13-05-2024, 07:09 | Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü - VİDEO
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Bu gün Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən "Almazyood" və Mərakeşdən "Tizwit" qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub.
"Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də "Qarabağnamə" adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı - Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və "Natiq" ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival sabah Laçında konsert proqramları ilə başa çatacaq.
20-11-2023, 15:38 | “SƏNƏT” Uşaq Musiqi və İncəsənət Mərkəzi ölkənin mədəni təbəqəsinin formalaşmasına öz töhfəsini verir
"SƏNƏT" adlı uşaq musiqi və incəsənət mərkəzinin təsis olunması ölkənin mədəniyyət sahəsinə müsbət təsir etmişdir, və təsirini qısa zamanda təsdiq etmişdir. Uşaqlar gələcəyin aynasıdır və bu anlayış "SƏNƏT" mərkəzinin əsas istiqamətini təyin edir. Son altı ay ərzində mərkəzin tələbələri ölkənin önəmli festival və mədəni tədbirlərində uğurla iştirak ediblər.
Trend-ə istinadən bildirir ki, 2023-cü ilin 1 iyununda Şuşa şəhərinin tarixində ilk dəfə olaraq "HEYDƏR ƏLİYEV - TÜRK DÜNYASI BİRLİYİNİN BÖYÜK CARÇISI" adlı beynəlxalq uşaq rəqs festivalı keçirilmişdir.
"SƏNƏT" adlı uşaq musiqi və incəsənət mərkəzinin baş rəqs kollektivi öz iştirakı ilə festival tamaşaçılarının diqqətini çəkdi. Beynəlxalq rəqs festivalının məqsədi türk xalqlarının ənənələri ilə uşaqları tanış etmək və dünyada layiqincə öz mədəniyyətlərini təmsil etmək üçün platforma yaratmaqdır.
"SƏNƏT" mərkəzinin baş rəqs kollektivi festivalda uğurla iştirak etdiyi üçün fəxri fərmanla təltif edilmişdir.
Mərkəzin rəqs kollektivi ölkənin müxtəlif mədəni tədbirlərində iştirak edərək öz fəaliyyətini nümayiş etdirmiş və Azərbaycan Respublikasının tarixi qələbəsinə həsr olunmuş "ZƏFƏR" adlı musiqi və teatr festivalında yenidən səhnəyə çıxmışdır. Həmçinin, Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalında "SƏNƏT" mərkəzinin kiçik rəqs kollektivi müasir rəqs nominasiyası üzrə birinci yerə layiq gorülüb.
"SƏNƏT" mərkəzinin metodologiyası yalnız rəqs tədrisinə istiqamətli deyil. Mərkəzin musiqi sinifi də istedadlı tələbələr yetişdirir. Məsələn, musiqi sinifinin tələbəsi Aytən Nağızadə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş ikinci Bakı Piano festivalında dünyanın müxtəlif ölkələrinin musiqiçiləri ilə səhnəni paylaşdı. Gənc musiqiçilərin konserti Müslüm Magomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında baş tutmuşdur və konsertdən sonra Aytən Nağızadə festivalın diplomu ilə təltif edilmişdir.
Oktyabrın 7-də "SƏNƏT" mərkəzinin konsert zalında keçirilən gala-konsertdə ölkənin mədəniyyətinə əvəzolunmaz təsiri olan tanınmış musiqiçilər səhnədə çıxış etdilər. Alim Qasımov, Emil Əfrasiyab, Arslan Növrəsli, Nicat Məsimov, Elvin Novruzov, Alp Əliyev, Vurğun Vəkilov, Saleh Məmmədov,
Elvin Bəşirov kimi musiqiçilər öz musiqisi ilə tamaşaçıları sevindirdilər. Konsertdə Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə, Fikrət Əmirov kimi bəstəkarların əsərləri səsləndirilmişdir. Musiqi proqramı müasir caz aranjimanında təsvir edilən Azərbaycan musiqisini əks etdirdi.
15-10-2023, 06:35 | İradə Tuncay: “Örtüyü qaldırıb ayaqlarını öpdüm" - Müsahibə
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür.
Bu münasibətlə şairin qızı, tanınmış yazıçı-publisist İradə Tuncayla müsahibəni təqdim edir.
- Layihəyə dəvət alanada yada düşən ilk xatirə hansı oldu?
- Ha fikirləşdim müəyyən edə bilmədim. Amma bilirəm ki, lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda "vspışka" olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın "Əsgər qəbri haqqında ballada" poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı (öz soyadı da İbrahimovdur - red.) məzar görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.
- Maraqlıdır. Gedə bildiniz ora bəs?
- Mən taksi ilə gedəndə sürücüdən soruşmuşdum ki, burda belə bir qəbiristanlıq varmı? Cavan oğlan idi, dedi, mən tanımıram. Sonra axşam başqa bir taksiyə minəndə gördüm sürücü yaşlı adamdı. Ondan da eyni şeyi soruşanda dedi, da, yest, moqu pokazat. Amma təəssüf... Biz artıq aeroportla qayıdırdıq deyə görə bilmədim.
- Atanız da sizin kimi çoxlu səfərlər edirdi...
- Biz Yasamalda, "Sevil" kinoteatrı tərəfdə yaşayırdıq. İndi həmin kinoteatrın yerində bina tikiblər. Musabəyovun heykəli (indi o da yoxdu) tərəfdə üç balaca "xruşofka" ev var. Axırıncı, 3-cü bizim ev idi. Biz 5-ci mərtəbədə olurduq. Bax o həyətlə bağlı çoxlu təəssüratlar var. Mən həyətdə oynayırdım, o, işdən gəlirdi, məni çağırırdı. Bəzən olurdu, getmirdim evə, bəzən onunla birgə qalxırdım. Çox mehriban və isti adam idi. Qohumlarım vardı, evlərinə gedirdim, görürdüm ki, atası gələnə yaxın evə elə bil bomba düşür. Hazırlaşırlar, qorxurlar, nəyisə gizlədirlər... Mən çox təəccüb eləyirdim. Mən atamın gəlişinə sevinirəm, amma bunlar qorxur. Onun səfərlərdən gətirdiyi çamadanları çox böyük həvəslə gözləyirdim.
- Nələr olurdu çamadanlarda?
- Oyuncaqlar, geyimlər. O vaxt indiki kimi bolluq yox idi. Harasa gedəndə gətirirdilər. Məktəb forması, ayaqqabı burda olmurdu, Moskvadan gətirirdi. Bir dəfə bir oyuncaq almışdı mənə, motosiklet idi. İndi hər cür oyuncaq var. O vaxt elə qəribə bir şey idi ki, deməli qururdun "motosikl" hoppanırdı və düşürdü yerə. Apardım həyətə, uşaqlara göstərmək istəyirdim ki, görün mənə nə gətiriblər. Uşaqlarsa elə ilk gün oğurladılar oyuncağımı (gülür).
- Məmməd Araz evdə ata kimi necə idi?
- Ağır xasiyyəti vardı. Böyüyəndə bunu daha çox hiss elədim. Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə icazə vermirdilər getməyə. Ancaq dərs-ev, ev-dərs
- Atanız qoymuşdu bu qaydanı?
- Əlbəttə. Nə isə edəndə də mütləq ondan icazə almaq lazım idi. Çox qısqanc adam idi bu mənada. Məni ən çox təəssüfləndirən odur ki, sonradan mənim yetişkin, ağlım kəsən vaxtımda atam danışa bilmirdi. Onla oturub məni maraqlandıran suallara cavab ala bilmədim. Odu məni çox yandıran. İnsan həyatı bir gün qırılır. Labüddür bu, kimi tez, kimi gec. Məni həmişə incidən onun ağır həyatıdır, ölümü yox. Çox böyük təəssüf ki, mən onunla heç nəyi müzakirə edə bilmədim. Ancaq çalışırdıq ki, sağ qalsın.
