Azərbaycan Prezidenti: "Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb, indi Şuşada su yoxdur"
Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.
Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik - ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik".
Tarix: 25-11-2020, 12:04