İlham Əliyevli Azərbaycan yeni quruculuq mərhələsinə daxil olur
İlham Əliyevli Azərbaycan yeni quruculuq mərhələsinə daxil olur


Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ilə 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. Bununla da ölkəmizin Böyük Qələbəsi reallaşdı. Bir sözlə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyini gerçəkləşdirdi. Bütün dünya xalqımızın tarixində əbədi qalacaq bu qələbə ilə Azərbaycanın gücünün-qüdrətinin şahidi oldu.
Azərbaycanın bu möhtəşəm uğuru 30 illik həsrətin sona çatması və uzun müddət işğal altında olan ərazilərimizdə tikinti-quruculuq, abadlıq işlərinə başlanılması deməkdir. Bu, həm də işğaldan azad olunan kənd, qəsəbə və şəhərlərimizdə torpaq, meşə, su, yeraltı sərvətlər və digər resursların Azərbaycanın iqtisadi dövriyyəsinə cəlb olunmasından xəbər verir.
Hazırda respublikamızda postkonflikt dövrünün hazırlığına başlanılır, "Böyük qayıdış"a uyğun olaraq kommunikasiyaların bərpası, iqtisadiyyatın qurulması, yaşayışın təmin edilməsi və həyatın canlandırılması planları hazırlanır. Postkonflikt dövründə Azərbaycanda sənaye, aqrar və xidmət sahələrinin inkişafının həm yeni resursların cəlb edilməsi, həm də səmərəliliyin artırılması hesabına reallaşdırılması nəzərdə tutulur.
Bütün bunlar qısa bir zamanda reallaşandan sonra ermənilər tərəfindən barbarcasına dağıdılan, viran edilən yaşayış məntəqələrimizə yeni bir həyat, yeni bir canlanma gələcək.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, düşmənin dağıtdığı bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görən bütün binalar bərpa ediləcək. Vətəndaşlarımızın itirilən mülkiyyəti bərpa olunacaq: "Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq".

Niyazi Nəcəfov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Şirvan Şəhər Komitəsinin sədri




Tarix: 24-12-2023, 17:30