- İradə xanım, Məmməd Araz həyat yoldaşı ilə necə tanış olub?
- Onun qardaşı APİ-də oxuyurdu. Anam da orada təhsil alırdı. Atam universitetə gedib-gələndə görüb anamı. Kələntər Kələntərli tanış edib onları. Bulvarda gəzəndə anam onun şeirlərini əzbərə deyib. O vaxt adamlar oxumağa çox həvəsli idi axı. "Azərbaycan" jurnalında şeirləri çıxıbmış, 57-58-ci illərdə. Anam Qubadandı, atam Naxçıvandan. Tam fərqli yerlərdi, qohum deyillər, dost deyillər. Beləcə tanış olublar.
- Bayaq dediniz ki, atamı həmişə daha çox sevmişəm, səbəb nə idi?
- Onu o vaxt anlamırdım. Yəqin sonradan düşünmüşəm bunu. Atamla ruhən çox yaxın olmuşuq ki, balaca bir uşağın qəlbində o hiss yaranıb. Ona münasibətim həmişə fərqli olub. Sonradan o zəif, köməyə möhtac halıynan elə bil mənim uşağım idi.
- İki qızı vardı...
- Hə, iki bacı olmuşuq.
- Ən çox sizinlə ünsiyyətdə olub?
- Mən böyüyəm axı. Bacım məndən 7 yaş balacadı. Atam xəstələnəndə bacımın 6 yaşı vardı. Nə görə bilərdi ki? Əsas onun tribunalarda çıxış edən, yaraşıqlı, gur səsli, yerişi ilə lərzəyə gətirən vaxtını mən görmüşəm, bacım görməyib. Və o, həmişə məni özü ilə poeziya gecələrinə aparırdı. O mühitin içində yetişmişəm. Şairlərin, yazıçıların, sözün içində yetişmişəm. Elə bil ki, həyatıma möhürünü vurub. Sanki alnıma yazılmışdı ki, ədəbiyyat adamı olmalısan. Əslində, hamı istəyir qızı həkim olsun, xüsusən də o vaxt lap dəbdə idi. Nəsə istəmədim getdim jurnalistika sahəsinə.
- Sizə onda nə dedi? Jurnalistikanı seçəndə?
- Heç nə demədi, hara istəyirsən ver dedi.
- Bayaq dediniz qısqanc adam idi, sizə də qadağalar qoyurdu. Məsələn, atanızın "olmaz" siyahısında nələr vardı?
- Qısa geyinmək olmaz, saçı belə yığmaq olmaz, diqqət çəkmək olmaz, bərkdən gülmək olmaz və s. O qədər qadağanın içində böyümüşəm, məni qadağalar o qədər yorub ki, indinin özündə də elə bil içimdə "bunu olar, bunu olmaz", "eləyim eləməyim" kimi şeylər baş verir. Məsələn, telefonla danışıram, on dəqiqədən çox olanda öz-özümə deyirəm, olmaz, mən çox danışdım. Yaxud televizora filan saata qədər baxmaq olar.
- Tutaq ki, birini sevsəydiniz gəlib atanıza deyə bilərdiniz onu?
- Yox, belə münasibətimiz olmayıb. Aqillə (Aqil Abbas - red) tanış olanda, Aqil də bilirdi ailədəki qayda-qanunu.
- Elçilikdə də mübahisə düşüb deyəsən...
- Mən hadisənin birbaşa iştirakçısı olmamışam axı, kənarda olmuşam. Onsuz da atam heç kəslə mübahisə edən deyil, məsələn olurdu nəyisə deyirdi, sən cavab verəndə deyirdi, yox, belə deyil, belədi. Mübahisə eləmirdi. Sonra sən görürdün ki, elə onun dediyi kimidi.
- Füzuli söhbəti olub deyəsən, atanız da deyib ki, bura qız istəməyə gəlmisiniz, mübahisə eləməyə yox.
- İnanmıram elə söz desin, bunlar Aqilin interpretasiyalarıdır.
- İki qızı olub atanızın. Heç oğul dərdi çəkib?
- Şeirlərində var bu arzu. "Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda". Belə misraları var. Mənlə bacımın arasında 3 uşaqları ölüb. Uşaqları doğulurlarmış, ölürlərmiş. Məndən sonra bir bacım qalıb. Allah vermirsə nə etmək olar? Özü şeirlərinin birində yazmışdı ki, oğlun yoxdu, sonun yoxdu dedilər. Kimin dediyini demirəm, amma həmin adamın heç özünün övladı olmayıb. İnsan nə qədər naqis biri olsun ki, adama belə bir söz desin. Lap döndü Dədə Qorqudda, "oğlu olanı ağ çadıra, qızı olanı qara çadıra..." Sənin qonağın gəlib apar qonaq kimi yola sal da. Görünür bu xalqın düşüncəsində var.
- İradə xanım, siz atanızı şair kimi nə vaxt tanımışdınız?
- Deyək ki, mənim atam televiziyada çıxış edirdi. O vaxt hər adamın atası televizorda danışmır axı (gülür). Yəni artıq uşaq ağlınla fərqi görürsən. Özü də bircə televiziya vardı. Atam verilişdəydi bir dəfə. Axı əvvəllər ancaq canlı yayım olurdu, "zapislər" hələ gəlməmişdi. İlk dəfə çəkilişdən sonra atamla birgə ona baxanda heyrətdən özümə gələ bilmirdim. Baş çıxara bilmirdim bu necə ola bilər. Həm sənin yanındadır, həm orda göstərirlər. O zaman 5-ci sinifdə oxuyurdum.
- Məmməd Arazdan ən çox sevdiyiniz şeir hansıdır?
- O qədər böyük, qüdrətli poeziyadır ki, seçmək çətindir. Mənə yazdığı "Gül töhfələr" məsələn. Amma ayırmıram heç birini.
- İradə xanım, Məmməd Arazın "Ədəbiyyat qəzetin"dən çıxarılması necə olmuşdu?
- Atam qəzetin baş redaktor müavini idi. Həmin il Nəriman Nərimanovun 100 illiyi tamam olmuşdu. Heykəl qoyulmuşdu, amma açılışı olmamışdı. Nərimanova həsr olunmuş nömrə çap olunmuşdu. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. May ayında çap olunub deyəsən. Sonra burdan başlandı donoslar yazılmağa. Deyəsən, Şaumyanın oğlu da şikayət eləmişdi ki, Nərimanov xalq düşmənidir, ona belə şeylər həsr edirlər. Erməni faktorunu qoyuram bir qırağa, bizim öz içimizdə o qədər nadürüst adamlar var ki... Biz həmin vaxt Şimali Qafqazda, Yesentukidə dincəlirdik. Atam bizdən ayrıldı, ezamiyyətə getməli idi, Sibir tərəfə. Biz qaldıq. İndiki kimi telefon yox idi. Şəhərlərarası danışmaq üçün məntəqələr var idi. Bakı ilə danışmaq üçün getdik. Anam danışdı, çıxdı. Dedi ki, bileti qaytarırıq, gedirik. Mən də uşağam da, başa düşmürəm nə olub. Xalam oğlu da bizimlə qalırdı orada. Dedi, nə olub, anam da dedi, bileti qaytar, gedirik, Məmmədi işdən çıxarıblar. Adam özü Bakıda deyil, məzuniyyətdədir və Yazıçılar İttifaqında müzakirə edirlər. Təbii ki, əmr yuxarıdan gəlir. Hə, iclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır buna, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdu, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Yəqin görülməmiş bir şeydi bu. İnsan özü ezamiyyətdə ola-ola, xəbər verilmədən adamı işdən çıxarırlar. Ondan sonra çöndü hər şey. Partiya söhbəti də olmuşdu. Partiyadan da çıxarda bilərdilər. O vaxt qorxulu bir şey idi bu, insanın həyatını söndürərdilər. Amma nə yaxşı ki, partiyadan çıxarmadılar. Ömrü boyu üstündə xalq düşməninin oğlu damğası olub. Və üstəgəl bu da olsaydı...
