Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun xilaskarı kimi nüfuz qazandı
2003-cü ildə «Ona Özüm qədər inanınam» deyib xalqa müraciət edən ulu öndər Heydər Əliyevin bu etimadı özünü ərazi bütövlüyümüzün təmin olunmasında bir daha doğrultdu
Hesabat xarakteri daşıyan günləri xarakterizə edərkən o zaman qürurlu və sevincli oluruq ki, uğurlarımızın fonunda həmin tarixə nəzər salır, atdığımız addımlardan təəssüflənmirik. Təbii ki, bu kimi düşüncələr hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan prezident seçkilərində səs verdiyimiz namizədin növbəti mərhələdə ölkəyə qazandırdığı uğurların, xalqına bəxş etdiyi firavan həyatın təhlilində özünün ifadəsini tapır.
Azərbaycanın son 19 ilinin mənzərəsini təqdim edərkən 2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətini xatırlatmaq bir tələb kimi qarşımıza qoyulur. Çünki bu müraciətlə bugünümüzün və gələcəyimizin əsası qoyuldu, növbəti inamın ünvanı düzgün göstərildi, xalq düzgün seçim edərək Azərbaycanın qalib ölkə kimi tanınmasına yol açdı. Müraciətdə deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Xalqımız cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasətinin davamına səs verdi.
Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirlər cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində qələbəsi ilə yanaşı, son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının bu müddət ərzində dəfələrlə qələbəsini təmin etməsinə bələdçilik edir.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində « Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin bu günü və gələcəyi üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı ki, həm asan, həm də çətin: “Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.»
Cənab İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib məsələlər idi. Son 19 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, bugünkü qalib , Zəfəri ilə qürur duyan Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni-Zəfər səhifəsini yazdı. Artıq iki ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir və bundan qürur hissi keçiririk. Hazırda Qarabağ və Şərqi Zəngəzur həyatının quruculuq dövrünü yaşayır. 30 illik torpaq həsrətinə son qoyulan soydaşlarımız Böyük Qayıdışı gözləyirlər. Bu qayıdışın atılan ilk addımı onun davamlı olacağına böyük əminlik yaradır.
Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər mövcuddur. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman edəcəyimi bilirəm. Eyni zamanda, Azərbaycan bu müddət ərzində özünün gücünü, qüdrətini artırdı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.
Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 19 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsidir.
Dövlət başçısı İlham Əliyevin mətbuata ilk müsahibəsində söylədiyi bu fikirləri də xatırlamaq yerinə düşər. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”
Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 19 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”
Dövlət başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”
Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.
Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın və Şərqi Zəngəzurun xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara¬dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za¬man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı¬nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi¬rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.
Dövlət başçısı İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi hər zaman bu kimi məqamlara görə diqqətdə olur, dövlət başçısı İlham Əliyevin fikirləri aforizmə çevrilib. Jurnalistin «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabı dövlət başçısının istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə nümayiş etdirdiyi qətiyyətin, təmkinin aydın ifadəsini yaradır. «Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.»
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurur. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-da¬imi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Azərbaycan, eyni zamanda, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma üç illik sədrlik missiyasını öz üzərinə götürüb. Onu da qeyd edək ki, Azərbaycanın iki il quruma sədrlik dövrünün üç ilə qədər uzadılması təşkilatın üzvlərinin qərarı əsasında olub. Belə ki, ölkəmizin son iki ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.
Prezident İlham Əliyevin yorul¬maz və məqsədyönlü fəaliyyəti ay¬dın sübut edir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi xarici siyasəti daim diqqət mərkəzində saxlayır. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir. 19 ilin uğurlarına, həyata keçirilən siyasətə dəstəyin aydın ifadəsi bu illər ərzində keçirilən 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini qazanması, qələbəsini təmin etməsidir. Artıq Heydər Əliyev siyasətinin uğurları, ən əsası Ümummilli Liderin 1 oktyabr 2003-cü il müraciətində əksini tapan çağırışların aydın ifadəsi bugünkü reallıqlarımızdır. Son 19 ilin 17 ili ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi də xarakterizə oluna bilər. Artıq uğurlarımızın fonunda, dövlətimizin qətiyyəti, Maüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını böyük qürur hissi ilə qeyd edirik. Bu gün ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir. Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq.
Keçilən yolu təhlili fonunda bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir.
