Suriyada uzun müddətli qarşıdurmaların sonu: sülhə doğru yeni ümidlər
Suriyada illər boyu dəvam edən repressiyalar və iqtisadi durğunluq vətəndaşları rejimə qarşı narazı hala saldı. Beynəlxalq aləmdə rejimə qarşı olan təzyiqlər, habelə ölkə daxilindəki iqtisadi çökmə rejimin sonunu qaçılmaz etdi.
Əsəd rejiminin artıq mövcud olmadığı Suriya müxalifətin ölkə daxilində böyük əraziləri ələ keçirdiyi yeni mərhələyə qədəm qoyub. Bu keçid müxalifətin əsas güc mərkəzlərini öz nəzarətinə alması və yeni siyasi strukturun yaranması ilə müşayiət olunur. Son proseslər, xüsusilə müxalifətin Suriyanın böyük şəhərlərini və strateji bölgələrini nəzarətə alması, ölkənin gələcəyini təyin edəcək addımlardır.
Bu proseslərin nəticəsi olaraq, Suriyada milli birlik hökumətinin yaradılması vacibdir. Milli birlik hökuməti cəmiyyətin bütün qruplarını bir araya gətirərək ölkənin bərpasında həlledici rol oynaya bilər. Belə bir hökumət eyni zamanda daxili sabitliyin bərpa olunması və Suriya xalqının dəstəyini qazanmaq üçün əsası təşkil edəcək.
Bölgədə çoxsaylı aktorların mənafelərinin toqquşması Suriyanın ərazi bütövlüyü üçün ciddi təhlukə yaradır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin yardımı və dövlətlərarası dialoqun təşviqi vacibdir. Suriyanın ərazi bütövlüyü qorunmazsa, bölgə daha çox çətin humanitar və siyasi fəlakətlərlə üzləşə bilər.
Suriya böhranında Türkiyənin rolu özəlliklə qeyd edilməlidir. Türkiyə Suriyadan qaçqın axınını idarə etməklə yanaşı, ölkənin sabitliyinin bərpasında da əsas aktor kimi çıxış edir. Qarşıdan gələn dövrdə Türkiyə sülh prosesinin tərəqqisinə yardım etməklə yanaşı, ölkənin öz ayaqları üstə durması üçün iqtisadi və diplomatik dəstəyini davam etdirəcəkdir.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı da Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Suriya hadisələri ilə bğalı bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, Azərbaycan Suriyada baş verən prosesləri izləyir və eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirir.
Buradan nəticəyə gəlmək olar ki, Azərbaycan tərəfi də Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması, bu ölkənin əhalisinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir, və bunu Türkiyə ilə koordinasiya formasında həyata keçirəcək.
Belə ki, Xarici İşlər Nazirliyinin də bildirdiyi kimi, Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvardır.
Suriyadakı vəziyyətin xüsusilə də Türkiyənin, eyni zamanda region ölkələrinin dəstəyi və iştirakı ilə sabitləşməsi, sülhün bərpa olunması, humanitar vəziyyətin düzəlməsi bütün regionun marağında olmalıdır və yeganə həll yoludur.
Azər Qarayev,
Politoloq
Trend
Tarix: 11-12-2024, 20:50