İlham Əliyev – xalqın seçimi və siyasi varisliyin misilsiz örnəyi
Dahi Mustafa Kamal Atatürk deyirdi ki, türk milləti yalnız qəhrəmanlıq və cəngavərliklə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfidir. O, yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarixin sivilizasiya mərhələsində bu millətə layiq olduğu yeri barmağı ilə göstərdiyini, həmin yerə doğru yürüyüb yüksəlməyi həm haqq, həm də borc olaraq vurğulayırdı. Vətənimiz Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız Atatürkün dediyi kimi, haqqı olan yüksəkliyə doğru çətin və əzablı yola çıxdı. Bu yol yaşadığımız çoxəsrlik tarixin diktəsiydi.
Qətiyyətlə deyə bilərik ki, bizə bu yolun müqəddəsliyini aşılayan, ona ideoloji məzmun qazandıran ulu öndər Heydər Əliyev oldu. Düz 19 il əvvəl isə Heydər Əliyev məfkurəsindəki, ideya xəttindəki böyük və qüdrətli Azərbaycanın düşüncə modelindən reallığa doğru çevrilməsi mərhələsi başlandı. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlı mərhələdir. Bəli, 2003-cü ilin 15 oktyabrı xalqımızın yaddaşında son dərəcə müstəsna əhəmiyyət daşıyan tarixi gündür. Atatürkün təbirincə desək, 15 oktyabr insanlığın şərəfinə çevrilməyə doğru üz tutduğumuz müqəddəs yoldakı müstəsna tarixdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı səsini cənab İlham Əliyevə verməklə birlik və həmrəyliyi, bütövlük və vəhdəti, müstəqillik və suverenliyi, asayiş və firavanlığı, əmin-amanlıq və sosial rifahı dəstəkləmiş oldu. Həmin gün vətəndaşlarımız müstəqilliyimizə zidd meyillərə, dövlətçiliyimizə təhdid yaradan təmayüllərə meydan verməyəcəklərini bildirdilər.
Ötən müddətin mənzərəsi, hadisə və prosesləri onu göstərir ki, onların seçimi olan Prezident etimadı doğrultmaq yolunda var gücü ilə çalışıb, mümkün, hətta reallaşdırılması müşkül görünən bütün tədbirləri gerçəkləşdirib. Ölkəmizdə vətəndaş cəmiyyəti, demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmiş bu tədbirlərin hədəfi güclü və qüdrətli Azərbaycan idi. Əminliklə demək olar ki, müstəqil və suveren Azərbaycan ümummilli lider Heydər Əliyevin, güclü və qüdrətli Azərbaycan Respublikası isə İlham Əliyev şəxsiyyətinin şah əsəridir.
2003-cü il oktyabrın 15-də başlanmış yolun ayrı-ayrı mərhələlərini təhlil edərkən çoxsaylı məqamlara diqqət yetirilməlidir. İlk növbədə onu vurğulayaq ki, Heydər Əliyev kimi nəhəng siyasətçidən sonra Azərbaycanda idarəçilik sükanının arxasına keçmək sıradan məsələ deyildi. Müstəqillik dövründə xalq prezident deyəndə göz önündə Heydər Əliyevin obrazı canlanırdı. İnsanlarımızın baxışlarında liderlik özünü ulu öndərə xas keyfiyyətlərdə göstərirdi. Belə bir durumda onun yolu ilə addımlamağın məsuliyyəti son dərəcə böyük idi. Cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk mərhələsindəcə özünü xalqa əsl lider olaraq tanıtmağı bacardı, liderliyini əməli işlərdə sübuta yetirdi.
Tam əminliklə onu da vurğulamaq lazımdır ki, cənab İlham Əliyev Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənlik bacarığının təntənəsiydi. Təsadüfi deyil ki, ümummilli lider xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bir məqama da diqqət yetirək ki, Azərbaycanın müstəqilliyi SSRİ-nin dağılması kimi nəhəng qlobal prosesin nəticəsi olmaqla yanaşı, keçmişimizdən qidalanan, gələcəyimizə boylanan arzu və istəklərin təntənəsiydi. Ancaq yerləşdiyimiz coğrafi məkanın spesifikliyini düşünsək, fərqli olayların yaşanması da mümkün idi. Hətta indi təsəvvürə gətirə bilmədiyimiz hal yaşana – dövlət suverenliyimizi itirə bilərdik.
Biz dövlət xalqı kimi yaşamağa layiq olduğumuzu təsdiqlədik. Heydər Əliyev şəxsiyyəti xalqın özünütəsdiqinin simvoluydu. Cənab İlham Əliyev isə ulu öndərin müasir dövlətçiliyimiz adına başlatdığı kifayət qədər həssas mərhələnin yekunlaşdırılmasının, ölkəmizin möhkəm təməllər üzərində dayanıqlı inkişaf yolunda inamla addımlamasının təminatçısı idi. Siyasətdə varislik elə budur və elə buna görə birmənalı fikir ondan ibarətdir ki, İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir. Bu nümunə bir liderin özündən əvvəlki liderlik ənənəsinə sadiqlik yolu ilə tamamilə fərqli lider obrazındakı keyfiyyətlərini nümayiş etdirməsidir. Elə bir keyfiyyətləri ki, onlar xalqın liderlə bağlı təsəvvür və baxışlar sistemində möhkəmlənib.
