15-12-2020, 04:15 | Məlahətli səsi ilə qəlbləri fəth edən unudulmaz sənətkar


Məlahətli səsi ilə qəlbləri fəth edən unudulmaz sənətkar


Bu gün ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür

"Alagöz", "Gecələr", "Lalələr", "Sənə də qalmaz", "Küçələrə su səpmişəm", "Evləri var" və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.

SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Atası məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olub. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlıdır. Ömrünün sonlarına kimi Tbilisidə Azərbaycan məktəblərində dərs deyib.

Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.

Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsi ilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."

R.Behbudov söhbətlərinin birində deyib: "Dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi".

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman - Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çağırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır. R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran Gənclər naziri çıxışında bildirir ki, Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olub. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.

Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.AZƏRTAC

25-11-2020, 15:07 | UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək.

Bu barədə Trend-ə təşkilatdan bildiriblər.

Qeyd olunub ki, hazırda UNESCO ekspertlərinin regiona qiymətləndirmə missiyasının təşkil olunması üzərində iş gedir: "Noyabrın 18-də UNESCO-nun baş direktoru Odri Azule Ermənistan və Azərbaycan nümayəndələrini qəbul edib. Baş direktor BMT baş katibinin Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı razılaşmanı alqışladığı bəyanatını xatırladıb".

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.

Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc, yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.

19-06-2020, 06:43 | Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb

Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb

Yunanıstanın aparıcı mətbu orqanları "Ta Nea" və "Ethnos" qəzetlərində Azərbaycan səhnəsinin tanınmış teatr və kino aktrisası pont yunan məşəlli Pamfiliya Tanailidinin həyat və yaradıcılığından bəhs edən məqalə dərc edib.

Məqalədə aktrisanın 1891-ci ildə İrəvan xanlığının Zəngəzur mahalının Başkənd kəndində doğulduğu və bu ərazinin əvvəllər, Azərbaycan xanlıqları - Qarabağ, Naxçıvan və İrəvanın ərazilərini təşkil etdiyi bildirilir. Doğulduğu torpağa sıx tellərlə bağlı olan aktrisa hər fürsətdə istirahət günlərini keçirdiyi Zəngəzur mahallında ilk teatr yaratmaq arzusunda olub. Lakin qeyd olunur ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Stalin tərəfindən Zəngəzurun Ermənistana verilməsi nəticəsində Tanailidi bir daha bu mahala qayıtmayıb.

Yazıda göstərilir ki, erkən yaşlarından incəsənətə, xüsusən teatr sənətinə həvəs göstərən aktrisa Tbilisidə Azərbaycan dram truppasının hazırladığı müxtəlif tamaşalarda Sürəyya Zəngəzurlu təxəllüsü ilə çıxışlar edib. 1924-cü ildə Bakı şəhərinə köçdükdən sonra öz yaradıcılığını Azərbaycan Dövlət Dram Teatrında davam etdirən Tanailidi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazana bilib. Eyni zamanda, böyük səhnə ustası olan aktrisa teatr truppasının tərkibində qonşu ölkələrə qastrol səfərlərində ölkəmizin teatr mədəniyyətini yüksək səviyyədə təmsil edib.

1937-ci ildə tüğyan edən repressiyanın qurbanı olan Tanailidi saxta casusluq ittiham ilə həbs edilib. Məhkəmənin hökmü ilə 1938-ci ildə güllələnən aktrisaya yalnız 1957-ci ildə Stalinin ölümündən sonra bəraət verilib.

Məqalədə Azərbaycanda tarixən mövcud olan zəngin multikultural, tolerantlıq və dini dözümlülük mühitində yaşayıb-yaradan aktrisanın xatirəsinin unudulmadığı qeyd olunub.


Qeyd edək ki, zəngin yaradıcılığı dövründə Pamfiliya Tanailidi Kəblə Fatma ("Ölülər"), Emiliya ("Otello"), Şamama cadu ("Pəri cadu"), Tükəz ("Hacı Qara"), Köylü qadın ("Topal Teymur"), Marqo ("Knyaz"), Tamara ("Oqtay Eloğlu"), Böyükxanım ("Aydın") və bir sıra obrazlar yaratmış, iki bədii filmdə ("İsmət" və "Almaz") çəkilib.
AZƏRTAC


15-06-2020, 10:19 | Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Qurtuluş Günü və koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan konsert hazırlanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Qurtuluş Günü və koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan konsert hazırlanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb.

Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdiyi proqram COVİD-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə - Milli Qurtuluş Günündə təqdim olunacaq konsert proqramı həm də vətəndaşlara növbəti sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyır.

Layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində, tamaşaçısız həyata keçirilib və iyunun 15-də AZTV və Xəzər Televiziyasında 21:00-da, İctimai Televiziyada isə 21:30-da yayımlanacaq.Trend

12-02-2020, 09:14 | Həvəskarlar dərnəyindən böyük səhnəyə

Həvəskarlar dərnəyindən böyük səhnəyə

O, 60 il sənət üçün yaşayıb, səhnəni sevib

Onu sənət dünyasının əbədiyaşar sənətkarı adlandırırlar. Xalq artisti Möhsün Sənani milli aktyorluq sənətimizin, teatr və kinomuzun inkişafına layiqli töhfələr verib. Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor kimi seçilib. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Erkən yaşında ata-anasını itirən M.Sənani nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə yazdırır. Məqsədi onu mollalığa hazırlamaq və gələcəkdə atası kimi mərsiyəxan etmək idi. Lakin nə Möhsün mədrəsəni oxuyub başa çatdıra bilir, nə də nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edəndən sonra xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, xalq artisti Əli Qurbanovun anasıdır. O, Möhsünü öz uşaqlarından çox istəyir və təhsili ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünə də, onun bacısına da doğma övladı kimi qayğı göstərir. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına yük olduğunu başa düşərək, işləmək və ailəyə kömək etmək qərarına gəlir. Beləliklə, Şeytanbazarda hər cür əzab-əziyyətə qatlaşaraq işləyir. Gəncdə səhnə həvəsi yeniyetmə vaxtlarında yaranır. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır. Həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Gənc, bu yolla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə ilk dəfə geniş tamaşaçı qarşısına çıxır. Bərk həyəcan keçirsə də, çıxışı tamaşaçılara yaxşı təsir bağışlayır. 1912-ci ildə M.Sənani həvəskarlar dərnəyinə qoşulur.

İlk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olur. Mirzəli Abbasov, Mustafa Mərdanov və İbrahim İsfahanlı kimi aktyorlar onun istedadına hörmətlə yanaşırlar. Bu münasibət Möhsünün səhnəyə olan həvəsini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü gürcü dostunun atası "Vano dayı" tramvay parkında işə düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu. Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olublar.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlu rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, Möhsün bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. ona dəstək olurlar. Möhsün Sənani onların arasında ən gənc aktyor idi. Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın Mal Alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır.

Bu teatrın yetirmələrinin Azərbaycan aktyorluq məktəbinin formalaşmasında böyük rolu olub. İlk addımlarını bu teatrda atan aktyorlar sonralar Bakıya gəlib, burada sənət yollarını davam etdiriblər. Onlardan biri də Möhsün Sənani olub. O, 1941-ci ildə Bakıya gəlir və böyük sənət məbədində - Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır. Aktyor bu teatrın səhnəsində tezliklə məşhurlaşır, xalqın sevimlisinə çevrilir. Özünə qarşı həmişə məsuliyyətli olan aktyorun, Səməd Vurğunun "Vaqif " pyesində Eldar obrazı çox yaxşı qarşılanır. Sənətşünaslar qeyd edirlər ki, onun oynadığı Eldar sonradan ifa edilənlərdən olduqca fərqli olub.

