Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır
Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır


Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir, lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider qeyd etdiyimiz xüsusiyyətlərə malik liderlərin mövcudluğuna şübhə ilə yanaşmaq üçün müəyyən əsaslar verə bilər. Lakin, yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir.
Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. Prezident İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, Prezident İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki, bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir.
Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır.
Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir.
Məqsədlərin və mövcud problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, düzgün yanaşma tərzinin sərgilənməsi və işlək mexanizmlərin tətbiq olunması Prezident İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyətinin əsas prinsipləridir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini təhlil edərkən, liderlik institunun formalaşmasına tamam fərqli baxışın ortaya qoyulmasının yəni, mövcud stereotiplərdən kənara çıxılmasının zəruriliyini asanlqla müəyyənləşdirmək mümkündür. Belə ki, insanın müəyyən amillərin təsiri altında və şəraitdə xüsusi keyfiyyətlər qazanaraq liderə çevrildiyini əsaslandıran mövqe böyük əksəriyyət tərəfindən dəstəklənir. Lakin tarixdə elə azsaylı liderlər olur ki, onların malik olduqları keyfiyyətləri hər hansı bir amil və ya mühit formalaşdırmaq gücündə olmur. Belə liderlərin malik olduqları keyfiyyətlər təbiətdən gəlir. Məsələn, iki əsrin dahisi olan Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərinin sonradan qazanılması qeyri-mümkündür. Heydər Əliyev lider kimi doğulmuşdur və onun unikal liderlik keyfiyyətləri Prezident İlham Əliyevə irsən keçmişdir. Bu məqamdan çıxış edərək “dahi lider” və “lider” məhfumları arasındakı sərhədləri müəyyənləşdirməyə cəhd etmək olar. Belə ki, müəyyən amillərin təsiri altında lider olmaq mümkündür. Dahi lider isə, ancaq doğula bilər.
Prezident İlham Əliyev lider kimi doğularaq, liderlik keyfiyyətlərini müasir dövrün reallıqları çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək yeni lider obrazını yaratmışdır. Beləliklə, biz, uzun illər tədqiqatçıları düşündürən “lider doğulur, yoxa sonradan formalaşır” sualına cavab tapmış oluruq. Lider həm doğulur, həm də sonradan formalaşır. Sadəcə olaraq, lider kimi doğulanlar həm də dahilik zirvəsinə çata bilirlər.
Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.
Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır. Məsələn, Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək İlham Əliyev bir neçə hədəfi birdən vurmuşdur. Hər şeydən öncə, beynəlxalq ictimai şüurda Azərbaycan dövlətinin pozitiv imici daha da möhkəmləndirilmiş oldu. Oyunların keçirildiyi ərəfədə Azərbaycana səfər edən çoxsaylı xarici qonaqlar burada demokratikləşmənin, azadlığın və tolerantlığın yüksək səviyyəsini öz gözləri ilə gördülər.
Bundan başqa, Birinci Avropa Oyunlarının uğurlu təşkili ölkəmizə olan beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmışdır. Qeyd etdiyimiz bu məqamlar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın nitqində də xüsusi vurğulanmışdır. Belə ki, Tomas Bax çıxışı zamanı demişdir: “Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır.
Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar”. Birinci Avropa Oyunlarının təşkilindən sonra beynəlxalq ictimaiyyətdə qəti olaraq belə təsəvvür formalaşdı ki, Azərbaycan istənilən xarakterli və miqyaslı tədbiri ən yüksək tələblərə cavab verəcək səviyyədə həyata keçirməyə qadirdir. İlham Əliyev daxili və xarici müstəvidə həmişə praqmatik siyasət həyata keçirmək bacarığı və iradəsi ilə diqqəti cəlb edir.



Vüqar İbrahimov,
"Sahil Tradinq"MMC-nin Neptun marketlər şəbəkəsinin direktoru .





Tarix: 24-12-2023, 13:17