Xilaskarlıq və quruculuq missiyası

Tarixdə taleyini xalqına həsr etmiş böyük şəxsiyyətlər olub və onlar yenilməz iradə, qətiyyət, fədakarlıq və uzaqgörənliklə xalqını ən çətin sınaqlardan çıxardaraq tarixin gedişini dəyişməyi bacarıblar. Azərbaycan xalqı taleyində Heydər Əliyev kimi böyük şəxsiyyətin olduğuna görə xoşbəxtdir. Həm də ona görə xoşbəxtdir ki, dahi rəhbərin ömür yolu Vətən yolu, dövlətçilik yolu olub.
O, həyatını dövlətinin sabahına, torpağının bütövlüyünə, xalqının gələcəyinə, rifahına həsr edib. O, tarixdə dövlət müstəqilliyimizin memarı, qurucusu kimi yer tutub. Əzmi, iradəsi, zəkası, çoxşaxəli və zəngin fəaliyyəti ilə zəmanəmizin əbədiyaşar dahisinə, xalqın ümummilli liderinə çevrilib. Xalqımız onun qurtuluşunu təmin edən rəhbərinin, ona azadlıq, müstəqillik, firavan həyat, işıqlı ölkə bəxş edən xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü böyük minnətdarlıq hissi ilə qeyd edir.
Azərbaycan xalqını qurtuluşa, uğura, dünya arenasında əsas söz sahiblərindən birinə çevrilməsinə aparan yol ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə baş verdi. Ölkəmiz yenidən müstəqilliyinə qovuşmuş, lakin dövlətin bütün təsisatlarında hökm sürən xaos, bir tərəfdən də Ermənistanın beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsi, elan olunmamış müharibəyə başlaması vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir ağır dönəmdə, ölkəni düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək üçün xalq öz xilaskarına üz tutdu və ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.
Bu, sadə qayıdış deyildi, bu, dövlətimizin sütunlarının bərkidilməsi, xalqın işıqlı sabahı, uğurlarının təməl günü idi! Bu, müstəqilliyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin həlli, ölkənin bölünməkdən xilası, Azərbaycanın səsinin dünyanın ən ali kürsülərindən eşidilməsi idi! Bu, həm də Milli Ordunun yaradılması, atəşkəsin elan olunması, hüquqi və milli dövlətin formalaşması, “Əsrin müqaviləsi”, qədim İpək Yolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin istismara verilməsi ilə dövlətin iqtisadi dayaqlarının daha da gücləndirilməsi idi.
Ölkəmiz bütün bu uğurlara ulu öndərin şəxsiyyəti, mükəmməl idarəetmə qabiliyyəti, uzaqgörənliyi sayəsində nail oldu. Cəmiyyət həyatının bütün mərhələləri sarmış xaosun, böhranın, daxili çəkişmələrin uğurlu siyasət, fəal diplomatiya ilə əvəzlənməsi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini şərtləndirən əsas amildir. Çevik diplomatiya sayəsində beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq quruldu, xarici ölkələrə səfərlər, dünyanın ayrı-ayrı dövlətlərindən gələn nümayəndələrlə aparılan danışıqlarda Azərbaycana qarşı əsassız ərazi iddiaları zəminində Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlı əhalinin didərgin salınması və soyqırımı nəticəsində gərginləşmiş sosial-siyasi vəziyyətin ciddi şəkildə pozulması haqqında tam təəssürat formalaşdırıldı.
İslam Konfransı Təşkilatı, ATƏT, BMT, Avropa Şurası ilə əməkdaşlıqda Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplər açıq şəkildə dəstəkləndi. İslam Konfransı Təşkilatı dövlət və hökumət başçıları səviyyəsində keçirilən bütün zirvə toplantılarında ölkəmizlə bağlı aydın və ədalətli mövqe sərgiləyərək Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi kimi tarixə düşdü. BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, torpaqların qeyd-şərtsiz azad edilməsi, Dağlıq Qarabağ və digər ərazilərin işğal faktını təsdiq edən 822, 853, 874, 884 saylı qətnamələri ilə yanaşı, qurumun Təhlükəsizlik Şurasının sədri və Baş katibi müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaydı.
1994-cü il dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsinin qərara alınması, ondan iki il sonra ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınması istiqamətində ulu öndərin qətiyyəti, iradəsi, gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində qəbul edilmiş sənədin təşkilata üzv olan 53 dövlət tərəfindən müdafiə olunması, o cümldən İstanbul sammiti Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi oldu.
Ulu öndər həm də demokratik, hüquqi dövlət qurdu. Hər zaman çıxışlarında bildirirdi ki, “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Dahi rəhbərin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq konkret strategiyaya əsaslanan islahatlar həyata keçirilməyə başlandı və dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş və müəllifi ulu öndər olan ilk Konstitusiyamız hüquqi islahatların ən mühümü kimi tarixiləşdi.
Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı, ölüm cəzası ləğv olundu, prokurorluq demokratik cəmiyyətə uyğun yenidən quruldu, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun və məcəllələr qəbul edildi.
Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, öz ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir.
Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir.
Bugünkü müasir Azərbaycan ulu öndərin görmək istədiyi azad, müstəqil, qalib, ərazisi bütöv Azərbaycandır. Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı ilə dünyaya səs salan Azərbaycandır! Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərini yaşayan Azərbaycandır!
Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.
Tarix: 15-06-2022, 18:40