Anda sədaqətin Heydər və İlham Əliyevlər nümunəsi
Vətənə xidmətin, anda sədaqətin nümunəsini yaratmış Ümummilli lider Heydər Əliyevin göstərdiyi işıqlı yolu yeni meyarlarla zənginləşdirərək davam etdirən dövlət başçısı İlham Əliyev regionda Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırdı. Prezident İlham Əliyev bütün bu möhtəşəm işlərə 19 il bundan əvvəl - 2003-cü il oktyabrın 31-də təntənəli şəkildə xalqa, Vətənə sədaqət andı içərək başlamış, verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir.
Bir sıra tanınmış ekspertlər həmin 2003-cü ili taleyüklü məsuliyyət baxımından 1993-cü illə müqayisə edirlər. Xalqın 1993-cü ilin oktyabrında inam və etimad göstərdiyi, 30 ildən çox öz xalqına və dövlətinə canı, qanı ilə xidmət etmiş Heydər Əliyevin siyasi dühasi təkcə Azərbaycan və Qafqaz reallığı deyil, bütün postsovet məkanının və türk dünyasının reallığı idi.
Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan İlham Əliyevə etimad göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən idi. Əsrin müqaviləsinin imzalanmasında və 40-50 il üçün nəzərdə tutulmuş yeni neft strategiyasının hazırlanmasında Heydər Əliyevin ən etibarlı silahdaşı məhz İlham Əliyev idi. 2003-cü ilin oktyabrında xalq doğru seçim etdi və özünün uzunömürlü inkişafının təməlini qoydu.
Cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün zəruri olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini şəksiz edirdi. Xalq onu şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi. Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idi. Məhz İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçilmişdi.
Seçicilər yaxşı bilirdilər ki, İlham Əliyev həm ARDNŞ-in birinci vitse- prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən bəri), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanmışdır. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, liderlik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın həqiqi sevimlisinə çevrilmiş İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Xalq bu gözləntini reallaşdırdı. Baş nazirin qeyd edilən bütün şəxsi keyfiyyətləri ilə yanaşı, ulu öndər Heydər Əliyevin söylədiyi bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması ulu öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin günlə də ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. Mən hər bir azərbaycanlının Prezidenti olacağam - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu.
Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı ilk fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb- biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanılmış, minimum əmək haqqı və pensiyalar artırılmış, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.
Bir sıra ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair beşillik Dövlət Proqramlarını təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi.
Bu illər ərzində Azərbaycanın qazandığı ən böyük uğurlar sırasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri əfsanədən reallığa çevrildilər. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verdi.
Dünyaya inteqrasiya yolu tutan Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilməsi də bunun bariz nümunəsi idi. Bu, ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir əsaslı faktdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq 155 dövlətin dəstəyi ilə quruma üzv seçilməsi, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasətin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənməsi mənasına gəlirdi.
Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin düzgün müəyyənləşdirilmiş xarici siyasəti Ermənistanı dünyada işğalçı dövlət kimi tanıtdı. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirdilər.
Və əlbəttə ki, bütün bu hərtərəfli inkişafın məntiqi nəticəsi kimi, 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi sayəsində işğal altında olan torpaqlarımız yağı tapdağından azad olundu. Bütün bu möhtəşəm uğurlara rəğmən, dövlət başçımız İlham Əliyev inkişafın son həddinin olmadığı qənaətindədir. O, Azərbaycanı daha da xoşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir. Azərbaycan Prezidenti əmindir ki, ölkəmiz bundan sonra da sürətli inkişafını davam etdirəcək, daha da güclənəcəkdir. Xalqımız isə vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan lideri bu yolda həmişə dəstəkləyəcəkdir.
Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .
Tarix: 24-12-2023, 13:06