Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq
Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq


Azərbaycan Respublikasının müstəqilliyi olunanda ölkənin indiki dövlət başçısının cəmi 30 yaşı var idi. Bu günlərdə isə Prezident İlham Əliyevin 60 yaşı tamam oldu. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dövlət müstəqilliyimizin 30-cu ilində 60 yaşa çatan cənab İlham Əliyevin Prezident vəzifəsində 18 illik fəaliyyəti çağdaş siyasi tariximizə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın böyük dövlət xadimi İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.

Dünyanın ən qüdrətli superdövləti hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlar­la dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. Gənc siyasətçi kimi o, müstəqilliyimizin təməli qoyulan həmin dövrün, sadəcə, şahidi deyildi, həm də Prezident Heydər Əliyevin Azərbaycanın siyasi suverenliyinin möhkəmləndirilməsi, ölkədə sabitlik, milli birlik, sosial-iqtisadi inkişaf yaradılması və ərazi bütövlüyü­nün bərpası uğrunda mübarizəsinin fəal iştirakçısı idi.

Həlledici an isə 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğu­na inanaraq, məhz onu özünə prezident seçdi. Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi. Bu, həm də xalqımız üçün yeni bir həyata keçidin başlanğıcı idi. Bu keçidin ən yaddaqalan hadisələri, taleyüklü qərarları və addımları Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Belə ki, Sovet İttifaqının dağıl­masından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki, sovet keçmişindən ayrılma­mağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədəyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydın idi: ictimai-siyasi təfəkkürdən “post-sovet” qalıqları təmizlənməli idi ki, insan­lar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.

İlk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi: həmin illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlət başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innova­siyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.

İlk dəfə İlham Əliyev Azərbaycanın “Dördüncü Sənaye İnqilabı” proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında Azərbaycanın lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də ilk dəfə İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində milyonlarla Azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də belə qətiyyət və əzəmətlə ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi.

İlk dəfə məhz Ali Baş Komandan İlham Əliyev “Biz qalib xalqıq!” hökmü ilə xalqımızın milli öyünc və özünəgüvəncini yüksək bir səviyyəyə qaldırdı. Hər cümləsi xalqın yaddaşında silinməz iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan Prezident İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.

Ulu öndərin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O nəyi, necə və nə zaman etməli olduğumu­zu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.

Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli-mənəvi, dəyərlərimizin qorunması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialı olan ölkəsi kimi tanın­ması, etibarlı tərəfdaş kimi qəbul olunması və əsl müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.

Dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu konsepsiya qarşıya qoyulan hədəflərə çatmaq üçün xalqın intellektual potensialının səfərbər olunmasını, dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu.

Azərbaycanda bu konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və s. 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafına pillə-pillə təməl qoyul­du. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət proqramlarının uğurlu icrası İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.

Möhtərəm İlham Əliyevin prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siya­si praqmatizmin, rasional idarəetmənin və məqsədəyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlət başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir.

Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qo­rumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi uğurlu nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideolo­giyasına, Türk dünyası ilə bütövləşmə stra­tegiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən Prezident İlham Əliyev bu yolu heç kimin proqnozlaş­dıra bilmədiyi novatorluqla davam etdirdi. O, müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.

“Siyasətimiz işimizdir”, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyətcə dərin inam və etibar doğu­ran ifadələri də ilk dəfə siyasi leksikona gətirən İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruk­tivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan öz rəhbəri İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Nəhayət, müstəqilliyimizin 30-cu ildönü­mü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqti­sadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrü­nün ən böyük sınağına girdi və bu sınaq­dan möhtəşəm qələbə ilə, üzüağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbə qəhrəman Azərbaycan xalqının ikili stan­dartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi qələbəsi oldu. Bu qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.

Bu günlərdə ölkə əhalisi, xaricdəki soy­daşlarımız və dostlarımız Prezident İlham Əliyev 60 illik yubileyini müdrik dövlət başçısı, bütün dünya Azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdənin ömür yolu­nun təntənəli məqamı kimi qeyd etdi. Öz xalqının ən müqəddəs arzusunu – Qara­bağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Xalq bu mi­silsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

Qarabağ Zəfərindən 1 ay sonra – 2020-ci il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.

Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bü­tün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Ötən il ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumu­zun düşmən üzərində tam və birdəfəlik qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgi­sinin təzahürü idi.

İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yal­nız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.

Prezident İlham Əliyevin ikionillik liderlik fəaliyyətinin tarixə yazılmış uğur­ları təkcə bu zəfərlə bitməyib həyatımızın bütün sferalarını əhatə edir:

– Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qoru­nub saxlanması;

– ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətədavamlı iqtisadiy­yatın yaradılması;

– Azərbaycanın bir çox istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi;

– ölkəmizin Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi;

– cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması;

– Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü hərbi qüvvələrdən birinə çevrilməsi;

– Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropa­nın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi;

– Azərbaycanın mədəniyyətlərarası dia­loq məkanı kimi tanınması, Bakının dünya­nın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə evsahibliyi etməsi,

– davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi.

Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə heyrət etməmək mümükün deyil. Bu tarixi nailiyyətlər Azərbaycan xal­qının gözləri qarşısında baş verən reallıq­dır, çağdaş tariximizdir.

2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyaca­ğına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. Ötən illərdə həmişə Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. Ardıcıl olaraq işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. Hər yerdə, savaş meydanında olduğu kimi, beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqla­rını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. Fasiləsiz olaraq Vətənin hər bir qarışını düşmən tapda­ğından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yol­larla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz ordu yaratdı.

Qarabağ zəfərinə baş verənlər və bütün bunlara necə bir əzmkarlıqla nail olunduğu heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezident­lik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.

Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş “dəmir yumruq” müzəffər ordumuzun timsalın­da düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi möhtəşəm zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.

Prezident İlham Əliyev son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü– dövlət müstəqilliyimizi və suveren­liyimizi əbədi etdi, ölkəmizin ərazi bütövlü­yünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bü­töv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqı­nın başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.

Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu günlərdə Azərbaycan xalqının ən xoş arzuları və ən səmimi duyğuları qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyevə ünvanlanıb.

Məhəd Vəkilov ,
Qazax Suvarma Sistemləri İdarəsinin rəisi .
Tarix: 28-12-2021, 11:25