Görkəmli sənətkarın oğlu Valid Sənani danışıb: "Həmişə bizi sakitliyə, dava-dalaş salmamağa çağırıb-çalışan, bir küçə insidentimizi eşidəndə zəhmli-zəhmli göz ağardan atam, bir gün mənə dedi: "Sənin ağıllı, əliaçıq olmağın haqda eşitdiklərim qulaqlarımı yağır edib, bəs nə vaxt bir qoçaqlıq edəcək, evdən qıraqda "ov ovlayıb, quş quşlayacaqsan?" Bu dəqiqə dur get, kür-küçəmizdə nə qədər davakar, xatakar uşaq var, hamısını yığ gətir bu məhəlləyə". Mən son aylar atamın "Koroğlu", "Qaçaq Nəbi" və s. dastanları oxumasından, bəzən mənə oxutdurmasından şübhələnmişdim, bilirdim ki, o, "Vaqif" pyesindəki xalq qəhrəmanı Eldarı oynamağa hazırlaşır. Onun dediyi kimi etdim. Məhəlləmizin ən savaşqan uşaqlarını pəncərəmiz önünə yığıb aralarına bir "lo" saldım ki, gəl görəsən! Uşaqlar mənə "Qoçu Əsgər"in oğlu kimi güzəşt edir, bəzən hətta mənim balaca yumruqlarımın "şəbeh-qurban"ına çevrilirdilər. Sonralar duydum ki, onlardan Tofiq adlı birisinin amiranə səsi, ətrafındakıların diqqətini cəzbetmə jestləri, atamın özünün də etiraf etdiyinə görə, sabahısı gün premyerası olan "Vaqif"dəki qəhrəman Eldara - Möhsün Sənaniyə çox elementlər təlqin etmişdi".

Həmin obrazla bağlı daha bir xatirə var: "Bir gün Möhsün Sənani xəstələnir və həmin rolu sonralar məşhur "Qaynana" operettasının libretto müəllifi Məcid Şamxalov oynamalı olur. Hər şey qaydasında getsə də, damarlarında qanı da məzə-məzhəkə ilə axan Məcid-Eldar kütləvi səhnə məqamı çıxıb qəhrəmanlıq monoloqu söylədiyi maili "tribuna"nın 2 metrliyindən yox, 1 metrliyindən yerə atılır. Növbəti yaradıcılıq müzakirəsində rejissor bunu Məcid Şamxalova irad tutur, bir də belə "özfəaliyyət"ə yol verərsə, onu işdən çıxara biləcəyilə hədələyir. Məsələyə qarışan Möhsün Sənani "Qardaş, mənim maaşım 200 manatdır, Məcidinki 100 manat. Yazıq uşaqdan nə istəyirsiniz, fağır yarımştat tullanıb də" deyərək, bu səhnə "kriminal"ına özünəməxsus münasibət bildirir qızmış əsəblərə su səpir...
Aktyor "Göz həkimi" tamaşasındakı sürücü Həsənağa rolunu da peşəkarlıqla oynayıb. Ümumiyyətlə, onun oynadığı rollarda bir şirinlik olub. Daima tamaşaçını gərgin vəziyyətdə saxlayıb və ona bolluca gülüş bəxş edib.

Möhsün Sənani teatrla yanaşı milli kinomuzun da aparıcı aktyorlarından olub. Çəkildiyi filmlərdə müxtəlif xarakterli obrazlara ekran həyatı verib. Onun çəkildiyi "İsmət", "Kölgələr sürünür", "Dağlarda döyüş", "Koroğlu", "Sehirli xalat", "Kəndlilər" və digər filmlərə tamaşa edənlər bu aktyorun yüksək istedada malik olduğunu bir daha təsdiq edə bilər. O, "Kəndlilər" filmində Eldar obrazını yaradıb. "O olmasın, bu olsun" filmində aktyorun qoçu Əsgər obrazı isə onun kino yaradıcılığında əsas rollarından sayılır. Hətta aktyorun adı çəkiləndə hamı bu rolu xatırlayır və üzlərə təbəssüm qonur. "Bir məhəlləli iki oğlan", "Qızmar günəş altında" filmlərində də o, yaddaqalan rollar oynayıb.

"Dağlarda döyüş" filmindəki Qəmbər rolu onun kino yaradıcılığında əhəmiyyətli yer tutur. O, öz qəhrəmanının ən kiçik xarakterik cizgilərini belə ustalıqla oynayır. Tamaşaçı onun ifasından həqiqətən razı qalır və həzz alır. Möhsün Sənani həyatının 60 ilini Azərbaycan səhnəsinə və kino sənətinə həsr edib. O, səhnə üçün yaşayıb, səhnəni sevib, həyatını onun inkişafına həsr edib.

