Azərbaycan Prezidenti xalqa arxalanır, ondan güc alır
Azərbaycan Prezidenti xalqa arxalanır, ondan güc alır



2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında videokonfrans formatında görüşə baxanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu eşitdikdə, bir daha torpağımızda günahsız insanların qanının tökülməyəcəyini düşünərək sevindim. Üçtərəfli bəyanatı imzalayarkən, Prezidentin də sevindiyini duyduqda, bütün ailəliklə xoşbəxt olduq.
Elə cənab Putinin də yaranmış vəziyyətdən razı qaldığı görünürdü. O bildirdi ki, birgə bəyanatda şərh edilmiş qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də təsbit edilmiş razılaşmalara etibarlı nəzarət mexanizmi, regionda münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.
Prezident İlham Əliyev isə Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu qeyd etdi: "Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması işi, əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq".
Azərbaycan lideri bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi rolunu xatırladaraq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirdi. Bizim üçün ən sevindirici məqam bəyanatın bəndlərindən birində Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasında işrirakının göstərilməsidir. İnanırıq ki, bundan sonra problemin həlli Azərbaycanın istədiyi şəkildə baş tutacaq. Bunun üçün Prezident İlham Əliyev böyük diplomatik fəaliyyət göstərib. Bütün xalqımız onun hər bir addımını dəstəkləyib. Bu gün də hamılıqla dövlət başçımıza güvənirik və onun dəstəyindəyik.
Şanlı ordumuzun Şuşanı alması ölkəmiz üçün böyük qürurdur. Xüsusilə, demək olar ki, silah işlətmədən, əlbəyaxa döyüşlər nəticəsində bu qədim şəhərimiz azad olundu. Həm də heç bir dağıntıya yol verilmədi. Bu, xüsusi bir qəhrəmanlıqdır. Rus jurnalistlərindən birinin məqaləsində oxudum ki, Azərbaycan əsgərləri yaralanmış, hətta həlak olmuş yoldaşlarını belə yolda atmayaraq, çiyinlərinə alıb üzüyuxarı - Şuşaya qaldırırlarmış.
Şübhəsiz ki, bütün bunlar Ali Baş Komandanımızın böyük sərkərdəlik məharətinin nəticəsidir. Döyüşdə yaxşı komandan, əlbəttə, böyük perspektiv deməkdir. Bizdə də belə oldu. Cəsur komandanın əmri ilə ordumuz, demək olar ki, heç bir güllədən, mərmidən çəkinmədən irəlilədi və böyük uğurlar qazandı.
Hesab edirəm ki, birgə bəyanatda heç bir statusdan söhbət getməməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində qeyd edib ki, Azərbaycan yeni reallıq yaradıb və indi hamı bununla hesablaşmalıdır. Bu da Ali Baş Komandanımızın cəsarəti sayəsində əldə olundu. Bu məsələdə Xalq-Prezident birliyi öz sözünü dedi. Prezident xalqa arxalandı, ondan güc aldı. Bütün Azərbaycan xalqı da gecə-gündüz Prezidentimiz, ordumuz üçün dualar etdi.


Tahir Məmmədov,
Bakı şəhər Yasamal Rayon Bələdiyyəsinin sədri..





Tarix: 24-12-2023, 15:31