Dünyanın müxtəlif ölkələrində yaşayan və birlikləri, həmrəylikləri ilə tarixi Zəfərimizə öz töhfələrini verən soydaşlarımız üçün də bu il qürurlu il oldu. 30 ililk zamandan sonra dünya azərbaycanlıları mədəniyyət paytaxtımız Şuşada Zəfər Qurultayını keçirdilər. Dünya Azərbaycanılarının Zəfər Qurultayında soyadaşlarımızın tarixi Qələbəmizdən sonra qarşısında dayanan vəzifələr müzakirə edildi və prioritetlər müəyyənləşdi. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Şuşa İli» elan edilən 2022-ci il Azərbaycanın döyünən ürəyinin həyatında biri-birindən əhəmiyyətli tarixi hadisələrlə yadda qalacaq. «Xarıbülübül» musiqi festivalı, Vaqif Poeziya Günləri növbəti dəfə keçirildi. Artıq mədəniyyət paytaxtımız Şuşa diplomatik mərkəzə çevrilib. İqtisadi, siyasi, humanitar tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunan Şuşanın hər günün çal-çağırlı olması mənfur düşməni narahat etməyə bilməz. Ermənilər illərlə Şuşanın erməniləşdirilməsi üçün ən çirkin yollara əl atdılar. Amma unutdular ki, Azərbaycanın hər bir bölgəsinin, o cümlədən qədim Şuşanın hər daşı, qayası tarixdir. Şuşa bu il, eyni zamanda, Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirdi və bir sıra əməkdaşlıq sazişlərinin imzalanmasına şahidlik etdi.
Qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. «Ağıllı şəhər», «ağıllı kənd» layihələri reallaşdırılır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaradacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bir daha tarixi Zəfərimizi şərtləndirən amillərdən, yaratdığı reallıqların ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edərək bu məqamı xüsusi vurğuladı ki, biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Həmçinin o da bildirildi ki, Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik: «İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.»
Cənab İlham Əliyevin çağırışlarının sırasında bu mühüm məqam da xüsusi qeyd edilir: “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm.» Prezident İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2020-ci ilin iyulunda keçirilən həmin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi. Bu fikirlərin davamı olaraq isə qeyd etmişdi ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik.»
Artıq yazının əvvəlində bəhs etdiyimiz, sabaha daha böyuük inamla addımlamağımıza əsas verən tarixi Zəfərimiz məhz dövlət başçısı İlham Əliyevin yuxarıda səsləndirdiyti bəyanatın reallıqda təsdiqidir.
Son bir ildə Azərbaycan Ordusu Ermənistana «Dəmir yumruq» əməliyyatının davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» dərslərini verdi. Bir daha bəyan edildi ki, törədilən hər bi təxribatın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Azərbaycan 30 ildə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə, təxribatlara rəğmən işğalçı dövlətə sülh təklifini etdi. Yəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normalalşdırılmasından bəhs edərkən Qarabağ mövzusundan söhbət getmir. Həmçinin danışıqlar masasında hər hansı statusdan da söhbət getmir. Burada əsas müzakirə edilən məsələ Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir ki, bunu da Azərbaycan dövləti təmin edəcək. Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq.
Qeyd etdiyimiz kimi, artıq iki ildir işğaldan azad edilmiş ərazilərimizin dirçəlməsindən danışırıq. Hər arxada qalan gün işğaldan azad edilmiş torpaqlarımızın həyatında bir mühüm hadisə kimi qalır. Ötən ilin oktyabarında iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin Prezidentləri Füzuli Beynəlxalq Hava Limanın açılışında iştirak etdilər. Qarabağın hava qapısını dünyaya birgə açan iki müttəfiq ölkənin prezdientləri həmin gün Zəngilanda Azərbaycan və Türkiyənin birgə investisiya layihəsi olan «Dost Aqropark»ın təməlini qoydular. Bu ayın sonunda Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı istifadəyə veriləcək. İki ildə bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onları təm şəkildə əhatə etmək mümkün deyil.
Bu ilin mühüm müjdəsi Laçına qayımağımız oldu. Avsustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində «Biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıtmalıyıq» çağırışını edən dövlət başçısı İlham Əliyev avqustun 26-da bu müjdəni verdi ki, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıtdıq.
Uğurlarımız biri-birini əvəzlədikcə gələcəklə bağlı yeni-yeni hədəflər müəyyənləşdirilir, onlara çatmaq üçün Dövlət proqramları, Milli Pritortietlər təsdiqlənir. İqtisadi rayonların yeni bölgüsünün aparılması, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi davamlı addımlar Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında daha geniş imkanlar yaradır.
Ölkə Prezidenti keçilən yolun, əldə edilən uğurların təhlilinə söykənərək sözügedən müsahibədə bu tezisin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: «Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.»
Bu mühüm hadisəni də xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev İli» elan edildi. Bu mühüm addım müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əiyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin daha geniş şəkildə təhlilinə və fəaliyyətinin yeni istiqamətləri üzrə araşdırmalara geniş imkanlar açacaq. «Heydər Əliyev İli» tarixi Zəfərimizə gedən yola bir daha işıq salacaq. Heydər Əliyev yolu daim Azərbaycanı zəfərlərə aparır. «Heydər Əliyev İli» dünənimizə baxış fonunda bugunümüz, bugünümüzün reallıqlarının təhlili əsasında qalib Azərbaycanın sabahı ilə bağlı hədəflərin müəyyənləşdirilməsidir.
Vahid Muradov,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"2 №-li Yol İstismarı" MMC -nin direktoru.
Tarix: 24-12-2023, 15:25