Pakistan-Azərbaycan Parlament Dostluq Qrupu Ermənistanın ölkəmizə qarşı son təxribatını qətiyyətlə pisləyib - FOTO
Pakistan-Azərbaycan Parlament Dostluq Qrupu Ermənistanın ölkəmizə qarşı son təxribatını qətiyyətlə pisləyib - FOTO

Pakistan Milli Assambleyasının sabiq vitse-spikeri, hazırda Milli Assambleyada Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun həmsədri, deputat Murtuza Abbasi Ermənistanın son təxribatları ilə əlaqədar ölkəmizin İslamabaddakı səfirliyinə müraciət ünvanlayıb.

Trend bildirir ki, müraciətində Pakistanın bu çətin qlobal pandemiya dövründə də erməni təcavüzünə məruz qalan qardaş Azərbaycan xalqının yanında olduğu vurğulanır.

Murtuza Abbasi qeyd edib: "Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun həmsədri olaraq qrupun üzvləri adından Ermənistanın Azərbaycan silahlı qüvvələrinə qarşı son təxribatını qətiyyətlə pisləyirəm. Pakistan xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində onunla həmrəydir. Ermənistan-Azərbaycan sərhədi boyunca erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, mülki şəxslərin hədəfə alınmasını qınayırıq.

Biz hər zaman Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalı məsələsində Azərbaycana dəstəyimizi davam etdirmişik. Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll edilməlidir".
Tarix: 30-07-2020, 17:33