Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyi
Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyi

Payız-qış aylarında yetkin insanlarda olduğu kimi, uşaqlarda da kəskin respirator virus infeksiyaları geniş yayılmış patologiya hesab edilir. Uşaqlarda belə virus infeksiyaları zamanı bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır. Adətən qızdırması olan uşaqları ev şəraitində müalicə edirlər. Əgər vəziyyət gözlənildiyindən ağır olarsa, risk almamaq üçün onların xəstəxanada müalicəsi məqsədəuyğundur. Bəs xəstəlikdən qorunmaq və onun yaradacağı fəsadlardan uzaq olmaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

Pediatr Aytən Şıxəliyeva 525.az-a azyaşlıların kəskin respirator xəstəlikləri haqqında danışıb.

Onun sözlərinə görə, qış aylarında havanın soyuması, hava çirkliliyinin artması, insanların daha sıx toplaşdığı yerlərdə yaşaması, xüsusilə, uşaqlarda çox rast gəlinən "soyuqdəymə" dediyimiz halların müşahidə olması bu fəsillərdə respirator xəstəliklərin artmasına gətirib çıxarır:

"Başlıca səbəblərdən biri də odur ki, viruslar canlı orqanizmlərdə yaşayır, cansız mühitdə məhv olurlar. Təəssüf ki, soyuq temperaturda viruslar cansız mühitdə 48-72 saat yaşaya bilir və virulentliyini, yəni xəstəliktörətmə qabiliyyətlərini saxlaya bilirlər. O ki qaldı uşaqlara, onlar həssasdırlar. Virusa yoluxmuş insanın uşağın yanında asqırması, öskürməsi, hətta nəfəs alıb-verməsi uşağı yoluxdura bilər. Əgər uşaqda narahatlıq və ağlağanlıq, xırıltı, xışıltı, öskürək, təngnəfəslik, iştahasızlıq olarsa, həkimə müraciət etmək lazımdır. Qeyd edim ki, südəmər uşaqlarda bu, döşdən imtina etmək, süni qida alanlarda əmzikdən imtina etməklə özünü göstərəcək. Əlbəttə, əsas göstəricilərdən biri və başlıcası hərarətin yüksəlməsi hesab edilir".

Pediatr əlavə edib ki, uşaqlarda bəzi peyvəndlərdən sonra və dişçıxarma dövründə də yüngül hərarət müşahidə oluna bilər. O cümlədən, biz, orqanizmə bakteriya və virusun daxil olduğu əksər xəstəliklərdə - sinir sistemi (meningit, ensefalit), həzm sistemi (qusma, ishal, qanlı nəcis), sidik-ifrazat (sidiyin rənginin, qoxusunun, miqdarının dəyişməsi) və s. xəstəliklər zamanı da istilik müşahidə edə bilərik: "Uşaqların xəstəliyi necə keçirməsi onun yaşından, immun sisteminin vəziyyətindən, premorbid fon dediyimiz əlavə xəstəliklərin, məsələn, raxit, anemiyanın olmasından, hətta qidalanmasından asılı ola bilər. Belə ki, 5 yaşında bir uşaq adi rinit və ya yüngül bronxitlə xəstələnə bildiyi halda, 6 ay - 2 yaş arası uşaqlar daha ağır bronxiolit (mütləq stasionar müalicə tələb edir), daha kiçik uşaqlar və yenidoğmuşlar isə hətta pnevmaniya kimi ciddi bir diaqnozla xəstələnə bilər. Bu, yaşla əlaqədar olaraq uşaqların tənəffüs sisteminin anatom-fizioloji xüsusiyyətləri ilə əlaqədardır. Digər səbəb allergik fonun olmasıdır. Xüsusilə tənəffüs allergiyası olan uşaqlarda aşağı tənəffüs yollarında, bronx və bronxiollarında daralma olduğu üçün dar mühitdə bakteriya və virusların çoxalıb artmasına daha əlverişli şərait olur, həmçinin, tənəffüs yolunun daralması tənəffüs çatışmazlığına qədər inkişaf edə bilər".

Həkim əlavə edib ki, hətta uşaqda titrəmə müşahidə olunsa da, əynini yüngülləşdirmək lazımdır. Örtmək, bükmək olmaz! Titrəmə qızdırma zamanı normal haldır anaların qorxmamağı məsləhətdir: "Əgər uşaqda bədən hərarəti yüksələrsə, temperatur u 29-32C olan suda isladılmış dəsmalla silmək məsləhətdir. Soyuq dəsmala bükmək, çox soyuq vanna etmək olmaz. Əksinə, damarları daraldıb hərarətin düşməyini ləngidə bilərik. Qeyd edim ki, uşaqlar üçün rektal yolla - 38.2 C, qoltuqaltı yolla - 37.2 C, qulaqdan ölçmə - 37.8 C temperatur normal hesab edilir. İstənilən yaş qruplarında qoltuqaltından hərarətin ölçülməsi daha etibarlı sayılır. Lakin sınma və civə zəhərlənməsi təhlükəsi olduğu üçün şüşə olmayan termometrlərə üstünlük vermək məsləhətdir. 6 ayına qədər rektal yolla, yaşdan yuxarı uşaqlarda qulaqdan da ölçmək olar. Dəri vasitəsilə elektron termometrlərdən istifadə bəzən dəqiq olmayan məlumatlar verir. Çünki onlar otaqda kondisioner və digər hava qızdırıcılarına qarşı həssas olurlar. Düzgün qidalanma, 6 ayadək ancaq və ancaq ana südü (hətta mayeyə belə ehtiyac yoxdur, 6 aydan sonra bol meyvə və tərəvəz, bol maye), gün ərzində təmiz havada saxlama, uşağın yatdığı otağın havasını tez-tez havalandırma, respirator xəstə olan mühitdən uzaq tutmaqla uşaqları viruslardan qoruya bilərik".

Həkim son olaraq əlavə edib ki, əgər 2 yaşdan kiçik uşaqlarda qızdırma 24 saatdan çox davam edərsə, 2 yaşdan böyük uşaqlarda qızdırma 3 gündən çox davam edərsə, qızdırma düşməsinə baxmayaraq, halsızlıq varsa, qızdırma ilə yanaşı, yuxarıda sadalanan hallar müşahidə olunarsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. (milli.az)
Tarix: 8-12-2020, 02:16