- Atanız işsiz qaldı...
- Hə. Düz iki il... Deməli, əvvəllər Yazıçılar İttifaqında "Litfond" deyilən təşkilat vardı. Yazıçıların həyatına kömək edirdi. Yardım fondu idi. Ehtiyac içində olana əl uzadırdılar, həm də o fondun xətti ilə yazıçılar rayonlara gedirdi, ədəbi görüşlər keçirirdilər. Ordan böyük qonorarlar alırdılar. Məsələn, kolxozlar varlı idi, işlək təsərrüfat idi. Gedirdin kolxoza. Bir rayonun 5 kolxozunda görüş keçirilirdi. Ordan həmin fondun hesabına pul gəlirdi və həmin puldan qonorar verirdilər. Atam iki il işləmədi. Biz iki il həmin o qonorarın hesabına yaşamışıq.
- Neçə yaşınız vardı?
- 12 yaşım vardı onda. Təbii ki, o auranı, dilxorçuluğu hiss edirdim. Amma onun içinə vara bilmirdim. Mən bunu o vaxt bilə bilməzdim, sadəcə evdəki gərginliyi hiss edirdim. Atam həmişə hər şeyi gizlədən adam idi. Həmin problemi yaşayan adamların hamısını dindirsəniz, onlar heç vaxt heç nəyi açıq danışmaq istəmirlər. Çünki dəhşətli anları görüblər. 37-ci illərin fırtınasından çıxan adamlardı hamısı. Atam da o kişilərdən idi və heç vaxt elə şeyləri evdə danışmırdı. Evdə ancaq ata idi. Böyük kimi evin problemlərini həll edirdi. Sizə deyim məişətdə çox bacarıqsız adam idi. Bir dənə mıx da vura bilmirdi. Elə şeyləri anam həll edirdi. Yəni böyük şair olmaq həm də həyatın bütün sahələrində uğurlu eləmir ki adamı.
- Əksər yaradıcı adamlar elə olur onsuz...
- Ömür boyu yazmaq şəraiti olmadı atamın. Gecələr işləyirdi... Hamı yatandan sonra... Uşaqlar, səs-küy mane olmasın deyə. Biz də digər otaqda yatırdıq ki, ona mane olmayaq. Otaq balacadı deyə yazı stolunu otağın ortasına qoya bilmirdi, yapışdırmışdıq divara. Onun belə şeiri də var: "30 il əyləşdim üzü divara". İndi başa düşmürlər ki, necə yəni 30 il üzü divara əyləşib. Nomenklatura şairləri, yazıçıları vardı o vaxt, onlara şərait yaradılırdı. Hər yerdə kitabları çıxırdı. Başı sığallı şairlərdən olmayıb atam. Əksinə, vurublar həmişə. Sözün həqiqi mənasında 30 il üzü divara əyləşmişdi.
- Həmin işsizlikdən sonra Məmməd Arazın halı pisləşdi...
- Hə, ondan sonra xəstələndi. Həmin vaxtlar yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə edirdi. İstirahətdə idik. Təbii ki, o, hər yerdə işləyirdi. Qayıtdıq Bakıya. Onda əlində titrəmə başladı. Diaqnoz qoymaq mümkün olmadı. Bizim əyalətdə həkimlər o xəstəliyin adını bilmirdilər. Neçə dəfə halı xarab oldu. Sonra getdi Moskvaya. Orada diaqnoz qoyuldu ki, bu xəstəlik parkinsondu. İndi hamı bilir, çox yayılıb. Sonra xəstəxanalar, həkimlər, ümid, xəyal qırıqlığı...
- Neçə il davam elədi?
- Düz 30 il. Cavan oğlan idi o xəstələnəndə. 41 yaşı vardı. Parkinson beyində bir mərkəzin sıradan çıxmasıdır. Və o mərkəz səni idarə edir. Danışığını, hərəkətlərini, yerişini. Əvvəl-əvvəl bir əlində başlayır, sonra keçir o biri ələ. Dil hərəkət edə bilmir. İflic deyil bu. Bir mərkəzin sıradan çıxmasıdır. Əslində statistikaya görə yaşlı adamlar tutulur bu xəstəliyə. Amma bunda tez oldu. İndi çox gəncləşib bu xəstəlik. Müalicəsi də yoxdur. Xəstəxanada yatanda anam deyirdi, orda elə xəstələr vardı ki, sürünə-sürünə gəzirdilər. Ömrünün son illərində atam tez-tez yıxılırdı, biz qaldırırdıq. Psixoloji bir şey idi bu, həmişə qapının kandarında durub gözləyirdi. Elə bil keçə bilmirdi. Həmin xəstəliyin simptomlarında da var. Kandardan içəriyə addım atmağa qorxmaq. Heç heyi qalmırdı. On addımlıq yolu on dəqiqəyə gedirdi. Çox vaxt oturduğu stulu evin içində sürüşdürüb aparırdıq. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi halda "Özüm gəzirəm" - deyirdi. Amma gəzə bilmirdi. Bəzən bütün bədəni titrəyirdi. Bəzən də körpə uşaqlar əllərini, ayaqlarını idarə edə bilmədiyi kimi o da öz bədənini idarə edə bilmirdi. Düşün ki, beynin səni sakitləşdirəcək mərkəzi sıradan çıxıb. Bütün bədəni tərpənəndə üstünə yıxılırdıq ki, sakitləşsin. Son vaxtlar deyirdi, elə istəyirəm yatım-qalım yazılarımın içində...
- Çətin olacaq bilirəm. Amma ölüm anını necə xatırlayırsınız?
- Anam zəng elədi. Dedi, atanın vəziyyəti pisdi, boğulur. Əynimə nəyi necə keçirdim, nə qədər vaxt keçdi bilmədim. İçəri girəndə anladım ki, bitib artıq. Evdə anama kömək edən qızı gördüm. Yerə çökmüş atamın başını qucağında saxlayırdı. "Nəbzi var" deyirdi. Anam "Təcili yardım çağırdım" - deyib qışqırırdı. Beynim dumanlı olsa da təcili yardımın yardımı olmayacağını anlayacaq durumdaydım. Gözləri açıqdı, əyilib üzümü dodaqlarına yaxınlaşdırdım, nəfəsi qalıbmı deyə. Oğlum gəlib çıxdı. Dumanlı gözlərlə içəri girən oğluma baxdım. Heç bilmədim ona kim xəbər vermişdi. Atamı yerdən qaldırıb divana uzatdıq. Anam qışqırırdı ki, xəstəxanaya aparaq. Maşına düşürdük, başını qucağımda saxlamışdım. Çağırırdım, hay vermirdi. Xəstəxanada xərəyi gətirib içəri salana qədər mənə elə gəldi ki, bir il keçdi. Həkim çox soyuqqanlı yaxınlaşdı. Sonra Məmməd Arazdı dedi, tanıdı. Tələsik nə isə aparatı işə saldı, gözlərinə baxdılar... Sonra həkim başını buladı, üstünə ağ örtük çəkdilər. O biri tərəfdə stolda ağır xəstə var idi, sağ idi. Qorxmasın deyə heç birimiz səsimizi çıxarmırdıq. Mən örtüyü qaldırıb üzünü-gözünü, əllərini, ayaqlarını öpdüm...
Xəstəxananın həyəti adamlarla doldu. Öz-özümə dedim ki, nə tez xəbər tutdular. Hə, bir də dəqiq xatırladığım bir fakt da var. Evə qayıdanda "24 "şirvan" pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün...
