“Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”
“Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”



Kəskin respirator virus infeksiyalarına yoluxma daha çox 5 yaşa qədər uşaqların payına düşür.

Respublica.Az "report"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.

O bildirib ki, kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir: "Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur".

G.Əliyeva bildirib ki, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir: "Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər".

Respublica.Az
Tarix: 27-12-2023, 05:12