Sənətkarın qızı Gülər Möhsünqızı böyük aktyorun son günlərini belə xatırlayıb: "Atam teatrdan ayrıldıqdan sonra daim evdə olurdu. Görmə qabiliyyətini itirdikdən sonra çölə çıxmadı, hərəkət etmədi. Atam özünə çox baxan insan olub, yeməyi az yeyərdi, eyni çəkidə qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə və ağırlaşmağa, səhhəti dəyişməyə, təzyiqi qalxmağa başladı. Yadıma düşür ki, axırıncı dəfə xəstəxanaya yüksək təzyiqlə apardıq. Teatrdan, yoldaşlarından ayrı düşdüyünə görə çox həyəcan keçirirdi. Xəstəxanada iki dəfə infarkt keçirmişdi. Həkim mənə dedi ki, ürəyi parçalanıb. Xəstəxanada olan adamın gözü həmişə yolda olur. Yanına çox adam gəlirdi Bilirdim ki, artıq atamın son günləridir. Hər dəqiqə xəstəxanada atamın yanında olurdum".
Görkəmli sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat edib.kaspi.az

12-02-2020, 08:46 | Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova "Şərəf" ordenini təqdim edib - FOTO

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova "Şərəf" ordenini təqdim edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər və burada təşkil olunan bir neçə sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovu salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Əlibaba müəllim, sizi, ilk növbədə, 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Bir həftə bundan əvvəl mənim Sərəncamımla siz Azərbaycan dövlətinin yüksək ordeni olan "Şərəf" ordeni ilə təltif olunmusunuz. Bu gün bu yüksək mükafatı sizə təqdim edəcəyəm.

Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır.

Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünki muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü büruzə verir. Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda, onların səhvlərini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər.

Onu da bildirməliyəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə televiziya müsabiqələri artıq uzun illərdir keçirilir. Hesab edirəm ki, bunun nəinki musiqi mədəniyyətimizin, bütövlükdə mənəvi dəyərlərimizin təbliğində xüsusi əhəmiyyəti var. Mən çox şadam ki, bizim gənclərimizin böyük əksəriyyəti milli musiqiyə bağlıdır. Bu, hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada milli musiqi kənarda qalır, indi dəbdə olan hansısa beynəlxalq musiqi nümunələri üstünlük təşkil edir. Ancaq hesab edirəm, bizim üstünlüyümüz və xoşbəxtliyimiz ondan ibarətdir ki, gənclərimiz də milli musiqiyə bağlıdırlar. Muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir. Eyni zamanda, ölkəmizdə bir neçə dəfə keçirilmiş beynəlxalq muğam festivalları da xüsusi rol oynayır. Bu festivallara bir çox ölkələrdən ifaçılar gəlir. Məhz bu festivalı Azərbaycanda keçirməklə bir daha sübut edirik ki, muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır və biz bunu bütün dünyaya çatdırırıq. Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır, bizim milli sənətimiz sərhədlərimizin hüdudlarından kənarda çox sevilir və bir çox ölkələrdə bu sənət yaşayır.

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, Azərbaycan xalqı da həmçinin. Siz 20 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmusunuz. On il bundan əvvəl mənim Sərəncamımla "İstiqlal" ordeni ilə təltif edilmisiniz. Bir həftə bundan əvvəl - fevralın 4-də "Şərəf" ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

X X X

Prezident İlham Əliyev "Şərəf" ordenini Əlibaba Məmmədova təqdim etdi.

X X X

Prezident İlham Əliyev: Təbrik edirəm.

Əlibaba Məmmədov: Çox sağ olun, əziz və çox hörmətli cənab Prezidentimiz.

Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın.

Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bizə çox görməsin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə "Sağ olun!" deyirəm, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, Əlibaba müəllim.

Əlibaba Məmmədov: Sağ olun, Mehriban xanım.

Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Bütün Azərbaycan xalqı sizi çox istəyir.

