Düşmənin kabusuna çevrilən "Paşam" ləqəbli şəhid Musa Əsgərov
Düşmənin kabusuna çevrilən "Paşam" ləqəbli şəhid Musa Əsgərov


İşğalçı düşmənin kabusuna çevrilən "Paşam" ləqəbli baş leytenant Musa Əsgərov "Murov" zirvəsini fəth etdikdən sonra şəhadətə yüksəlib. İndi hər kəsin qəhrəmanına çevrilən "Paşam"ı bir az yaxından tanıyaq...

1997-ci il fevralın 17-də Cəlilabadın Sabirabad kəndində dünyaya göz açan Musa Əsgərov körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni əsirgəməyib. İdmanla məşğul olan Musa orta məktəbin 8-ci sinfindən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. 2018-ci ildə akademiyanı fərqlənmə ilə bitirən gənc leytenant XTQ-nin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında düşmənin kabusuna çevrilib. Murov dağ yüksəkliyi istiqamətində düşmənin 30 il müddətində qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşıb. Sentyabrın 28-də Murov zirvəsinə qalxmaqla, həmin gün qəhrəmancasına şəhidlik zirvəsinə də yüksəlib.

Şəhid anası Sevda Əsgərova: "Müharibə başlayandan hər dəfə qapımızda avtomobil dayananda ürəyim düşürdü, özümdə bir narahatçılıq vardı. Torpaqlarımız işğalçılardan təmizləndi, indi rahatam. Oğlum şəhid olub, mən də şəhid anasıyam. Onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi böyüdəcəyəm, Musanın oxuduğu məktəbləri oxuyacaq, onun kimi cəsur hərbçi olacaq".

Hərbi müəllimi Möhübbət Əhmədov: "Yeddinci sinifdən Musaya dərs demişəm. Musa demək olar ki, məktəbin bütün yarışlarında iştirak edirdi. Həm gücünə, həm bacarığına görə bütün yoldaşlarından seçilirdi. Məktəbimizdə gələcəyin polad iradəli, döyüşkən komandiri böyüyürdü. Musa baş leytenant rütbəsinə kimi yüksəldi. Müharibə başladı, döyüş meydanında düşmənə qan udduran Musa şəhid oldu. Qürur hissi keçirirəm ki, mənim şagirdim bu zirvəyə yüksəldi. Allah rəhmət eləsin".

Bu gün ailədə Musanın yoxluğu hiss olunmur. Onun şəhadətə qovuşmasından bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhid Musanın adını daşıyır. İkinci qəhrəmanın böyüdüyü ailədə indi hər kəs bu körpə ilə nəfəs alır.AZƏRTAC
Tarix: 10-12-2020, 06:20