Xalq Prezident İlham Əliyevə böyük etimad bəsləyir
Xalq Prezident İlham Əliyevə böyük etimad bəsləyir


Prezident İlham Əliyev Vətən müharibəsinə qədər adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərdə keçirirdi. Hər dəfə də bu görüşlərdəki çıxışlarında onların doğma yurdlarına dönəcəklərinə əminlik ifadə edirdi. Yurd-yuvasından didərgin düşən hər bir kəs də, təbii ki, dövlətimizin başçısına inanırdı. Onların bu inamını Prezident İlham Əliyev ötən il reallaşdırdı – 30 ilə yaxın bir müddətdə düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad olundu.


Bu gün İkinci Qarabağ müharibəsində əldə edilən zəfərdən bir il ötür. Prezident İlham Əliyev də artıq ad günlərini düşməndən təmizlənən torpaqlarımızda qarşı­layır. Müzəffər Ali Baş Komandan qəhrəman hərbçilərimizi ziyarət edir, onlarla görüşür, onların qayğıları ilə maraqlanır, zəruri göstərişlərini verir.

Ötən il ad gününü Qubadlı və Zəngilan rayonlarında hərbçilərlə görüşdə keçirən ölkə rəhbəri bu il artıq əsası qoyulan həmin ənənəni Hadrut və Şuşada davam etdirdi. Ötən ildəki kimi, indi də istər Had­rutda, istərsə də Şuşada keçirdiyi görüşlərlə həm xalqımıza, həm də bütün dünyaya mesajlar verdi: Azərbaycan 2021-ci ildə qarşıya qoy­duğu məqsədə nail oldu – 30 il işğal altındakı ərazilərimizi sülh danışıqları heç bir nəticə vermədiyindən güc yolu ilə azad etdi. Azərbaycan lideri öz xalqına, ordusuna arxalanaraq bu vəzifəni reallaşdırdı.

Yeri gəlmişkən, ötən bir il həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı burada hərbi hissənin açılışında çıxış edərək, son illər ərzində Azərbaycan ərazisində yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınması­nın diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə genişmiqyaslı tədbirlər görül­düyünü bildirdi. Ölkə rəhbəri bununla bağlı dedi: “Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir”.

Dövlətimizin başçısı açılışında iştirak etdiyi hərbi hissənin işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda fəaliyyətə başlamasının çox böyük əhəmiyyət daşıdı­ğını, hərbçilərin xidmət şəraitinin yaxşı­laşdırılmasına müsbət təsir göstərəcəyini vurğuladı, eyni zamanda, onların mənzil-məişət problemlərinin həllinə indiyədək olduğu kimi, bundan sonra da daim önəm veriləcəyini qeyd etdi.

Prezident İlham Əliyev orduya Ali Baş Komandan tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini, müvafiq fərmanla 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər ayrıldığını xa­tırlatdı. Ölkə rəhbəri Vətən müharibəsində parlaq qələbəmizi şərtləndirən cəhətlərdən birinin də silahlı qüvvələrimizə məhz bu həssas münasibət olduğunu qeyd etdi.

Dövlətimizin başçısı daha sonra Hadrut uğrunda gedən döyüşlərin İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat olması barədə fikirlərini diqqətə çatdırdı: “İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuş­dur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bü­tün torpaqlarda güclü istehkamlar qurmuş­du, bir neçə xətdən ibarət müdafiə sədrləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlar­da, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Hadrut döyüşlər zamanı strateji ba­xımdan mühüm əhəmiyyətə malik idi. Ona görə də düşmən bu yaşayış məntəqəsini heç bir vəchlə əldən vermək istəmirdi. Hətta qəsəbə qəhrəman döyüşçülərimiz tərəfindən işğalçıdan təmizləndikdən sonra belə Ermənistan yenə də uydurmalarını davam etdirərək, Hadrutu nəzarət altında saxladığını bildirirdi. Halbuki həmin iddialar yayıldığı zaman qəhrəman Azərbaycan Ordusu artıq qəsəbədə dövlət bayrağı­mızı qaldırmışdı. Hadruta və bütün ətraf yüksəkliklərə silahlı qüvvələrimiz nəzarət edirdi.

Ermənistanın hərbi əməliyyatların həmin mərhələsində uydurmalara əl atmasının əsas səbəbi işğalçı ordusunun onsuz da tam sarsılan mənəvi-psixoloji vəziyyətinin iflasa uğramasının qarşı­sını almaq idi. Amma bu məğlubiyyəti gizlətmək mümkün deyildi. Ona görə də həqiqət tez bir zamanda üzə çıxandan sonra Ermənistan ordusunda fərarilik hal­ları daha da geniş vüsət aldı.