Prezident İlham Əliyev: Bizim üçün çox əziz gündür ki, bu yüksək mükafatı Sizə təqdim edirik. Həmişə belə enerjili olasınız, yaratmaq üçün yaşayasınız.

Əlibaba Məmmədov: Sizin sayənizdədir, doğrudan belədir. Mən görməmişəm ki, xanəndəyə bu boyda hörmət olsun. Çox böyük hörmətdir.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Sizə verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. Çünki xalq kimi, millət kimi bizi əsrlərboyu qoruyan bizim sənətimiz olub. Çünki biz tariximizi yaxşı bilirik. Uzun illər - onilliklər, yüzilliklər ərzində müstəqillikdən məhrum olmuşuq, ancaq nə dilimizi, nə dinimizi, nə musiqimizi, nə də mənəviyyatımızı itirmişik. Bizi yaşadan bax, bunlardır - sənət, musiqi, ədəbiyyat, dil, milli dəyərlər. Muğam bütün bu amilləri özündə təcəssüm etdirir. Ona görə muğamı yaşatmaq bizim müqəddəs borcumuzdur. Biz də görürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünki bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əgər gənclər öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkdə müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?! Gənclərdə milli ruh olmalıdır, milli ruhun mənbəyi də, o cümlədən bizim musiqimizdir. Xüsusilə muğam kimi ümumbəşəri sənətin beşiyi Azərbaycandır.

Əlibaba Məmmədov: Düzdür, doğrudan Azərbaycandır, bunu ucadan deyə bilirik. Mən bir münsif, bir muğam ifaçısı kimi həmişə bu sözü ucadan demişəm ki, muğam bizimdir. İnanmırsınız, gəlin baxın. Sağ olsun Mehriban xanım, dedi ki, muğam bizimdir. Bizim üçün mərkəz tikdirdi, muğama, müsabiqələrə yol açdı. O müsabiqələr bizi dünyaya tanıtdırdı. Bu müsabiqələrin şəxsən mənim özümə çox köməyi oldu. Doğrudan belə oldu. Ona görə də Siz var olun ki, bizim musiqimizi qoruyub saxlayırsınız. Ulu Öndərimiz həmişə deyərdi ki, muğam bizim milli sərvətimizdir. Bizim cənab Prezidentimiz də deyir ki, muğam bizim milli sərvətimizdir. Xanım da deyir ki, muğam bizim milli sərvətimizdir. Mən bir ağsaqqal kimi bir az muğamdan danışmaq istəyirəm. Muğam elə bir sənətdir ki, heç kim deyə bilmir bunu mən yaratmışam. Bunun yaradıcısı yoxdur. Əgər yaradıcısı olsaydı, bizim böyük sənətkarımız Üzeyir bəy bir sıra muğam yaradardı. Olmur, mümkün deyil. Bu, Allahdan gəlmədir, bu, ilahi musiqidir. "Qurani-Kərim" kimi, o da ilahi musiqidir. Ona görə bəzən özüm də təəccüblənirəm, görürsən uşaq elə bir hissə, elə bir guşə oxuyur ki, mən onu bilmirəm. Bu, onun özündən deyil, Allah tərəfindən gəlir. Odur ki, Sizin sayənizdə ucadan deyirik ki, muğam Azərbaycanındır, Azərbaycandan başqa heç yerdə belə bir muğam yoxdur.

Prezident İlham Əliyev: Düzdür.

Mehriban Əliyeva: Düz deyirsiniz.

Prezident İlham Əliyev: Sağ olun, Əlibaba müəllim.

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən "Tarixin şah əsərləri" adlı sərgi ilə tanış oldular. Sərginin eksponatları Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir. Qeyd edək ki, Gürcüstan Milli Muzeyində Azərbaycana, o cümlədən İrəvan xanlığına aid minlərlə tarixi, mədəni artefakt var. İrəvan Azərbaycanın qədim torpağıdır və tarixi faktlar da azərbaycanlıların bu torpaqda daim yaşayıb-yaratdıqlarını göstərir. Prezident İlham Əliyev müxtəlif kürsülərdən dəfələrlə İrəvan xanlığı barədə tarixi həqiqətlərə əsaslanan faktlar söyləyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu, tarixdir, tarixi həqiqətdir. Bu sərgidəki eksponatlar da bunu bir daha aydın şəkildə nümayiş etdirir. İrəvan xanlığı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda, gənc nəslin tariximizi daha yaxşı bilməsi üçün bu sərginin eksponatları olduqca mühüm məna kəsb edir.

Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. Yermakov İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb. Burada Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus çox sayda gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim edilir.

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, milli təsviri incəsənətimizin inkişafına böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş "Live Life" sərgisi ilə tanışlıq oldu.

Dövlətimizin başçısına və birinci xanıma sərginin məqsədi barədə məlumat verildi. Bildirildi ki, sərgi diqqəti ətraf mühit problemlərinə yönəldir. Bundan başqa, sərginin ideyaları arasında təbiətin qorunması və incəsənətin bu sahədə oynaya biləcəyi rolu da var. İndiyədək "Live Life" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə təşkil olunub və çox böyük maraqla qarşılanıb. Ekspozisiyada nümayiş olunan 200-dən çox əsər orijinallığı və üslubu ilə seçilir.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Musiqi alətləri: birlik və müxtəliflik" adlı sərgi ilə tanış oldular.

Nadir layihə olan bu sərgidə müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş etdirilir. Birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılan ekspozisiyada sərgilənən musiqi alətləri həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq imkanı var.

Növbəti tanışlıq məşhur fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət "Avanqard davamçısı. Azərbaycan gündəliyi" adlı sərgi ilə oldu. Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilir. Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan və "qızıl fond"una daxil edilmiş işləri ilə yanaşı, Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunur. Sərgidə, həmçinin fotoqrafın ailəsinə aid arxivdən eksponatlar, müxtəlif sənədlər, yaratdığı tematik albomlar və digər maraqlı eksponatlar var.





























7-02-2020, 09:29 | Ölüm ayağında "məni bəzəyin" deyən Firəngiz Şərifova haqda MARAQLI FAKTLAR

Ölüm ayağında "məni bəzəyin" deyən Firəngiz Şərifova haqda MARAQLI FAKTLAR

Aktrisa Firəngiz Şərifova haqqında maraqlı faktları təqdim edir:

Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında birinci sinifə gedib, rus dilində təhsil alıb. Orta məktəblə yanaşı səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutularaq xalq düşməni kimi güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib. Anası Mərziyyə Davudova uzun illər Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından biri olub.

Atası çox istəyirmiş ki, qızı aktyor kimi səhnədə onun yolunu davam etdirsin. Bu səbəbdən də bir gün o, qızının əlindən tutub ailənin yaxın dostu Üzeyir Hacıbəyovun yanına aparır. Onun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1965-ci ildə vaxtilə işlədiyi yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın aparıcı aktrisası olmuşdur.

Nəvəsi müğənni Eldar Qasımov müsahibələrinin birində deyir: "Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı itirmişəm. Mən sizə ordan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür".

Aktrisa ömrünün son günlərində belə teatra bağlı olub. Sənət dostlarına qarşı dərin sevgisi olub. Onlarla görüşlərin birində isə belə deyib: "Mən sizi çox sevirəm. Çox bağlıyam sizə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir."

Xalq artisti Tariyel Qasımov onun haqqında deyir: "Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər".

Əməkdar artist Bəhram Osmanov: "Firəngiz Şərifovanın adı gələndə heç vaxt unutmadığım bir hadisəni xatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər".

Deyilənə görə çox qürurlu qadın olan Firəngiz xanım danışmağı çox xoşlamırmış. Evinə gələn qonaqlar nə qədər deyib gülsələr də, o, sadəcə dinləməyə üstünlük verirmiş. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı.

Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb. Həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər.

Rəhmətə getməzdən əvvəl hər gün bir orqanı sıradan çıxırmış, xəstəliyi şiddətlənirmiş. Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Çətin günlər yaşayan aktrisa son günlərində belə gümrah danışırdı: "saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görsənmirəm".


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.