"Hacıqabuldakı işlər bütün ölkədə görüləcək"
"Hacıqabuldakı işlər bütün ölkədə görüləcək"



"Bölgələrimizin sosial iqtisadi inkişaf proqramlarının necə icra olunduğunu yoxlamaq və bu dövlət layihəsinin necə əhəmiyyətli olduğuna əmin olmaq üçün Prezidentin bölgəyə səfərləri olduqca böyük əhəmiyyət kəsb edir. Çünki bu səfərlərin gedişində biz Hacıqabul rayonunda da gördük ki, həm proqramların yerlərdə necə icra olunması vəziyyətinə dair məlumat ala bilirik, həm də bu layihənin ümumiyyətlə ölkə üçün nə qədər əhəmiyyətli və bölgələrimizin görkəmini, vəziyyətini dəyişdirməkdə necə böyük gücə malik olduğuna əmin olmaq mümkündür".

Bunu milli.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, aqroparkların açılması bölgədəki ümumi inkişaf prosesi üçün böyük təkan gücünə malikdir:

"Hacıqabul rayonunda Prezidentin aqroparkların, sənaye məhəllərinin yaradılması və onun əhəmiyyəti barədə fikirləri ümumiyyətlə ölkənin digər bölgələri üçün də maraqlı bir siqnal kimi qarşılanacaq. Çünki təkcə belə bir faktı demək kifayətdir ki, əgər bir aqroparkda kənd təsərüffatı sistemi üçün məhsuldarlıq dərəcəsi digərləri ilə müqayisədə iki dəfə artıq nəticə ortaya qoya bilirsə, demək belə aqroparklar layihəsi üzərində düşünməyə dəyər. Yəni ölkənin başqa bölgələrində də bu cür layihələrin, aqroparkların, sənaye məhəllələrinin və s. yeni formalarının tətbiqinə ciddi ehtiyac var. Çünki bu layihələr Hacıqabulun da timsalında göründüyü kimi həm rayon miqyasında, bölgədə işsizliyin aradan qaldırılması, bölgənin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək ehtiyyatlarından daha səmərəli istifadə olunması və ümumən bölgədəki ümumi inkişaf prosesi üçün böyük təkan gücünə malikdir. Ona görə Hacıqabul səfəri dövlətin sosial inkişaf proqramlarının real nəticələrini dəyərləndirmək baxımından əhəmiyyətlidir".

A.Quliyev deyib ki, Prezidentin Hacıqabula səfəri dövlət proqramlarının çox uğurlu bir layihə olduğunu göstərir:

"Bu proqramların həyata keçirilməsində çox təəssüf ki, bəzi hallarda biz məmur özbaşınalıqlarını da görürük, nöqsanlar görürük. Bu nöqsanların ortalığa çıxarılmasında və aradan qaldırılmasında da Prezidentin bölgəyə səfərləri böyük rol oynayır. Məsələn, orada bəlkə də kimlərəsə adi görünə bilər ki, suvarma suyunun bölünməsində məmur özbaşınalıqlarına dair Prezidentin tutduğu iradlara dərhal reaksiyalar gəlir, həm də təsdiqləyici reaksiyalar. Bəlli olur ki, hələ də bizim bölgələrimizdə suvarma suyunun ədalətsiz və qrup maraqları çərçivəsində məmurlar tərəfindən bölüşdürlməsi kimi hallara rast gəlinir. Ona görə də Prezidentin xüsusilə də Hacıqabula səfəri həm oranın sosial-iqtisadi vəziyyətinin, infrastrukturlarının və yeni iqtisadi texnologiyların tətbiqi sahəsində nə qədər dəyişdiyini göstərir, həm də bölgələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının çox uğurlu bir layihə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycanın başqa bölgələrinin hər hansı birində də sosial-iqtisadi inkişaf proqramları üzrə təhlillər aparılsa, bütün istiqamətlərdə xeyli dərəcədə dəyişikliklərin olduğuna əmin olacağıq".
Tarix: 22-04-2021, 12:44