Həyətdə çox adam vardı, amma yadımda qalan Rəşad Məcidin baxışları idi. Xəbər tutub işdən qaçaraq evə dönən bacıma sarılıb ağladığımı xatırlayıram. Sonralar bacım demişdi ki, sənə paxıllıq eləyirəm, son dəqiqələrində yanında oldun.//kulis.az//
Respublica.Az
5-11-2022, 15:01 | “Həyatımda hər şey yarı olub, xoşbəxtlik də, kədər də...”
"Aktyor obraz oynayanda o həm tamaşaçını təəccübləndirməlidir, həm də heyrətləndirməlidir. Bizim teatrda istedadlı aktyor, aktrisalar çoxdur. Amma deyə bilmərəm ki, bizdən sonra gələn hansısa aktrisa məni təəccübləndirib. Mən yalnız Allahın möcüzələrindən təəccüblənə bilərəm. Bəlkə elə bir rejissor yaxud dramaturq lazım idi ki, təəccüblənək. Xarici ölkələrin teatrlarında aktyorun üstünə elə də məsuliyyət, güc düşmür. Çünki tamaşanın bir çox tərəflərini texnika ilə qururlar. Amma bizdə elə deyil, hətta dekorasiya yükü də üstümüzdədir"
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O, daha sonra əlavə edib.
"12 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hər zaman tələbələrimə başa salırdım ki, kinoda əsas gözdür. Aktyorda ikinci hiss deyilən bir şey var. Mən həmişə aktyorda ona baxıram, plastikanı falan qoyuram kənara. Bir çox kino ulduzlarını uşaqlıqdan sevmişəm. Kinoteatr olan məhəllədə böyümüşəm. Çünki Şuşada Vaqif kinoteatrı evimizin yanında idi, bir qulağım qapıda olub. Kinolara getmişəm, kino afişalarına baxmışam" deyə aktrisa bildirib.
Xalq artisti həyatda mübariz olduğunu bildirib.
"Heç kimə bənzəmək istəməmişəm, çalışmışam ki, öz adımla, soyadımla bu sənətə möhür vurum. Mənə kimsə özünü bənzətsin, amma mən özüm olmaq istəmişəm. Öz yolumla getmişəm. Yaşar Nurinin yanında çox şey öyrənmişəm. Qoç bürcüyəm, həm əziyyət çəkir, həm də liderlik edir. Mənim həyat amalımdır ki, mən bir şeyi əldə etmək istəyirəmsə o baş tutacaq. Bir ölümün çarəsi yoxdur, başqa hər şeyə çarə var. Ona görə də mübariz insanam. Yaşadığım heç nə üçün peşman deyiləm. Çünki həyatımda hər şey 50-50-yə olub. Xoşbəxt çağlarım da, ağır günlərim də. Amma onlar hamısı mənim olub" deyə aktrisa bildirib.
Xalq artisti böyük dramaturq İlyas Əfəndiyevin ona dediyi sözləri də xatırlayıb.
"İlyas Əfəndiyev mənə 2 məsləhət verib. Mən onun bu sözlərini ömrümün sonuna qədər unutmayacam. Deyirdi ki, qadın tapmaca olmalıdır. Heç vaxt səhnədə açıq-saçıq geyim dalınca qaçma, o zaman tamaşaçı üçün maraqsız olursan. Bir də deyirdi ki, fərq etmir, hansı səhnə arxasında olursansa ol, səhnəyə çıxmazdan öncə de ki, "mən, elə mənəm", özünə güvən" deyə sənətkar bildirib.
1-07-2022, 16:15 | "Son vaxtlar məni erotik videolarla şantaj edirlər"
Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu iddia edib.
axsam.az-a istinadən xəbər verir ki, aktyor bunla bağlı sosial şəbəkədə paylaşım edib. O, bir xanımın ona yazdığı mesajları yayımlayaraq, bunları əlavə edib:
"Əziz dostlar, xanımlar və cənablar, son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuna yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər.
Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən feysbuk, mesencer və whatsapp-ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər".
Qeyd edək ki, K.Abdullayev ötən ay qardaşını, bir neçə gün əvvəl isə bacısını itirib.
24-06-2022, 15:24 | Yazıçılar Birliyinin sədri Prezidentə təşəkkür edib
Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb.
AZƏRTAC-a istinadən bildirir ki, Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.
Ətraflı
Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.
Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.
Sağ olun, var olun!".
19-06-2022, 13:28 | Açıq-saçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi - Hansı aktyorlar onun üstündə davaya çıxdılar?
Əktrisa, Əməkdar artist Zemfira Sadıxova haqqında maraqlı faktları təqdim edir.
Zemfira Emin qızı Sadıxova 17 iyun, 1939-cu ildə Bakıda anadan olub. Ailədə üç uşaq olublar: iki bacı, bir qardaş. Gənc yaşından teatr və kinoya məhəbbəti olub. Anası ilə şəhər kinoteatrlarına gətirilən bütün filmlərə gedib baxmağa çalışırmış. "Vətən", "Azərbaycan", "Nizami", "Araz" kinoteatrları onların ən çox getdikləri məkan olur. Gələcəyin aktrisasını kinoya bağlayan isə 1940-cı ildə amerikalı rejissor Mervin Leroyun çəkdiyi "Vaterloo körpüsü" olur.
Məktəb illərində qılıncoynatma dərslərinə, idman gimnastikasına və at sürməyə gedir. Musiqini çox sevir. O vaxtlar çoxunun evində radio yox idi. Sevdiyi melodiyaları dinləmək üçün tez-tez xalasıgilə qaçırmış.
***
Səkkizinci sinifdə oxuyanda, AzNeft-də "Tibb işçiləri" klubunun nəzdindəki dram dərnəyinə gedir. Müxtəlif tamaşalarda iştirak edir. 1957-ci ildə "Səməd Vurğunun şerini ən yaxşı oxuyan" adlı müsabiqə keçirilir. Həmin müsabiqədə Gənc Tamaşaçılar Teatrının aktyorunu birinci, onu isə ikinci yerə layiq görürlər. Müsabiqədə münsif kimi iştirak edən İslam Səfərli Zemfiranı yadında saxlayır. Zemfira xanım bir gün atası ilə yol gedərkən tanınmış şair İslam Səfərli ilə rastlaşırlar. İslam müəllim onun atasına deyir ki, qızı çox istedadlıdır, gələcəyin əsl aktrisasıdır. Emin bəy isə bununla bağlı narazılığını bildirir, qızının aktrisa olmasına etiraz edir.
Məktəbi bitirdikdən sonra qonşu olduğu, uşaqlıqdan bir yerdə oynadığı oğlanla ailə həyatı qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Ancaq bir neçə ildən sonra aktrisanın həyat yoldaşı dünyasını dəyişir.
***
Daha sonra o, Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyir. Valideynləri isə onu buraxmır. Deyirlər ki, ora uzaqdır, orada tək yaşaya bilməzsən. Bundan inciyən Zemfira növbəti sənət seçimini də özü etmir, valideynlərinin ixtiyarına buraxır. Və sənədlərini ADU-nun İqtisad fakültəsinə verir.
Zemfira xanım hər dəfə Bakıda yerləşən Teatr İnstitutunun yanından keçəndə göz yaşlarını saxlaya bilmirmiş. Ürəyində qalan arzusuna görə xiffət çəkirmiş.
***
İqtisad fakültəsində yarım semestr oxuduqdan sonra nəhayət ki, özündə cəsarət tapıb sənədlərini geri götürür və Teatr institutuna gedir. Adil İskəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və Rahib Hüseynov kimi tanınmış pedaqoqların qarşısında imtahan verib Teatr İnstitutuna qəbul olunur.
