Ümummilli liderin həmişəyaşar ideyaları Azərbaycanı yeni uğurlara qovuşdurur
Müstəqil Azərbaycan Respublikasının banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev o vaxt keçmiş ittifaq daxilində geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasını təmin etdi.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə hər il 2 min nəfərə qədər gənci keçmiş ittifaqın tanınmış ali məktəblərinə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün ayrı-ayrı şəhərlərdəki hərbi təhsil ocaqlarına göndərib. Həmin illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasını da böyük və mühüm hadisə adlandırmaq olar. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Ona görə ki, müstəqil dövlətimizin gənc ordusunun formalaşmasında məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi mühüm rol oynayıb.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə ölkəmiz bir çox təhlükələrlə üz-üzə idi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdığı ərəfədə ölkəmiz olduqca ağır vəziyyətdə idi. Bu fürsətdən istifadə edən işğalçı Ermənistanın silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımızı öz doğma vətənində məcburi köçkünə çevirmişdi. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükədə olduğu anda Ulu Öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, hərbi, siyasi və sosial-iqtisadi böhrandan yalnız Ümummilli Liderimiz xilas edə bilər. Ən əsası, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışı xalqda böyük inam yaratmışdı. Belə ki, Ulu Öndər hakimiyyətə qayıdandan sonra qətiyyətlə və inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə qarşı çıxan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk müstəqil Konstitusiya layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Siyasi plüralizm, demokratiya, söz və mətbuat azadlığı təmin edildi, humanizm prinsiplərinə əsaslanan qanunlar qəbul edildi.
Sevindirici haldır ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yeri gəlmişkən, 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Beləliklə, birmənalı şəkildə qəbul olunmuşdur ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq..
[b]Etibar Xəlilov,
Gəncə Şəhər Narkoloji Dispanserin şöbə müdiri.
Tarix: 10-05-2022, 15:01