Dünyanı aldadan erməni yalanlarına başqa bir zərbəni Prezident İlham Əliyev öz müsahibələri ilə vurdu
Azərbaycanın ərazi bötövlüyünün təmin olunması uğrunda Vətən müharibəsi bizim möhtəşəm Qələbəmizlə başa çatdı. Müharibənin bu cür uğurlu sonluqla yekunlaşacağı əvvəldən bəlli idi. Ona görə ki, biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi.
27 il idi işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında indi Azərbaycan bayrağı dalğalanır. Tərtərin, Xocavəndin, Laçının, Xocalının bir sıra kəndləri işğaldan təmizləndi. Nəhayət 2020-ci il noyabrın 9-da Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan Azərbaycanın şərtləri daxilində kapitulyasiyaya məcbur oldu.
Ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda saxlayan Ermənistanın hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Atəşkəs ərəfəsində işğalçı ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.
Dövlətimizin başçısı İlham Əliyev hələ hərbi əməliyyatların başlandığı ilk günlərdən Ermənistan qarşısında şərtlərini açıqlamışdı. Bu şərtlərə əsasən, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarının çıxarılması ilə bağlı cədvəl verməli idi. Əgər vaxtında Ermənistanın siyasi-hərbi rəhbərliyi bu şərtləri qəbul etsəydi, döyüş meydanlarında minlərlə erməni əsgəri həlak olmazdı. İndi Ermənistanda bu məğlubiyyətə görə baş nazir N.Paşinyanı vaxtında düzgün qərarlar verməməkdə ittiham edirlər. Xüsusən müxalifət təmsilçiləri bildirirlər ki, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin qaçılmaz olduğu bilinəndə baş nazir müharibənin dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməliydi.
İndi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tamamilə yeni reallıq yaranıb. Ermənilərin Dağlıq Qarabağda respublika yaratmaq iddialarına tamamilə son qoyulub. İndi Ermənistan faşist Almaniyasının taleyini yaşayır. Artıq bütün şərtləri qalib Azərbaycan diktə edir.
Bu müharibədə Ermənistana elə bir siyasi, iqtisadi və həm də mənəvi zərbə vuruldu ki, işğalçı dövlət çətin bunun altından çıxsın. Hüquqi-siyasi zərbə ondan ibarətdir ki, bu məğlubiyyətlə Ermənistanın müasir tarixinin ən biabırçı səhifəsi yazıldı.
Dünya erməniliyi, erməni diasporu əsrlər boyu bütün dünyada "məzlum erməni xalqı" obrazını yaratmışdı. Əfsuslar olsun ki, bir çox hallarda onlar məqsədlərinə nail olmuş, ayrı-ayrı ölkələri öz çirkin niyyətlərinə inandıra bilmişdilər. Bu müharibə bütün dünyada ermənilərlə bağlı yaranmış stereotipləri demək olar ki, kökündən dəyişdi. Heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini ilk gündən bəyan etdi. BMT Nizamnaməsinin 51-ci maddəsində yazılır ki, bu nizamnamədə heç nə təcavüzə məruz qalmış dövlətin fərdi və ya kollektiv özünümüdafiə haqqını gerçəkləşdirməsini əngəlləmir. Eyni zamanda Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanı müdafiə etmədi. Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda beynəlxalq ictimaiyyət işğalçının məhz Ermənistan olduğunu gördü.
Dünyanı aldadan erməni yalanlarına başqa bir zərbəni Prezident İlham Əliyev öz müsahibələri ilə vurdu, müharibənin ilk günlərindən sonuna qədər tanınmış xarici KİV-ə verdiyi müsahibələrdə Dağlıq Qarabağ problemi ilə bağlı hüquqi məsələləri ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı Dağlıq Qarabağın məhz Azərbaycan torpaqları olmasının hüquqi tərəflərini mükəmməl şəkildə izah etdi. Erməni lobbisinin tapşırıqları ilə suallar ünvanlayan bəzi xarici KİV təmsilçiləri cənab Prezidentin cavabları qarşısında mövzunu dəyişməyə məcbur oldular.
Müharibənin Ermənistana vurduğu iqtisadi zərbənin təsiri də ölçüyəgəlməzdir. Milyardlarla dollar ziyanın yerini doldurmağa bu vəziyyətdə onilliklər də bəs etməyəcək. Təbii ki, bu fonda sosial sferada Ermənistanda vəziyyət daha da kəskinləşəcək.
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatı beynəlxalq təşkilatların da bu razılaşmanı təqdir etmələri göstərdi ki, dünya ictimaiyyəti Ermənistanın kapitulyasiyasına tərəfdardır.
Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin idi. İndi isə həmin ərazilər işğaldan azad edilib.
Ordumuzun qələbə qazanacağına əmin olan Azərbaycan hökuməti hələ döyüşlər baş çatmadan işğaldan azad olunan torpaqlarda quruculuq fəaliyyətinə başladı. Bu fəaliyyətlərlə həm orduya logistik dəstək verildi, həm də gələcək üçün təməl qoyuldu.
Etibar Niftaliyev,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Zərdab Rayon Komitəsinin sədri
Tarix: 24-12-2023, 18:10