdəfəlik müəyyən etdi. Qarabağın azad edilməsi türk dövlətlərinin də maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb. Vətən müharibəsi başlayarkən növbəti tarixi sınaq qarşısında biz yenə də Türkiyənin bütün imkanları ilə Azərbaycanın müdafiəsinə qalxdığını gördük. Ərdoğan hökuməti başda olmaqla bütün Türkiyə müharibə ilə bağlı erməni havadarları tərəfindən Azərbaycana edilən təzyiqlərin qarşısında mətanətlə durdu və bu təzyiqləri neytrallaşdırmaq baxımından Azərbaycanın haqq işinə tarixi bir dəstək verdi.
Ulu öndər Heydər Əliyevin siyasi dühası və misilsiz fədakarlığı nəticəsində müstəqilliyini bərpa etmiş dövlətimiz onun siyasi varisinin rəhbərliyi ilə özünün dinamik inkişaf yolunda uğurla addımlayır. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız Ali Baş Komandanın başçılığı altında şanlı Ordumuz tərəfindən azad edilib. Ölkəmiz və xalqımız sülh və əmin-amanlıq şəraitində yeni həyata başlayıb. Müharibədən sonrakı dövrdə Qarabağda həyata keçirilən abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc və fərəh hissləri ilə doldurur.
Qarabağın Fatehi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və Avrasiya miqyaslı geosiyasi proseslərə istiqamət verən qüdrətli Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev ötən 20 ildə xalqımızın xoşbəxt gələcəyinin və fıravanlığının sınaqlardan çıxmış ən mötəbər təminatçısı olduğunu misilsiz uğurları ilə sübuta yetirib.
Aqil Məmmədov,
Milli Məclisin deputatı.
Tarix: 24-12-2023, 12:43