Güclü vətəndaşdan güclü dövlətə
“Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq”. Bu fikirlər Prezident İlham Əliyevin Xaçmaz rayonunun sakinləri ilə 26 iyul 2005-ci ildə keçirdiyi görüşdəki nitqindəndir. Həqiqətən də cənab İlham Əliyevin ötən 19 ildəki fəaliyyəti onun nəinki hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olduğunu söyləməyə əsas verir.
Dövlət başçısının reallaşdırdığı kurs Azərbaycan anlayışını, azərbaycanlı adını ümumiləşdirərək, vahid ideoloji platformaya gətirdi. Onun özünün də söylədiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması hərtərəfli inkişaf üçün başlıca şərtə çevrildi.
İnkişafın Azərbaycan təcrübəsi ¬Prezident İlham Əliyevin seçdiyi yolun praqmatikliyinin, rasional düşüncəyə əsaslandığının, yenilik mahiyyəti daşıdığının əyani göstəricisidir. O, doğru və düzgün müəyyənləşdirdiyi idarəçiliklə iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılmasını həyata keçirdi ki, bunun nəticəsində hərtərəfli tərəqqiyə, canlanmaya nail olundu. Hər bir vətəndaşın hüququnun qorunmasının dövlətimiz üçün önəmini vurğulayan dövlət başçımız ötən 19 ildə qanunun aliliyinin qorunduğu, yüksək şəffaflığın təmin olunduğu, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə edildiyi, sosial rifaha əsaslanmış vətəndaş cəmiyyəti formalaşdırmağı bacardı.
Respublikamızın infrastruktur, dünya görüşü, təhsil, ümumən bütün parametrlər baxımından müasir dövlətə çevrilməsi onun dünyada və bölgədə yerini daha da möhkəmləndirdi. ¬Prezident beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda sürətlə dəyişən çağdaş dünyamızdakı qloballaşma və inteqrasiya proseslərinə həssas yanaşaraq, mənafelərimizi qorumağın diplomatik nümunəsini ortaya qoydu. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artdı, ölkəmiz mühüm beynəlxalq aktora çevrildi.
İlham Əliyevin hakimiyyətinin 19 ili göstərir ki, vətəndaşın hüquq və azadlıqlarla, sosial rifah şəraiti ilə güclənməsi onun güclü dövlətə malik vətəndaşa çevrilməsi ilə həmahəng prosesdir. Bu baxımdan dövlət başçısı düşünülmüş daxili və xarici siyasəti ilə ötən illərin hər birinə özünəməxsus çalarlar gətirdi. Bunun, o cümlədən, ictimai münasibətlər sistemindəki sabitliyin, qarşılıqlı anlaşmanın, dialoq mühitinin yaranması nəticəsində ölkəmizdə bütövlükdə həyatın zəngin və parlaq palitrası formalaşdı. Bu zənginlik daxili sadəlik və səmimiyyətə əsaslanmış ali niyyətdir. Xalq və dövlət üçün yorulmadan çalışmaq kimi ali niyyət: “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”.
Prezidentin Qarabağ hədəfi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan saysız-hesabsız beynəlxalq uğurlara imza atıb. Bunların hər biri geniş elmi araşdırmaların, cild-cild kitabların mövzularıdır. “Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”, – deyən Prezidentin reallaşdırdığı tədbirlərin, apardığı islahatların qayəsini təşkil edən güclü vətəndaş formulu yekun nəticədə güclü dövlətin yaranması naminə idisə, dövlətin güclənməsi və möhkəmlənməsi bir müqəddəs vəzifənin həllini hədəf seçmişdi. O vəzifənin ki, tam ağırlığı və mürəkkəbliyi ilə yanaşı, taleyüklülüyü ilə də ulu öndər Heydər Əliyevdən miras qalmışdı. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın erməni işğalından azad olunduğu gün bildirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bəli, Qarabağ məsələsi müstəqilliyimizin ilk illərindən başlayaraq, Azərbaycanın beynəlxalq münasibətlərində başlıca istiqamət olub. Ümummilli lider Heydər Əliyev ölkəmizin dünyaya tanıdılmasına yönəlmiş yorulmaz fəaliyyəti ilə bu hədəf üçün beynəlxalq səviyyədə siyasi, daxili miqyasda isə ideoloji zəmin hazırlamışdısa, cənab İlham Əliyev hər iki müstəvidəki fəaliyyətə dinamizm, çeviklik, ardıcıllıq gətirdi. O, dəyişən dünyanın siyasi lider üçün biçdiyi stereotiplərə yaxın getməklə bərabər, Azərbaycan kişisinə xas mühafizəkarlıq elementlərindəki qətiyyəti və prinsipiallığı beynəlxalq siyasətinin mühüm tərkib hissəsinə çevirdi. Nəinki çevirdi, eyni zamanda, yüksək bacarıq və səriştəsilə hadisə və proseslərə baxışını, mövqeyini qəbul etdirməyi bacardı.