***
Dördüncü kursda Cəfər Cabbarlının "Almaz" pyesində Fatmanisə obrazını canlandırır. Hər kəs onun bu ifasını bəyənir. Rejissor Mehdi Məmmədov isə belə deyir:
"Mən tələbələrin işinə baxanda Fatmanisə obrazı diqqətimi cəlb etdi. Kimin oynadığını soruşanda, dedilər ki, adı Zemfiradır... lakin tanıya bilmədim. Sonradan həyatda onu görəndə heyrətə gəldim. Belə gənc, ziyalı, gözəl bir qız çox yaşlı olan Fatmanisənin rolunu necə də məharətlə ifa etdi... O, bütünlüklə obrazın özünə çevrilmişdi!"
***
İnstitutu bitirdikdən sonra onu təyinatla Gənc Tamaşaçılar Teatrına göndərirlər. Xalq artisti Yusif Vəliyevlə ilk tanışlığı da orada olur. İşlədiyi iki il ərzində o teatrda heç bir rol almır, ancaq kütləvi səhnələrə çıxır. Yalnız "Son məktub" tamaşasında sonradan başqa ifaçının yerinə təyin olunur. Burada Yusif Vəliyev onun atasını oynayır.
Yusif Vəliyevin ikinci evliliyi də uğursuz olandan sonra o, özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir. Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir. Aktrisa həmin illəri belə xatırlayır:
"Yusifi ilk dəfə 1965-ci ildə Kürdəmirdə "Komsomol" tamaşasındakı Gəray bəy rolunda görüb vuruldum. O vaxta qədər onu tanımırdım. Səhəri günü hamılıqla bərabər yemək yeyəndə söhbət edib, tanış olduq. Kürdəmirdən qayıtdıqdan sonra ailə qurduq. 1965-ci ildə rəsmi nikahımız olsa da, bir yerdə yaşamırdıq. Mən anamla, Yusif də qızları ilə yaşayırdı. Yusifin o zaman evi yox idi. Yoldaşının sağ olduğunu biləndən sonra oğlumu, anamı götürüb İrəvana getdim. Ayrılıq vaxtı mənə çoxlu məktublar yazırdı, oxuyub ağlayırdım. Heç kim bilmir, amma Yusif çox romantik idi. Məni çox sevirdi. Niyə onun yanına qayıtdım - soruşursunuz. Onu mənə, mənim ona sevgim tükənməzdi... Gəldim və ayrıla bilmədim. Nə mən, nə o... Birlikdə anamgildə yaşamağa qərar verdik. Məni teatrda işləməyə qoymadı, ona görə radioya getdim".
Hüseyn Seyidzadə "Torpaq, dəniz, od, səma" filmində Zemfiranın rolunu görür və onu "Dəli Kür" filmində çəkməyi planlaşdırır. Filmdəki açıq-saçıq səhnəsi isə ona sonralar müəyyən problemlər yaradır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:
"Bir gün trolleybusda kinostudiyaya gedərkən hiss etdim ki, kimsə diqqətlə mənə baxır... Hüseyn Seyidzadə idi. Yaxınlaşıb məni "Dəli Kür" filminin fotosınaq çəkilişlərinə dəvət edib dedi, eşitmişəm, sən açıq-saçıq filmlərə çəkilməzsən, Yusif icazə verməz. Dedim, Yusif həyat yoldaşımdır, mən isə aktrisayam. Əgər siz məni dəvət etmisinizsə, nə lazımdır, necə lazımdırsa, elə də çəkiləcəyəm. O səhnəni oynamasaydım və məni filmdən azad etsəydilər, deməyəcəkdilər ki, Zemfira həya-abır edib çəkilmədi, deyəcəkdilər ki, gör nə qədər qabiliyyətsizdir. Çünki sonralar da mənə qabiliyyətsiz damğası vurmuşdular. Mənim qabiliyyətli və qabiliyyətsiz olmağımı filmlərim göstərdi. Atam filmə baxıb çox bəyənmişdi. Yusif də heç bir etiraz etmədi, bircə 9 yaşlı oğlum dedi ki, mama, bir də elə filmlərə çəkilmə."
Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Zemfira Sadıqovanın sözlərinə görə, Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü ilə bağlı bir problem səbəb olub:
"Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər, bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar, ya yox. Yusif ozamankı Mədəniyyət nazirinin yanına getmişdi. İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı".
Zemfira xanımla ailə quranda aktrisa xörək bişirməyi bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib, xörəkləri bişirməyi öyrədib.
***
Yusif Vəliyev erkən dünyasını dəyişdiyi üçün aktrisa gənc yaşda dul qalır. Üstəlik, atasının ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi yaşayır, beş il həkimlərin nəzarətində müalicə alır. Oğlunu və qızını təkbaşına böyüdən aktrisa çox məhrumiyyətlərlə üz-üzə qalır. Üstəlik işsiz qalmaq təhlükəsi də yaşayır:
"Cəmil Əlibəyli "Azərbaycanfilm" kinostudiyasının direktoru olanda məni filmlərə çəkilməyə qoymurdu. Çünki onun dediyini eləmirdim. Bu haqda danışmaq mənə yaraşmaz. Kino sınaqlarından uğurla keçirdim, hamı razı qalırdı, bircə Cəmil Əlibəyov deyirdi ki, Zemfiranın potensial imkanları yoxdur. Bir gün iclas keçirdi, Eldar Quliyev, Həsən Turabovu və başqalarını çağırdı, hamının yanında məni "yararsız aktrisa" adlandırıb, işdən çıxarmaq istədi. Yusif rəhmətə getmişdi, iki uşaqla qalmışdım. Dedim, mənim başqa sənətim yoxdu. Məsələ böyüdü və mənim işdən çıxarılmağıma icazə vermədilər".
82 yaşlı aktrisa hazırda qızı və nəvələri ilə birgə yaşayır. Onlardan heç biri aktrisanın yolunu davam etdirməyib. Zemfira xanım buna özü razılıq verməyib.
Kulis.az
18-06-2022, 07:18 | “Heç ölmək istəmirəm” - Amaliya Pənahova anıldı
"Məşhur alman filosofu Albert Şveyserin belə bir deyimi var: İnsanın ən böyük varlığı onun yaddaşı, onun xatirəsidir. Bu gün bura toplaşmağımıza səbəb Amaliya xanıma olan məhəbbət, sevgi, onun yaddaşlarda qalan olvi xatirəsidir. Məşhur rus aktyoru Mixail Ulyanovun deyir ki, aktyorun ikinci həyatı onun dünyadan köçən dövründən başlayır. Bu gün Amaliya xanım ikinci həyatını yaşayır. Amaliya xanım bütün onu sevən insanların qəlbində filmləri, quruluş verdiyi tamaşaları, 500-dən çox ifa etdiyi rollarla yaşayır".
teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri böyük teatr və kino aktrisası Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev səsləndirilib.
O, qeyd edib ki, Dövlət Film Fondu aktrisanın doğum gününə onun şəxsi arxiv fondunun yaradılmasını ithaf edib.
"Mən Amaliya xanımın qızı Aynur Muxtarovaya minnətdaram, çünki o arxiv fonduna böyük sənətkarın 80-ə yaxın fotoşəklini və başqa qiymətli materiallar hədiyyə etdi. Bu gün Film Fondda təşkil etdiyimiz sərgi Amaliya xanımın həyatı və yaradıcılığını əks etdirən fotolardan ibarətdir", - deyə Film Fondun direktoru bildirib.
Daha sonra Amaliya Pənahovanın dostları, həmkarları, ailə üzvləri aktrisa ilə bağlı fikirlərini, xatirələrini bölüşüblər.
"Elə gözəl rəqs etdilər, sanki öncədən məşq olunmuşdu"
Əməkdar artist, rejissor Elxan Qasımov: "Həyatımın ən parlaq səhifələrindən biri 1962-ci ildən Amaliya xanımla başlanan dostluğumuzdur. Biz bir kursda oxumuşuq. Teatr İnstutunda oxuyanda kurs yoldaşımız "Yuxu" filminin ssenaristi, "Azərbaycanfilm" kinostudiyasında filmlər direktoru olmuş Qasım Səfəroğlu ilk dəfə Amaliya xanıma "Ağ kəpənək" deyə müraciət etdi və elə biz də ona o cür səslənməyə başladıq.
