Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir


Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı. Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatlarını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq...".
Dövlətimizin başçısı çıxışında bu zəfərin, bu qələbənin xalqımızın tarixində əbədi qalacağını, Azərbaycanın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail ola bildiyini vurğuladı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin hərbi güc hesabına azad edildiyini, bayrağımızın o doğma yurd yerlərində sancıldığını diqqətə çatdırdı. Bununla da bütün dünya Azərbaycanın güc-qüdrətinin şahidi oldu.
Ali Baş Komandan həmçinin bildirib ki, döyüşlərin şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, qəhrəmanlıq nümayiş etdirdi. Bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Beləliklə, 2020-ci il sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma müddəalarının ölkəmiz üçün ən sərfəli variantı belə hazırda Azərbaycanın əldə etdiyi üstünlüklə müqayisəyə gələ bilməz. Başqa sözlə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlət reallaşdırmaq istədiklərinin heç birini həyata keçirə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları isə tamamilə pozuldu.
Yaxşı xatırlayırıq, 30 illik sülh danışıqları zamanı Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-yə, o cümlədən, Şuşa şəhərinə girməsi, ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta, keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin böyük qələbə ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni bir reallıq yaratdı, Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar verilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı.
Şuşa şəhəri, Xocavənd, o cümlədən, Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam və Laçının geri qaytarılması isə Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə yekunlaşdı.
Bundan sonra, şübhəsiz ki, məcburi köçkünlərin dogma yurdlarına geri dönmələri ilə demoqrafik balans da tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.
Onu da vurğulayaq ki, Azərbaycanın böyük qələbəsi ilə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü, bütün məsələlərin yalnız respublikamızın ərazi bütövlüyü prinsipinə əsasən həlli gerçəkləşdi.
Burada bir məqamı da xatırlatmaq istərdik. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi sayəsində faktiki olaraq düşmən ölkə ilə Dağlıq Qarabağı yalnız 5 kilometrlik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri dayanmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən reallaşdırılacaq.
Bəli, Azərbaycan bütün bu uğurlara müharibədə, döyüşdə əldə etdiyi möhtəşəm qələbə ilə nail oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bu barədə dedi: "Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir…".
Dövlətimizin başçısı çıxışında diqqəti, eyni zamanda, işğaldan azad edilən torpaqlarımızdakı hazırki acınacaqlı mənzərəyə yönəldərək, bildirdi ki, belə vəziyyət düşmənin Azərbaycan xalqına nifrət hissi ilə yaşadığını göstərir. Yox, əgər belə deyilsə, onda işğal altındakı kənd və şəhərlərimizin yerlə-yeksan olunmasına, bütün binaların sökülməsinə nə ehtiyac var idi?! Yağılardan təmizlənən ərazilərimizin demək olar ki, 99 faizində yaşayış və ictimai binalar, məktəblər, xəstəxanalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz tamamilə dağıdılıb: "İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər".
Beləliklə, Azərbaycan tarixi zəfər yürüşü ilə özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələrini 44 gün ərzində darmadağın etdi. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan yararlanmaqla, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını sıradan çıxardı, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Beləcə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.


Seyidhüseyn Hüseynov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin sədri .


Tarix: 24-12-2023, 18:17