Yeri gəlmişkən, Ermənistanın “məğlubedilməz” hərbi birləşmələrinin süqutu döyüşlərin lap əvvəlində fərariliklə başladı və düşmənin özünün etiraf etdiyinə görə, müharibənin sonunda ordudan yayınan əsgər və zabitlərin sayı 10 minə çatdı. Azərbaycan Ordusunun qələbə əldə etmək gücündə olmadığını iddia edən işğalçının bu məqsədli uydurması da ifşa edildi: silahlı qüvvələrimizin sıralarında əməliyyatlar zamanı bir nəfər də olsun belə fərariyə təsadüf edilmədi. Bu da təsadüfi deyildi. Çünki, əvvəla, ordumuz haqq-ədalət uğurunda döyüşürdü, digər tərəfdən əsgər və zabitlərimizdə Vətənə, torpağa dərin bağlılıq olması bu cür halın mövcudluğunu istisna edirdi. Başqa sözlə, orduda ruh yüksəkliyi, torpağımızın yağıdan geri alınması qətiyyəti var idi. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni real­laşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Hadrut və digər ərazilərimiz düşməndən təmizləndi.

Eyni zamanda, ordumuzun döyüş hazırlığı da yüksək səviyyədə idi. İşğal dövründə irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlan­dırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi də qələbəmizi şərtləndirdi.

O da vurğulanmalıdır ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiyalar əsasında hazırlan­mış silahlardan istifadə edərək həyata ke­çirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – silahlı qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi.

Prezident İlham Əliyev çıxışında qazilərimizin, hərbçilərimizin qanı bahasına işğalçının torpaqlarımızdan qovulduğunu, düşməndən təmizlənən bütün torpaqlarda Azərbaycan bayrağının ucaldılması ilə tarixi ədalətin və milli qürurun bərpa edildi­yini diqqətə çatdırdı: “Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıq­ları yalana özləri də inanmağa başlamışdı­lar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarak­terli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusu­nun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordu­su isə müzəffər ordudur”.

Ali Baş Komandan, həmçinin bil­dirdi ki, Hadrut əməliyyatından sonra Azərbaycanın Ordusunun şərəfli missiya­sı davam etdi, 8 gün sonra Füzuli azad olundu, az müddət ərzində Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi düşməndən təmizləndi. Həmçinin Laçın dəhlizi nəzarətə götürüldü. Bununla da artıq Ermənistanın məğlubiyyəti qaçılmaz oldu. Təəssüf ki, düşmən bunu anlasa da, namərd əməllərindən əl çəkmədi, dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdu. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldu. Azərbaycan Ordusu isə bütün savaş dövründə müharibə qanunlarına əməl edərək döyüşü ləyaqətlə apardı, dinc əhaliyə qarşı silah işlətmədi. Silahlı qüvvələrimiz əsas hədəfi ancaq düşmənin hərbi birləşmələrinə, texnikalarına və silah anbarlarına yönəltdi. Bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərdi.

Yazının əvvəlində qeyd etdiyim kimi, Prezident çıxışında, həm də Ermənistan və havadarlarına mesajlarını da çatdırdı: “Mən dəfələrlə demişəm, bax, burada – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayo­nunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər han­sı bir təhdid yaradılsın…”.

Dövlətimizin başçısı daha sonra bildirdi ki, əgər bu təhdid ölkə hüdudla­rından kənarda olsa belə, yenə də bizi heç kim dayandıra bilməyəcək. Vətən müharibəsində də nə qədər bizi dayan­dırmağa çalışsalar da, nə qədər bizi hədələsələr, təhdid etsələr də, Azərbaycan haqq yolundan dönmədi, sona qədər mübarizə aparıb ədaləti bərpa etdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərində olarkən, dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış edərək, əvvəlcə xalqımıza həm ad gününü təbrikə, həm də göstərilən dəstəyə görə minnətdarlığını çatdırdı: “Mən bu dəstəyi 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.

Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıt­mışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edil­miş torpaqlarda, o cümlədən, Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Dövlətimizin başçısı çıxışında daha sonra Hadrutda qəhrəman Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqada­sının hərbi hissəsinin açılışında iştirak etdiyini, hərbçilər qarşısında yeni vəzifələr qoyduğunu bildirməklə, Ermənistana və havadarlarına bir daha mesaj ünvanladı: Azərbaycan bundan sonra da ərazisini qorumaq üçün ordusunu gücləndirəcək, müasirləşdirəcək, istənilən təhdid və təzyiq qarşısında qəti sözünü deyəcək


Sərdar Əhmədov,
Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri.
Tarix: 28-12-2021, 11:06