Amaliya danışanda çətinlik çəkirdi, şəhər qızıydı, rus dilində danışırdı. Bəzi sözləri çox gülməli səsləndirirdi: "hamımız" sözünə "xamımız" deyirdi. Amma sonralar "Azərbaycanfilm" kinostudiyanın direktoru olmuş Xamis Muradova Hamis deyirdi.
Səhnə danışığından müəllimimiz böyük sənətkar Müxlis Cənizadə idi. Amaliyaya məsləhət görmüşdü ki, "Kommunist" qəzetini yüksək səslə oxusun. Çünki "Kommunist" qəzetində çox çətin sözlər yazılırdı. Biz tənəffüsdə harasa qaçırdıq, amma Amaliya oturub qəzeti ucadan oxuyurdu. Çox böyük səy göstərirdi. Biz o vaxt bilmirdik ki, gün gələcək Amaliya Pənahova Azərbaycan teatrında, kinosunda, siyasətdə məşhur olacaq, teatr yaradacaq və bizim hamımızın sevimlisi olacaq.
"Kommunist"i oxuya-oxuya Amaliya elə gözəl səlis danışmağa başladı ki, radio verilişlərində, tamaşalarında baş rolları səsləndirməyi ona həvalə etdilər.
Amaliyanın rolları haqqında monoqrafiyalar, kitablar yazılıb. Amma onlar Amaliyanı tam təsəvvür etməyə imkan vermir. Çünki Amaliya xanımı canlı görməyincə, onun gözündəki işığı, qəlbindəki məhəbbətin enerjisi sənə çatmayınca onun necə biri olduğunu təsəvvür etmək çətindir. Amaliya kişi ilə kişi, qadınla qadın idi.
Heydər Əliyev Naxçıvana səfəri zamanı qol açıb oynamağa başlayanda Amaliyanı çağırdı. Elə gözəl rəqs etdilər, sanki öncədən məşq olunmuşdu.
Amaliya Pənahova Bələdiyyə Teatrının bütün aktyorlarına - gənclərə, öz yaşıdlarına, özündən böyüklərə belə bala kimi yanaşırdı. Ona görə teatrın aktyorları ondan çox razıdırlar. O, Bələdiyyə Teatrını həm yaratdı, həm ona rəhbərlik elədi, həm tamaşalara quruluş verdi. Göydən od yağanda həmin teatrda vətənpərvərlik mövzusunda tamaşalar hazırlandı.
Amaliya həqiqi qəhrəman idi. O, mərmilər, güllələr atılanda belə cəbhə bölgələrinə gedirdi. O da xanım kimi oturub, ayağını suya qoyar, barmaqlarını manikür etdirərdi. Amma o, cəbhədə olmağı seçdi. Baxmayaraq ki, həmişə yüksək səviyyədə məclislərə çıxardı və ondan həmişə gül qoxusu gələrdi.
Fəxri Xiyaban üstündə dava gedir, amma Amaliya ilə Yusif öz seçdikləri yerdə uyuyurlar. Rahat yat, sən ölməmisən, Cəmil müəllimin dediyi fikrə qüvvət olaraq deyim ki, sənin əsl həyatın bundan sonra başlayır.
Kaş mən o dünyada da səninlə görüşə bilim, Amaliya. Allah sənə rəhmət eləsin, dahi qadın, dahi sənətkar, gözəl nənə, gözəl ana, gözəl rəfiqə...".
"Amaliya xanımın baş rolu oynaması teatrı sanki silkələdi"
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov: "Teatr aləmində 50 il səhnədə, 50 il dəbdə, 50 il şöhrəti özündə saxlayan ikinci aktrisa yoxdur. Bu həqiqətən də belədir.
Mən onu ilk dəfə 1961-ci ildə hələ özüm tələbə ikən Məhərrəm Aşorovun kursunda oxuyan zaman görmüşəm. O vaxt rektor Rahib Hüseynov 18-19 yaşlı bir qızı bizim dərsə məşqə gətirdi. Sən demə gələcəyimizin fəxri olan bu qız Amaliya xanım Pənahova idi.
1964-cü ildə məşhur novator rejissor Tofiq Kazımov özünün hazırladığı "Sən həmişə mənimləsən" lirik-psixoloji dramına 3-cü kurs tələbəsi Amaliya xanımı dəvət etdi. Yaşlı nəslin nümayəndələri bunu böyük təəccüblə qarşıladılar. O dövrdə məlum məsələ idi ki, teatrda baş rolları yaşlı nəslin nümayəndələri oynayırdı. Amaliya xanımın Nargiləni oynaması böyük hadisə idi və bununla teatr sanki silkələndi. Hamı təəccüb etdi ki, baş rolu parta arxasında oturan tələbə necə ifa edə bilər?
Əli Zeynalovla Amaliya xanımın məşq prosesi özü bir tamaşa idi. "Sən həmişə mənimləsən" çox uğurlu alındı, respublika səviyyəsində səs saldı. Amaliya xanım sözün həqiqə mənasında sübut elədi ki, Azərbaycan teatrına böyük aktrisa gəlib. Elə o vaxtdan ta 1992-ci ilə qədər teatrda nə qədər baş rollar var idisə, hamısında oynadı. Müxtəlif xarakterli obrazlarda Amaliya xanım başqalaşmağı bacardı. Yeganə aktrisa idi ki, tamaşadakı musiqiləri də özü ifa edirdi. "Nişanlı qız" tamaşasındakı mahnıları öz məlahətli səsi ilə necə gözəl oxuyurdu.
Bilirsiniz ki, teatrda hər şey aktyora qızıl məcməyidə gətirilmir. Onun da qarşısına dolanbac yollar çıxırdı, müəyyən səbəblərə görə o, Akademik Milli Dram Teatrından ayrıldı. Və o ağır illərdə kişi qeyrəti ilə yaratdığı teatr sözün əsl mənasında tarix yazdı.
O dövrdə bizim teatrda yaşlı nəslin nümayəndəsi olan aktyor və aktrisaları teatrdan uzaqlaşdırmışdılar. Təsəvvür edin, təzə teatr yaradasan, yaşlı nümayəndələri teatra dəvət edəsən, cavanlarla birgə işləyəsən və möhtəşəm tamaşalar hazırlayasan.
Muxtar Avşarov deyirdi ki, mən Türkiyəni görmək həsrəti ilə yaşayırdım. Çünki qohumlarının yarısı orada idi. Amaliya xanımın hazırladığı tamaşalar Türkiyəyə ayaq açdı və Avşarov da ora gedib, qohumlarını gördü. Bütün bunlar hər adamın hünəri deyil.
Heç Tofiq Kazımov gənclərimizi yığıb özü üçün teatr açdıra bilmədi. İmkan vermədilər. Amma o çətinlikdə Amaliya xanımın 1992-ci ildə teatr yaratması böyük hadisə idi. Teatrın on illiyini qeyd edəndə aktyorların 50 faizi fəxri adlara layiq görüldü.
Yadımdadır, Ulu öndərimiz tamaşadan sonra səhnə arxasına keçib tamaşa haqqında fikirlərini söyləyirdi. Növbəti tamaşaların birində səhnəyə daxil olan kimi dayandı və dedi: "Sizdə teatrda intiriqa var?" Hamımız susub başımızı aşağa saldıq. Nə deyək, bilmədik. Özü bu sənətin çətinliklərini çox gözəl bilirdi.
Mən İbrahim Həmzəyevlə Ulu öndərimizin qucaqlaşıb görüşməyinin şahidi olmuşam. Sonra bildim ki, İbrahim Həmzəyev dram dərnəyində Heydər Əliyevin müəllimi olub.
