"Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü" - Professor
"Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü" - Professor

Cənab Prezidentimiz İlham Əliyev və qonşu ölkənin baş naziri Nikol Paşinyan arasında keçirilən debat bir daha göstərdi ki, Ermənistan tərəfi həm tarixi, həm hüquqi-siyasi baxımdan haqsızdır.

Trend-ə fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri şərh edərkən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib.

Professorun sözlərinə əsasən, Paşinyan özünün çox bəsit, primitiv çıxışı ilə bir daha təsdiq etdi ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycana qarşı hərbi təcavüz edib, ərazilərini zəbt edərək əhalisini məcburi köçkünə çevirib: "Özünün hər sözü ilə Nikol Paşinyan gülünc vəziyyətə düşdü. Cənab Prezidentimiz isə, heç şübhəsiz, Paşinyanla müqayisə oluna bilməz. Paşinyan Prezidentimizin yanında çox aciz görünürdü. Tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçı olduğunu, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi. Hesab edirəm ki, bu debat Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyətidir".

Musa Qasımlı qeyd edib ki, ümumiyyətlə, Paşinyanın çıxışı onun savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını göstərdi: "O qədər gülünc danışırdı ki, onun bütün sözləri ikrah hissi doğururdu. Hər hansı bir münaqişəni eramızdan əvvəl olmuş, və ya olmamış hadisələrdən misallar gətirərək, dırnaqarası tənzimləmək gülüncdür. Bu adamın BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmağından xəbəri yoxdur.

Dünya bu gün universal beynəlxalq təşkilat olan BMT-nin qərarlarını görür. Təbiidir ki, Cənab Prezidentimiz dünya miqyasında olan görkəmli dövlət və siyasi xadimdir, beynəlxalq siyasəti mükəmməl bilir və Paşinyanı onunla heç müqayisə etmək də doğru deyil. Hesab edirəm ki, Cənab Prezidentimiz özünün həm nitqi ilə, həm də müasir diplomatiyada olan "bədən dili" ilə bizim millətimizə və dövlətimizə başucalığı gətirdi".
Tarix: 17-02-2020, 12:17