“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt – nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram”. Bu fikirlər Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki çıxışındandır. Ümumən dövlət başçımızın 2003–2020-ci illərdə baş tutmuş yerli və beynəlxalq səviyyəli toplantılarda Qarabağ mövzusunda söylədiyi fikirlər tarixi Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi ümidini qəti əminliyə çevirdi. Sanki hər yeni başlanmış ildə Qarabağ xalqa doğru gəlir, xalq Qarabağa doğru gedirdi.
Baxın, Prezident İlham Əliyev 28 May– Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda işğalçı Ermənistana xitabən bildirmişdi ki, düşmən ölkəmizin istənilən anda məsələni hərb yolu ilə həll edə biləcəyini bilməlidir. Silahlı Qüvvələrdə nizam-intizamın artırılması, ordumuzun gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silahların alınması buna hesablanmışdı. Bu baxımdan dövlət başçımızın 2015-ci ildə “əgər erməni əsgəri öldürülmək istəmirsə, Ağdama gəlməməlidir”, 2018-ci ildə isə “bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır” kimi fikirləri də Ermənistan üçün son dərəcə ciddi mesaj, xəbərdarlıq idi.
Cənab İlham Əliyev işğalçı dövlətə ən böyük xəbərdarlığını 2019-cu ilin oktyabrında etdi. O, Soçidə “Valday” diskussiya klubunun plenar sessiyasındakı çıxışı zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilmiş, tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verərək, ölkəmizin milli maraqlarını hər şeydən üstün tutduğunu qəti şəkildə bildirdi və bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Vətən müharibəsi və arzuları reallaşdıran Ali Baş Komandan
Yeri gəlmişkən, dövlət başçımız müharibənin başlanmasına bir neçə gün qalmış da xəbərdarlıq etmiş, işğalçı ölkəni qəflət yuxusundan ayılmağa səsləmişdi: “Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir”.
Bəli, Azərbaycanda Prezident kimi fəaliyyətə başlamasının 19-cu ilinin tamam olduğu bu gün tam qətiyyətlə söyləmək mümkündür ki, cənab ¬İlham Əliyev xalqın arzularını reallığa, xəyallarını gerçəyə çevirmiş liderdir. O, şanlı Azərbaycan tarixində torpağı düşmən tapdağından qurtarmış dövlət başçısı, sərkərdə, Ali Baş Komandandır.
27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Azərbaycanın, Azərbaycan xalqının birlik və bütövlüyünün, dirəniş və əzminin qələbəsi olmaqla yanaşı, cənab İlham Əliyevin siyasətçi, dövlət başçısı kimi triumfunun təntənə meydanıydı. O, dünyaya siyasət dərsi keçdi. Bu dərs qətiyyətin, prinsipiallığın, möhkəm iradənin və xalqa arxalanmağın bariz nümunəsiydi. Xalq–hakimiyyət vəhdəti də məhz budur.
Vətən müharibəsi Azərbaycan ¬Prezidentinin, müzəffər Ali Baş Komandanın təkcə Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi-hərbi zərbə, misilsiz cəsarət və dönməzlik örnəyi idi: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır!”
Müharibə günlərində informasiya cəbhəsinin, obrazlı desək, az qala hər səngərindən atəş açan, hədəfləri son dərəcə sərrast nişan alıb məhv edən Prezident İlham Əliyevin sayəsində Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, xarici təzyiqlərə sinə gərməyi bacardı. Onun dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı zireh rolunu oynadı. Nəticədə cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı, dünya ictimaiyyəti həm Ermənistan və Azərbaycan arasındakı münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə baş-başa qaldı.
Azərbaycan xalqının güclü siyasi liderlər yetişdirmək potensialına malik olması Uca Tanrının böyük lütfüdür. Biz, eləcə də beynəlxalq ictimaiyyət XX əsrdə Heydər Əliyev şəxsiyyətinin timsalında xalqımızın bu potensialındakı nəhəngliyin ilk nümunəsini görmüşdü. XXI əsrdə dünya İlham Əliyev kimi güclü dövlət başçısının şəxsində siyasi liderliyin həm də ənənəviliyinə, məktəb mahiyyəti daşıdığına şahidlik etməkdədir. Heydər Əliyev məktəb idi. Dövlət başçısı kimi fəaliyyətə başlamasının 19 ilinin tamam olduğu gündə qətiyyət dolu əminliklə bildirmək olar ki, siyasi varisliyin bənzərsiz və təkrarsız nümunəsi olan İlham Əliyev şəxsiyyəti də özlüyündə dövlət idarəçilik məktəbidir. Xalqımızı və dövlətimizi daha uca zirvələrin fəthinə daşımaq inamına köklənmiş, Vətənə və doğma yurda misilsiz sevgi, dərin sədaqət, bütövlük, mərdlik və kişilik məktəbi.
Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.
Tarix: 24-12-2023, 13:26