Zər qədrini zərgər bilər. Ulu öndərimiz Amaliya xanımın qədrini bildi ki, onun yubiley tədbirinin sərəncamını verdi və özü də iştirak etdi".
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov: "1964-cü ildə Azərbaycan teatr sənətində böyük inqilab oldu. Azərbaycan teatrına həqiqi mənada istedad gəldi. O istedad aktrisa Amaliya Pənahova idi. O vaxt həvəskar aktyor idim, "Sən həmişə mənimləsən" tamaşasına baxandan sonra Amaliya xanımın ecazkar obrazı məni valeh etdi. Özümə söz verdim ki, rejissor olacam və həmin aktrisa ilə işləyəcəyəm.
Tanrı mənim səsimi eşitdi, Teatr İnstitutuna daxil oldum, üçüncü kursda oxuyarkən Amaliya Pənahovaya yaxınlaşdım və onu Azərbaycan televiziyasında hazırlayacağım kurs tamaşamda baş rola dəvət etdim. Amaliya Pənahova, Səməndər Rzayev, Hacı İsmayılov və Mustafa Süleymanovla birgə o tamaşa hazırlandı.
Milli Dram Teatrına təyinat alandan sonra orada mənim ən gözəl tamaşalarımın baş rollarını Amaliya xanım ifa edirdi. Bir rol isə heç yadımdan çıxmır. Bu əlbəttə ki, onun yaratdığı Xurşidbanu Natəvan obrazı idi. Amaliya xanım obrazlar qaleriyasının içərisində Natəvanı çox sevirdi.
Ona görə bu yaxınlarda Bakı Bələdiyyə Teatrında təhvil verdiyim "Xan qızı" adlı tamaşa Amaliya xanımın əziz xatirəsinə həsr olundu. Bu, mənim üçün mühim fakt idi. Çünki ağlıma gəlməzdi ki, nə vaxtsa bu tamaşanı Amaliya xanımın yaratdığı teatrda yeni quruluşda səhnəyə hazırlayım".
"Dedi mən hələ də özümü təsdiqlə mübarizədəyəm"
"Onun qəribə taleyi. Amaliya Pənahova" adlı bədii-sənədli filmin ssenari müəllifi Vidadi Hüseynov: "Amaliya xanım mənim uşaqlığımın ən əziz yadigarıdır. Onu tanıyanda 10 yaşım var idi. "Mahnı dağlarda qaldı" tamaşasından Şahnazın bir fraqmentini ekranda görəndən sonra evdə nə demişəm, nə etmişəm bilmirəm, bir onu bilirəm ki, 1980-cı il noyabrın 6-da anam məni Amaliya xanımın görüşünə gətirdi. O vaxtdan mən onun pərəstişkarı olaraq qaldım. Biz Füzuli küçəsində yaşayırdıq, valideynlərim məni hər həftə onun tamaşalarına göndərirdilər. Hər həftə mən "Azdrama"nın dəhlizində dayanıb, onun yolunu gözləyirdim.
Bir xatirəmi danışacam. 1985-ci il oktyabrın 12-si günü çox yaxşı yadımdadır. "Təhminə və Zaur" tamaşasının premyerası idi, Bakıda küləkli, yağışlı hava idi. Çox arıq uşaq idim, əynimdə cins şalvar, əlimdə gül, səhər gəlmişəm teatra. Teatrda Əliheydər müəllim mənə icazə vermədi ki, içəri keçib, Amaliya xanımı liftin önündə gözləyim. Yağış yağır, əlimdəki güllər suyun içində... Ramiz Məlik siqaret çəkə-çəkə gəldi, kimi gözlədiyimi soruşdu, Amaliya xanımı biləndə dönüb getdi.
Firəngiz Mütəllimova əynində layka plaş, cins şalvarla gəldi, o da soruşdu. Dedilər Amaliyanı, dönüb getdi. Firəngiz xanım sonralar dedi, bağışla səni tanımırdım. Amma Firəngiz xanım Amaliya xanımı çox istəyirdi. Ramiz Məlik çox böyük kişilik etdi, mən çəkdiyim filmdə bir çox faktları cəsarətlə dedi. Mən buna görə Ramiz Məlikə minnətdaram.
Sonra Məxluqə xanım gəldi, biləndə ki, Amaliyanı gözləyirəm, gedib onu gətirdi. Amaliya xanım məni görəndə dedi ki, sən nə gündəsən, anan məni öldürəcək. Gülü aldı, dedi axşam gəl tamaşaya.
"Təhminə və Zaur" tamaşasının premyerasında demək olar bütün Bakı orada idi. Mən Amaliya xanımın qonağıyam deyib, insanları az qala ayaqlayıb keçirdim. O vaxtki direktor müavini Maqbet Bünyadov gəldi və bizi mərkəzi lojada əyləşdirdi.
Amaliya xanımın keçdiyi yol heç də asan olmadı. O bir gün millət vəkili və teatr direktoru idi, kabinetində oturmuşduq, dedi, Vidadi, mən hələ də özümü təsdiqlə mübarizədəyəm. Mən bilmirəm onu kiminlə müqayisə edim. Bəlkə də əsrin əvvəllərində teatr yaradanlar qədər fədakar idi. 1990-cı illərdə çörək tapılmırdı, amma o, teatr yaradırdı.
Bakı Bələdiyyə Teatrı onun üçün çox əziz idi, amma bir gün mənə dedi ki, mənə "skala"dın küncündə oturmaq lazım deyildi. Bunu içi yana-yana söyləyirdi. O, səhnə üçün təşnə idi. Onun nə qədər oynaya biləcəyi rollar qaldı. Bəzən deyirdilər ki, o, qız rolları ifa edir, xeyr, 80-ci illərdən sonra nə qədər gözəl, xarakterik rollar oynadı. İndi 50 yaşı keçən əksər aktrisalar deyir ki, mən ana rolu ilə səhnəyə çıxmaram. Amma o, 40 yaşında Mehranı, Zübeydə xatunu, "Qanlı Nigar"da Firəngizlə Bəstinin anasını , "Bizim qəribə taleyimiz"də Füzuli Hüseynovun anasını oynadı.
Sonuncu görüşümüzü xatırlamaq istəyirəm. 2018 -ci ilin may ayı idi, mən "Telemizan" verilişini hazırlayırdım və "Xurşidbanu Natəvan" tamaşasını müzakirə etmək istəyirdik. Zəng elədim, dedi Almaniyadayam, Vidadi. Mən onun xəstə olduğunu bilirdim.
Rəhbərlik istəyirdi ki, verilişdə Nizami Cəfərov, Günay Əfəndiyeva, Amaliya xanım olsun. Bir neçə gündən sonra Rus Dram Teatrında çəkiliş aparırdıq, hamıdan əvvəl Amaliya xanım gəlmişdi, dedi, Vidadi heç halım yoxdur, sənə görə gəldim. Sonra əlavə etdi, heç ölmək istəmirəm. O qədər görüləsi işim var ki...
Projektorlar yandı, rejissor "motor" dedi, elə bil həmin adam deyildi. Həvəslə müzakirəyə qoşuldu. Və o bizim sonuncu görüşümüz oldu".
"O həm sənət fədaisi idi, həm də öz sənət dostlarının fədaisi idi"
Xalq artisti, aktrisa Həmidə Ömərova: "Mən ilk dəfə "Azərbaycanfilm" kinostudiyasına gələndə çox gözəl bir xanımla rastlaşdım. Heç vaxt yadımdan çıxmaz. Ağ kostyumda üzü parlaq, onun çox gözəl, qeyri-adi dərisi var idi.
