Qələbələr salnaməsi yazan Ali Baş Komandan
Sovet İttifaqının süqutundan sonra Ermənistanın başladığı genişmiqyaslı işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən ölkənin silahlı qüvvələri tərəfindən işğal olundu, 20 mindən çox azərbaycanlı qətlə yetirildi. Ermənistandan və Azərbaycanın işğal edilən bölgəsindən 1 milyondan çox azərbaycanlı didərgin salındı. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri də törədildi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdıqdan sonra isə düşmənə müqavimət gücləndirildi. Ordu quruculuğu və silahlı qüvvələrimizin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər işğalçının hərbi birləşmələrinə ağır zərbələr endirilməsini və yağı tapdağındakı bəzi ərazilərimizin, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad olunmasını şərtləndirdi. Belə bir şəraitdə, yəni Azərbaycanın əvvəlki gücsüz və taqətsiz ölkə olmadığını anlayan Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa razılaşdı. Beləliklə, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yarandı. Həmçinin həmin qurumlar tərəfindən qəbul edilən sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etdi: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqləndi və Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olundu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İnsan Hüquqları Məhkəməsi və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərdə də düşmən ölkənin silahlı qüvvələrinin işğalda saxladığı bütün ərazilərdən çıxarılması tələb olundu, habelə torpaqlarından didərgin düşən insanların öz yurdlarına geri dönmələri hüququ bildirildi.
Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın dövlət başçıları tərəfindən status-kvonun qəbuledilməzliyi diqqətə çatdırılmaqla bərabər, məsələnin tezliklə öz həllini tapması dəfələrlə bəyan edildi. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul olunan Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldildi. Ümumiyyətlə, uzun illər boyu aparılan danışıqlarda Azərbaycan tərəfi daim təmkinli davranaraq, sülh prosesinə sadiqlik göstərdi, işğalın aradan qaldırılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına, didərgin düşən soydaşlarımızın doğma yurdlarına qayıtmalarına hər hansı şəkildə kömək göstərə biləcək bütün təkliflərə anlayışla yanaşdı. Təəssüf ki, münaqişənin həlli istiqamətində göstərilən bütün beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədi. İşğalçı dövlətin rəhbərliyinin cəzasız qalması, eyni zamanda, onun bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən yararlanması səbəbindən danışıqlar prosesi heç bir nəticə vermədi.
Ötən dövrdə Ermənistan ordusu atəşkəs rejimini dəfələrlə pozdu. Aprel və Tərtər döyüşlərində isə yeni ərazilər işğal etməyə cəhd göstərdi.
Bütün bunlarla yanaşı, Dağlıq Qarabağda yaradılan qondarma rejim başçısı Şuşada özünə "andiçmə" mərasimi keçirdi. Eyni zamanda, düşmən tərəfindən oyuncaq qurumun "parlamentinin" Şuşaya köçürülməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatının dəyişdirilməsi iddiaları səsləndirildi, hətta danışıqları davam etdirmək üçün Azərbaycan qarşısında üzdəniraq şərtlər qoymaqdan belə çəkinilmədi.
Ermənistanın dövlət başçısının irəli sürdüyü "Qarabağ Ermənistandır və nöqtə", Ermənistan müdafiə nazirinin vurğuladığı "yeni ərazilər üçün yeni müharibə" iddiaları işğalçı ölkə rəhbərliyinin əsl niyyətlərini üzə çıxardı. Bu məsuliyyətsiz davranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də düşməni sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistanın canfəşanlığının artmasına, daha çox əl-qol açmasına gətirib çıxardı.
Ermənistan odusunun sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycanı əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Otuz il işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik" mifi pozuldu, düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.
Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi həkk olundu.
Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi.
Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması qərara alındı.
Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ilə 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. Bununla da ölkəmizin Böyük Qələbəsi reallaşdı. Bir sözlə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyini gerçəkləşdirdi. Bütün dünya xalqımızın tarixində əbədi qalacaq bu qələbə ilə Azərbaycanın gücünün-qüdrətinin şahidi oldu.
Azərbaycanın bu möhtəşəm uğuru 30 illik həsrətin sona çatması və uzun müddət işğal altında olan ərazilərimizdə tikinti-quruculuq, abadlıq işlərinə başlanılması deməkdir. Bu, həm də işğaldan azad olunan kənd, qəsəbə və şəhərlərimizdə torpaq, meşə, su, yeraltı sərvətlər və digər resursların Azərbaycanın iqtisadi dövriyyəsinə cəlb olunmasından xəbər verir.
Hazırda respublikamızda postkonflikt dövrünün hazırlığına başlanılır, "Böyük qayıdış"a uyğun olaraq kommunikasiyaların bərpası, iqtisadiyyatın qurulması, yaşayışın təmin edilməsi və həyatın canlandırılması planları hazırlanır. Postkonflikt dövründə Azərbaycanda sənaye, aqrar və xidmət sahələrinin inkişafının həm yeni resursların cəlb edilməsi, həm də səmərəliliyin artırılması hesabına reallaşdırılması nəzərdə tutulur.
Bütün bunlar qısa bir zamanda reallaşandan sonra ermənilər tərəfindən barbarcasına dağıdılan, viran edilən yaşayış məntəqələrimizə yeni bir həyat, yeni bir canlanma gələcək.
Alı Məmmədov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin sədri .
Tarix: 24-12-2023, 18:04