Uşaqlıqdan mən onun sənətinin vurğunu idim. Hətta yadımdadır, məktəbdə yazdığım inşada belə cümlə qeyd etmişdim: əgər aktrisa olsam istəyərdim ki, Amaliya Pənahovaya oxşayım. Amma bizim müəllim deyirdi ki, hər kəs sənətdə öz yerini tapmalıdır.
Allah Amaliya xanıma qəni-qəni rəhmət eləsin. Mən ona yaxşı mənada həsəd aparmışam. O, necə başqalarının qayğısına qalırdı, teatrını necə sevirdi, hər bir aktyorunun qədrini bilirdi və əlindən gələni edirdi ki, onlar yaxşı yaşasınlar, heç nəyə ehtiyacları olmasın. Çünki aktyor uşaq kimidir. Onların xətrinə dəymək olmur. Aktyorlar niyə roldan-rola başqalaşmağı bacarırlar? Buna görə gərək onlar ömrü boyu öz uşaq xasiyyətlərini qoruyub saxlasınlar.
Amaliya xanım öz teatrının rəhbəri idi. Düzdür, indi teatr layiqli əllərdədir. Onun davamçısı olan qızı Aynur xanım teatrı idarə edir. Mən Amaliya xanımın timsalında gördüm ki, vətənpərvər olmaqla yanaşı qayğıkeş aktrisa olmaq olar. O, həm sənətin, həm də öz sənət dostlarının fədaisi idi. O, əbədi xatırlanmağa layiq aktrisadır".
"Evinizə xoş gəlmisiniz!"
Əməkdar artist, aktrisa Suğra Bağırzadə: "Amaliya xanım Azərbaycan incəsənətinin əfsanəsi idi. Onun teatra və kinoya verdiyi töhfələrin sayı-hesabı yoxdur. 18 yaşında teatra gəlib, sonra filmlərdə çəkilib. Onu sevməmək mümkün deyil.
Keçən il kino günündə evinin yanında onun barelyefi asıldı. Mən onda da dedim ki, Amaliya xanım evinizə xoş gəlmisiniz. Bu küçədən keçən insanlar sizinlə salamlaşa bilər. Sizin gördüyünüz işlərə görə sizə "çox sağ ol" deyə bilər. Mən də hamının adından, ona "çox sağ ol" deyirəm. O bizim üçün əvəzedilməz aktrisa idi. Biz onu necə sevirdiksə indi də elə sevirik və həmişə də sevəcəyik".
Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov: "Bu gün bura Amaliya xanım Pənahovanı - bizim gözəl anamızı yad etmək üçün yığışmışıq. Bu gözəl tədbiri təşkil etdiyinə görə şəxsən Cəmil Quliyeva təşəkkür edirəm. Yanımızda olduqlarına görə Amaliya xanımın dostlarına, sənət yoldaşlarına, həmkarlarına ailəmizin adından minnətdalığımı bildirirəm. İnanırıq ki, Amaliya xanımın xatirəsi, hörməti Azərbaycan xalqının ürəyində daim yaşayacaq".
16-06-2022, 07:24 | Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor - Nadir fotolar
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ!" adlı rubrikanın bu dəfəki təqdimatı Əməkdar artist Əli Zülalova həsr olunur.
Teatr muzeyindən teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə "Şuşa ili" elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.
Layihə çərçivəsində muzeyin fondundan aktyorun yaradıcılığına dair bir neçə eksponat təqdim edilib.
XIX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi töhfələri olan Zülalovlar ailəsinin nümayəndələrindən biri, milli opera səhnəmizdə özünəməxsus ifa tərzi ilə şöhrət qazanan Əli Əbdül oğlu Zülalov 1893-cü ildə Şuşada anadan olub. Erkən yaşlarından atasını itirdiyindən əmisi - dövrünün məşhur xanəndəsi Əbdülbaqi Zülalovun (Bülbülcan) himayəsində böyüyür.
Onun sənətinə olan rəğbətin təsirindən uşaq vaxtından musiqiyə maraq göstərməyə başlayır. Hələ 9 yaşında ikən mahnılar ifa edən Ə. Zülalovun müğənniliyə olan həvəsi onu teatr sənətinə gətirir.
Əmisi Bülbülcanla dostluq edən bəstəkar Üzeyir Hacıbəyli Əli ilə söhbət zamanı gəncin gur, xarakterik səsinə valeh olur. Elə bu səbəbdən onu özünün rəhbərlik etdiyi truppanın xor bölməsinə qəbul edir.
Ətraflı
Beləliklə, Ə. Zülalov səhnədə ilk addımlarını "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"nin truppasında atır və Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından olur. Bununla yanaşı təhsilini davam etdirmək niyyətində olan aktyor Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirir.
Təhsildən sonra yenidən səhnəyə qayıdan sənətkar Qarabağ xanəndəlik məktəbinin ənənələrini yaşadaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında müxtəlif rollara imza atır. Onun məlahətli ifası, səsindəki yanıqlıq tamaşaçıların ürəyinə sirayət edirdi.
Belə ki, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnunun anası, Zeyd, Leylinin atası, Məcnunun atası kimi müxtəlif partiyalarda çıxışı ilə şöhrətlənən aktyor, həm də Ü.Hacıbəylinin "Arşın mal alan", "Əsli və Kərəm", "Koroğlu", M.Maqomayevin "Şah İsmayıl", "Nərgiz", Z.Hacıbəylinin "Aşıq Qərib" və s. opera və operettalarında Süleyman, Paşa, Osmanlı, Keşiş, Ehsan paşa, Əbu Həmzə, Molla Mütəllim, Şahvələd obrazlarını da bənzərsiz məharətlə oynayıb.
(M. Maqomayev "Nərgiz" operası/ ADOBT,1938-39 - cu illər/ Ə.Zülalov - Molla Mütəllim)
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olan Ə.Zülalov M. Maqomayevin "Nərgiz" operasındakı ifasına görə "Şərəf nişanı" ordeninə layiq görülüb. Mənbələrdə göstərilir ki, Ə. Zülalov cürbəcür hiylədən çıxan Molla Mütəllim obrazının xislətini o qədər canlı, peşəkarcasına yaradıb ki, onun bu çıxışı tamaşa boyu gurultulu alqışlarla müşayiət olunub.
Azərbaycan musiqi mədəniyyətinin tarixində nadir rast gəlinən - Zülalov soyadının haqqını layiqincə daşıyan Əli Zülalov 1963-cü ildə Bakıda vəfat edib.
6-09-2021, 10:31 | Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ali Səviyyəli Hibrid toplantısını keçirəcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərcivəsində XXI Ali Səviyyəli Hibrid toplantısını, o cümlədən VIII Qlobal Bakı Forumu Təşkilat Komitəsinin 3-cü toplantısını təşkil edəcək.
Mərkəzdən milli.az-a verilən məlumata görə, "What Does Peace and Stability Mean in 21st Century?" başlığı ilə keçiriləcək XXI Ali Səviyyəli Hibrid toplantının işində Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F. Kennedi İnsan hüquqları fondunun prezidenti Kerri Kennedi, BMT Baş Katibinin SDG üzrə xüsusi nümayəndəsi Ceffri Sachs, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Belçikanın sabiq baş naziri İv Leterme, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitaroviç, Amerika Xarici Əlaqələr İnstitutunun Prezidenti Susan Elliott, xanım Vayra Vike-Freiberga, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Qordon Broun, İngiltərənin sabiq Baş naziri, Şefik Djaferoviç, Bosniya və Herseqovinanın Prezidenti, İvo Josipoviç, Xorvatiyanın sabiq Prezdenti Rozen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti, Valdis Zatlers, Latviyanın sabiq Prezidenti iştirak edərək dünyanı narahat edən Sülh və Təhlükəsizlik, COP26, post COVİD-19 dönəmi, Cənubi Qafqaz regionunda inkişaf prespektivləri, Əfqanıstan və Qərbi Balkanları müzakirə edəcəklər.